Qadin.NET / Bakıda nadir təbiət hadisəsi

Bakıda nadir təbiət hadisəsi

"Bu, çox nadir hadisədir və bir neçə minillikdən bir qeydə alınır"
“Bakı hər zaman küləklər şəhəri hesab edilib, burada daim güclü küləklər müşahidə olunub. Lakin son illər Bakıda küləklərin şiddəti azalıb və istiqaməti dəyişib”.Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov APA-ya açıqlamasında deyib.
Bakıda əsən şiddətli küləklərin əsasən şimal və şimal-qərb istiqamətində olduğunu deyən R.Məmmədov qeyd edib ki, son vaxtlar onların şiddəti azalıb: "Küləklər əvvəlki kimi çox da şiddətli deyil. Bundan əlavə, paytaxtda əvvəllər müşahidə olunan şimal və şimal-qərb küləklərinin istiqaməti son illər dəyişərək şimal-şərqə keçib. Küləklərin şiddətinin azalması və istiqamətinin dəyişilməsi yalnız Bakıda müşahidə olunmur. Belə ki, Şimali Xəzər və Bakının daxil olduğu Orta Xəzər zonasında da şimal-qərb istiqamətli şiddətli küləklərin sürətinin azalması müşahidə edilib. Bu nəticələr son 20-30 ildə aparılan araşdırmalar nəticəsində ortaya çıxıb”.
İnstitut direktoru qeyd edib ki, bunun konkret səbəblərini demək mümkün deyil. Onun sözlərinə görə, dəyişikliyə əsasən eko-sistemdə gedən dəyişmələr səbəb olur: “Bakıda ən şiddətli küləklər şimal və şimal-qərb istiqamətli küləklər idi. İndi onların şiddəti azalıb və istiqaməti şimal, şimal qərbdən şimal-şərq istiqamətinə keçib. Bu isə eko-sistemdə böyük dəyişiklik deməkdir. Ona görə ki, belə hadisələr 100, 200 min ildən bir olan dəyişmələrdir. Belə dəyişmələr sonradan ətraf mühitdə başqa dəyişmələr yaradacaq. Bu, ciddi bir siqnaldır və ehtiyatlı olmaq lazımdır. Son 20-30 ildə küləyin şiddətinin azalma tendensiyası müşahidə olunur ki, bu da çox nadir hadisədir və bir neçə minillikdən bir qeydə alınır. Bu artıq regionun eko-sistemdə böyük dəyişikliyin olması haqqında bir siqnaldır. Belə hallar yağıntının miqdarını azalda, günəşli günlərin sayını çoxalda bilər. Hər halda bu dəyişmələri özü növbəti dəyişmələrə gətirib çıxaracaq”. 

Mənbə: Milli.Az

13 noyabr 2014
GO BACK