Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov APA-ya açıqlamasında deyib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin iqlim dəyişmələri ilə bağlı hesabatında iqlim dəyişməsindən ən çox ziyan çəkəcək 39 ölkənin adı çəkilir. Azərbaycanın da həmin siyahıya düşdüyünü deyən institut direktoru qeyd edib ki, ölkənin coğrafi mövqeyi iqlim dəyişmələrinin təsirlərinə həssasdır. R.Məmmədov vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlimlə bağlı hazırladığı sonuncu hesabatda ekstremal halların sayının çoxalacağı qeyd olunub: “Yəni, güclü yağışların yağması, tufanların olması kimi halların sayı çoxalacaq. Bir mövsümdə, məsələn, yayda həm 40 dərəcə isti, həm də 0 dərəcə şaxta görə biləcəyik. Belə hallar olacaq. Fəsil anlayışı - payız, qış, yaz, yay yox olacaq və tarixə çevriləcək”. Direktorun sözlərinə görə, BMT-nin hesabatında kənd təsərrüfatı məhsuldarlığının, xüsusən buğda məhsullarının azalacağı bildirilib. O qeyd edib ki, iqlimin dəyişməsi katastrofik hallara gətirib çıxaracaq və bundan da ən çox kasıb, dənizlərin, okeanların sahil zonasında yerləşən ölkələr ziyan çəkəcək. R.Məmmədov əlavə edib ki, BMT-nin bu hesabatı gələcək 30-50 il üçün nəzərdə tutulub.
Mənbə: Milli.Az