Qadin.NET / Necə yatırıqsa, eləyik

Necə yatırıqsa, eləyik

 

Yatmaq pozası insanın daxili aləmini, həyat tərzini, davranışını, xasiyyətinin gizli məqamlarını göstərə bilər. Bədən dilində insan haqqında 80 faiz informasiya əks olunur. Xüsusilə də, gecə yatanda insan öz bədəni üzərində nəzarəti itirir və öz əsl "mən"ini büruzə verir. Oyaq olan vəziyyətdə insan öz hərəkətlərini idarə etsə də, yatanda bunu edə bilmir. Psixoloq Jalə Həmidlinin sözlərinə görə, yuxuda olarkən hərəkətlərimiz qorxu, həyəcan və düşüncəmizi büruzə verir: "Yatanda hansısa bir pozanı seçsək də, oyananda tam başqa pozada ola bilərik. Belə ki, yatarkən insan 25-dən 30-a qədər bədən dilini dəyişir. Əgər şəxs xəstədir və nədənsə narahatdırsa, stress vəziyyətindədirsə, 100 dəfə və daha çox o tərəf-bu tərəfə çevrilə bilər. Lakin bütün bu hərəkətlər bir-birinə oxşayır və əsas təxminən 10 yatmaq pozası fərqləndirilir. Digər hərəkətlər isə həmin pozaların oxşarı olur. Əsas yatmaq pozaları da "Alfa" və "Omeqa" pozlarına bölünür. "Alfa" poza başlanğıc, yuxuya tezə getdiyimizdəki bədənimizin vəziyyətidir. "Omeqa" yatmaq tərzi isə özümüzü rahat hiss etdiyimiz vəziyyətdir. Yuxu boyu bir neçə dəfə həmin vəziyyətə qayıdırıq. Əksər hallarda səhər yuxudan oyananda da "Omeqa" vəziyyətində oluruq. "Omeqa" vəziyyətinin 4 əsas növü var: Embrion, yayılmış, belüstü, yarı embrion". Embrion vəziyyəti dölün ana bətnindəki vəziyyətidir. Bu vəziyyətdə yatmağı xoşlayan insan yanüstü uzanır, bədənini yay şəklində əyir, ayaqlarını dizdən bükür və bacardıqca çənəsinə daha çox çatdırır. Üzünü və bədəninin mərkəzini gizlətməyə çalışır. Ayaqlarını əlləri ilə qucaqlayaraq özünü bir növ dairəyə alır. Daxili orqanlarını gizlətməyə çalışan yatan şəxs bəzən yastığı və ya yorğanı da qucaqlayır. Adətən belə adamlar yatağın yuxarı hissəsində uzanır və üzlərini divardan əks tərəfə çevirir. Psixoloq izah edir ki, embrion tərzində yatmağı xoşlayan insanlar bükülmüş qönçəyə bənzəyir: "Onlar özlərini həyatda baş verən hadisələrdən gizlədir. Öz daxili imkanlarından yetərincə istifadə etmir. Yatarkən öz bədən dili ilə özlərini qorumaq istədiklərini nümayiş etdirirlər. Oyaq olduqda da, gizli olsa da, bu, həyat tərzlərində əks olunur. Özlərini müdafiə etmək üçün kimisə axtarırlar. Məsələn, valideynlərindən birini və ya hər ikisini, bacı və ya qardaşını, həyat yoldaşını, uşaqlarını, qohumunu və s. özlərinə dayaq görə bilərlər". Onlar arxalandığı insan ətrafında öz həyatını qurur, ona böyük məna verirlər. Kimdənsə asılı olmağa uşaqlıqdan vərdiş ediblər və bu, onlar üçün bir təhlükəsizliyin qorunması qaydasıdır. Müsahibimizin dediyinə görə, çarpayıda yayılıb yatmaq insanın gözlənilməz hadisələrdən qorunmaq istəyini göstərir: "İnsan üzüaşağı uzanır, əllərini başından yuxarı qaldırır, ayaqlarını düz saxlayır və dartır, pəncələrini əks tərəflərə çevirir". Yayılmış vəziyyətdə yatan insan çarpayıda bacardıqca daha çox yer tutmaq istəyir. Əgər şəxs çarpayının böyük bir hissəsini tuta bilmirsə, özünü zəif və aciz hiss edir. Bu tərzdə yatan insanlar öz həyatlarına və baş verən hadisələrə nəzarət etmək istəyirlər. Onlar küsəyən olur. Öz həyatlarını planlaşdırır. İntizamlı, səliqəli olurlar. Məqsədyünlü olan belə adamlar öz istəyinə çatmaq üçün çalışırlar. Belüstə yatanlar əllərini bədəninin yanına uzadır, ayaqlarını sərbəst saxlayır. Belüstə yatanlar özünə əmin və sözü üzə deyən olurlar. Onlar düzgün insan olsalar da, bəzən kobudluq göstərirlər. Real həyatda onlar ya məqsədlərinə çatan lider, ya da tərs adamlardır. Onları öz fikrindən döndərmək çətin olur. Belə adamlar həyatın istənilən sahəsində üstün olmağı xoşlayırlar. Fəaliyyyətlərindən asılı olmayaraq, belüstə yatanlar özlərini tam təhlükəsiz vəziyyətdə hiss edirlər. Güclü şəxsiyyət olur və özlərinə inanırlar. Əgər belüstə yatan şəxs çarpayının mərkəzini tutmağa çalışır və üzü yuxarıdırsa, səliqəliliyi ilə fərqlənir.
Yarı embrion vəziyyəti tez-tez rast gəlinir. Solaxaylar sol tərəfdə, sağ tərəfi inkişaf edənlərsə sağ tərəfdə bükülüb yatır. Bu vəziyyətin üstünlüyü yatan şəxs üçün rahatlığındadır. Yarı embrion vəziyyətdə ayaqlar dizdən bir qədər büküldükdə bədən istini daha yaxşı saxlayır. Bununla belə, hava sərbəst bədən ətrafında dövr edir. Bədənin mərkəzi və ürək yaxşı müdafiə olunur. Bu vəziyyət yatarkən rahat hərəkət etməyə imkan verir. Bir tərəfdən o biri tərəfə fırlanmaq asan olur. Embrion, belüstündə və yayılmış pozalardan fərqli olaraq bu pozada bədənin rahatlığını pozmadan çevrilmək daha çətin olur.
Bu, onu göstərir ki, yarı embrion vəziyyətində yatanlar həyatdakı dəyişikliklərə yaxşı adaptasiya olur. Əksər hallarda bu vəziyyətdə yatanlar etibarlı olur və emosiyalarını cilovlaya bilir. 

Mənbə: Milli.Az

 

12 noyabr 2014
GO BACK