Qadin.NET / Revmatizm genetik də ola bilər

Revmatizm genetik də ola bilər

 

 

Havalar bir balaca soyuyan kimi soyuq və rütubət bir çox insanların həyatını kabusa çevirir. Boyun, bel tutulması, oynaqlarda, əllərdə, ayaqlarda ağrılar bir çox revmatizm xəstələrinin vəziyyətini daha da ağırlaşdırır.
Revmatizm "rehuma" sözündən əmələ gəlib, bədənin hər hansı bir mayesinin axışını, qanın getməsini bildirir. Revmatizm sümüklərə, oynaqlara, oynaq ətrafı toxumalara, hətta sinir köklərinə təsir edən bütün xəstəlikləri adlandırmaq üçün istifadə edilir. Başqa sözlə desək, əzələlərdə və xüsusilə oynaqlarda özünü göstərən ağrılı xəstəliklərin ümumi adıdır.
Bədənimizin hərəkət etməsini təmin edən əzələlər, sümüklər, oynaqlar, bu strukturları birləşdirən bağlar və dəstək toxumalarında ağrı və hərəkət məhdudluğuna gətirib çıxaran, bəzən şişlik və forma pozulmasına səbəb olan xəstəliklərə ümumiləşdirilmiş formada revmatizm deyilir. Revmatizm xəstəliyinin adı altında 100-ə yaxın xəstəlik müəyyən edilib.
Ağrı, bütün bədəndə mövcud spesifik alıcıları xəbərdar etmənin bir nəticəsidir. Bu xəbərdarlığın iki qaynağı - ağrı alıcılarının gərilməsi, uzanması ilə meydana gələn mexaniki xəbərdarlıq və iltihablanma yolu - ola bilər. Yəni bir iltihab zamanı meydana gələn kimyəvi xəbərdarlıq. Müəyyən zamanlarda təkraralanan, hərəkət edincə artan və sakitləşən mexaniki ağrılara artoz ağrıları, iltihabın artması ilə gecələr şiddətlənən, səhərlər isə sıxılmaqla birlikdə hiss edilən iltihabi ağrıları bir-birindən fərqləndirmək lazımdır.
Revmatoloq Şahnaz İbrahimovanın sözlərinə görə, revmatik ağrıların müxtəlif formaları var. Bu gün ən çox müşahidə edilən ağrılar osteoartrit, romatoid artrit, yumşaq toxuma revmatizmləri (boyun ağrısı, bel ağrısı), osteoporoz, akut oynaq revmatizması, spondiloartrit ağrılarıdır. Müsahibimiz bildirir ki, revmatizm xəstəliyinin əsas səbəbi məlum deyil: "Bəzən genetik uyğunluq - əgər ailədə revmatizm xəstəliyi varsa, digər nəsillər də daşıyıcı olur. Bununla yanaşı oynaqlarda yükü artıran köklük və ya damar quruluşunu pozan siqaret və spirtli içki kimi xarici faktorların təsiri ilə revmatizm əmələ gələ bilər".
Bəzi revmatizm xəstəlikləri ürək, ağciyər, böyrək, beyin və s kimi daxili orqanlara da təsir edə bilər. Bu zaman yaranan xəstəliklər yoluxucu xarakterli olmur.
Revmatizm xəstəliyi hər yaşda müşahidə edilə bilər. Buna görə də buna bir yaşlılıq xəstəliyi kimi baxmaq olmaz. "Bütün xəstəliklərdə olduğu kimi revmatizm xəstəliklərində də erkən diaqnoz və müalicə çox əhəmiyyətlidir. Revmatizm xəstəliyini müəyyənləşdirmək çətin olsa da, yaxşı bir revmatoloqun daimi müşahidəsi əziyyət çəkdiyiniz xəstəliyin revmatizmlə əlaqəli olduğunu müəyyən edə bilər".
Həkimin dediyinə görə, bəzən insanlar illərlə müxtəlif ağrılardan şikayətlənir, bu ağrıları aradan qaldırmaq üçün müxtəlif müalicələr alırlar. "Ən sonda yadlarına revmatoloqa müraciət etmək düşür ki, bu da çox zaman gec olur".
Revmatizm xəstəlikləri çox zaman vaxtında müəyyənləşdirilə bilinmədiyi üçün xronikiləşir.
Bu xəstəlikləri qavramaq üçün hərəkət sisteminin skelet, oynaqlar və oynaq ətrafı strukturlar - anatomiyasını bilmək lazımdır. Kompüter tomoqrafiyası, nüvə maqnetik rezonans kimi yeni araşdırma üsullarının meydana gəlməsi ilə revmatoloji xəstəliklərin diaqnozunda böyük irəliləmələr müşahidə edilir. "Revmatoloji xəstəliklərin bir çoxunun ortaya çıxmasında iltihablanma böyük rol oynayır. İltihab normal hallarda bədənin xarici faktorlara qarşı inkişaf etdirdiyi müdafiə etmə mexanizmidir. İltihab olan bölgədə ağrı, istilik, qızarma, şişmə müşahidə olunur və həmin hissəni hərəkət etdirməkdə çətinlik yaranır".
Müsahibimiz bildirir ki, ev şəraitində revmatik xəstəlikləri sağaltmaq mümkün deyil. Revmatik xəstəlikər erkən müəyyən edilməli və müalicə olunmalıdır. Əks təqdirdə, digər daxili orqanlara nüfuz edə bilər ki, bu da müəyyən fəsadlarla nəticələnər.

Mənbə: Milli.Az

12 noyabr 2014
GO BACK