Qadin.NET / Bu qatili siz görə bilməzsiniz, amma...

Bu qatili siz görə bilməzsiniz, amma...

 

Mütəxəssis: “İran sobaları yararsız deyil, sadəcə, bizim yerli şəraitə uyğun gəlmir...”

Havaların soyuması ilə dəm qazı kabusu yenidən insanları təhdid etməyə başlayıb. Lakin hər il bu mövzuda kifayət qədər ekspert tövsiyələri və xəbərdarlıqlar səslənsə də, faciəvi hallara gətirən eyni səhvlər təkrarlanır.
Qaz sobalarının evin damından yarım metr hündürdə quraşdırılmalı olduğunu deyən ekspert Nüsrət Qasımov qaz cihazlarının baş hissəsi ilə birinci dirsəyinin arasında yarım metr məsafə olmasının vacibliyini vurğuladı: 
“Qaz sobalarını bu işin ustaları quraşdırmalıdır. Hər adam gedib qaz sobası quraşdıra bilməz. Azərbaycan xalqı qazın ancaq faydalı tərəfini görə bilir. Onun dəhşət törədən, insanların canını alan tərəfini görə bilmir. Qaz etinasızlığı, laqeydliyi heç vaxt bağışlamır. Boğulma o zaman olur ki, qaz sızması baş verir. İnsan da bu mühitdə nəfəs alır və oksigen çatışmazlığından beyin hüceyrələri ölür. Bax bu boğulmadır. Amma zəhərlənmə qazın yanma məhsullarından əmələ gəlir. Bir kub metr qazın təmiz yanması üçün 9,5 kub metr hava lazımdır. O hava olanda qaz yanarkən istiliyə, su buxarına və karbon 4 oksidə ayrılır. Bu ayrılma-yanma prosesi düzgün gedəndə alınır. Düzgün getməyəndə isə karbon 4 oksid əvəzinə karbon 2 oksid alınır. Karbon 4 oksid zəhərsiz, karbon 2 oksid isə zəhərlidir. Qazı yanılı qoyub gecə yatmaq olmaz. Qazdan boğulma və zəhərlənmə hallarının 99 faizi ya vanna, ya da yataq otağında baş verir. Qazı gecə yanılı qoyub yatırlar, külək vurub yanma məhsullarını otağa doldurur”.
N.Qasımov qaz cihazlarının quraşdırılması üçün müəyyən standartların olduğunu bildirdi: “48 il qaz sahəsi ilə bağlı sistemdə işləmişəm. Tüstü bacaları, ventilyator kanalları təmizlənmir. Qaz cihazları harada gəldi quraşdırılır. Məsələn, hamamxanada qaz cihazı quraşdırmaq üçün hamamxananın təbii ventilyator kanalı olmalı və tüstü bacası işləməlidir. Qapının aşağısında da deşiklər olmalıdır. Bu şərtlər gözlənilməyəndə içəridə havanın oksigeni metanla bir yerdə yanıb qurtarır və dəm qazı əmələ gəlməyə başlayır. Bu ancaq o vaxt baş verir ki, tüstü bacaları işləmir. Azərbaycanda tüstü bacalarının 99 faizi, demək olar ki, işləmir. Çünki təmizlənmir. Hamamda quraşdırılan su qızdırıcıları rübdə bir dəfə, qeyri cihazların tüstü bacaları isə ildə bir dəfə təmizlənməlidir. Ancaq bu işə baxan bir qurum yoxdur ki, əhali gedib ora müraciət etsin. Əgər belə bir qurum varsa da, onun işi görünmür. Kommunal evlərdə bu işi mənzil istismar sahələri görməlidir. Mənzil İstismar Cəmiyyəti lazımsız bir qurumdur. Ancaq ev pulu yığmaqla məşğuldur. İnsanlara tövsiyə olunur ki, tanımadıqları, lisenziyası olmayan ustaları çağırıb iş gördürməsinlər. Hərə əlinə bir açar alıb qaz ustasıyam deyib düşüb küçələrə”.
Ekspert xaricdən gələn qaz cihazlarının bizim yerli qaz şəbəkələrə uyğun gəlmədiyini də dedi: “İrandan gələn peçlərin istilik təzyiqi 178 milli metr su tutumuna bərabərdir. Amma bizim kəmərlərdə standart 130 milli metrdir. Bəzən 130 milli metrdən də aşağı olur, bəzən nasos ustalarını çağırırlar. Onlar da bu sobaların avtomatikasını pozaraq qaz keçən yerini deşib yekəldilər. Beləcə, karbon 4 oksid əvəzinə karbon 3 hasil olur. Bu da insanların ölümünə səbəb olan hadisələrə gətirib çıxarır. Sonra da deyirlər ki, İran sobaları xarabdır. Xarab deyil. Sadəcə olaraq, bizim yerli şəraitə uyğun gəlmir. Daha sonra yas yerlərində çadırlarda, mağarlarda görmüşük ki, İran peçləri quraşdırıb onun ötürücüsünü qoyurlar bir vedrə suyun içinə. Bu, düzgün deyil. Bu kütləvi zəhərlənməyə səbəb ola bilər. Bu yaxınlarda Biləcəridə qaz sızması nəticəsində partlayış baş vermişdi. 100-200 min manat verib sexlər tikirlər. Amma 12 manat verib qaz siqnal aparatı qoymurlar ki, sızma olanda xəbər versinlər. Nəzərə alsaq ki, bir evə, bir mətbəxə 4,5 faiz metan qazı yığılır. Bu da o deməkdir ki, həmin məkanda istənilən vaxt partlayış baş verə bilər. Belə olan halda baş verəcək partlayışın zərbə qüvvəsi hər kvadrat metrə 400 tona çatır”.
Mütəxəssisin sözlərinə görə, əgər qazın iyi sarımsaq iyinə bənzəyirsə və otaqda gözləriniz yaşarırsa, dərhal qazı söndürmək və təmiz havaya çıxmaq lazımdır.

Mənbə:Milli.Az

 

13 noyabr 2014
GO BACK