Qadin.NET / Yeni tikililərdə liftdə qalanlara niyə yardım edilmir?

Yeni tikililərdə liftdə qalanlara niyə yardım edilmir?

 

Müzəffər Baxışov: "Müraciət edən vətəndaşa yardım göstərmək Fövqəladə Hallar Nazirliyinin borcudur"

Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsindəki 84 saylı binada liftin xarab olması səbəbindən gənc oğlan köməksiz vəziyyətdə qalıb.
“Şərq” qəzetinin bu barədə yaydığı məlumatda bildirilir ki, sakinlər Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng vurublar.
Lakin “Qaynar xətt”dən bildirilib ki, bina təhvil alınmadığı üçün ora gələ bilməyəcəklər. Sakinlərə isə Yasamal Rayon İcra Hakimiyyətilə əlaqə saxlamaq məsləhət görülüb. Digər qurum da məsuliyyəti üzərindən atıb.
Maraqlıdır, bu cür binalarda təhlükə altında olan vətəndaş kimə müraciət etməlidir?
Hüquqşünas Müzəffər Baxışov deyir ki, binanın təhvil alınıb-alınmaması Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının köməyə gəlməsinə heç bir maneçilik törətməməlidir. Ekspertin sözlərinə görə, çətin və köməksiz durumda qalan şəxslərə kimliyindən asılı olmayaraq, əl uzatmaq müraciət olunan istənilən dövlət strukturunun borcudur:
“Binanın istifadəyə verilməsinin isə xüsusi prosedur qaydaları var. Bu yaxınlarda Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq, Nazirlər Kabineti həmin obyektlərin istifadəyə qəbul edilməsi üçün hansı sənədlərin tələb olunduğu barədə qərar verib. Həmin qərarda konkret sənədlər göstərilir. Sənədlərin biri binanın tikintisinə icazə verilməsi barədə sərəncamdır. Fövqəladə Hallar Nazirliyindən həmin binanın yanğın təhlükəsizliyinə cavab verməsi, Ekologiya Nazirliyindən binanın ekoloji tələblərə cavab verməsi və digər sənədlər tələb olunur. Binanı tikən şirkət həmin sənədləri alıb Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etməlidir. Lakin binanın istismara verilib-verilməməsindən asılı olmayaraq, Fövqəladə Hallar Nazirliyinə çətin vəziyyətdə qalmış şəxs barədə məlumat daxil olursa, onların bir vətəndaş və məmur olaraq borcudur ki, həmin şəxsin azad edilməsi barədə tədbir görsünlər”.

Mənbə:Milli.Az

 

13 noyabr 2014
GO BACK