Qadin.NET / Bakı bulvarında möhtəşəm sürpriz

Bakı bulvarında möhtəşəm sürpriz

 

 

Yeni il ərəfəsində Bakı bulvarında bir çox yeniliklər olacaq. Bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovanspress-ə məlumat verib. Qurum rəsmisinin sözlərinə görə, bakıllar və şəhərin qonaqları bayram ərəfəsində bulvardan xüsusi zövq alacaqlar. “Hər il olduğu kimi bu il də Bulvar İdarəsi olaraq bayrama xüsusi hazırlaşırıq. Bayram ərəfəsində bulvara gözəllik verəcək yeni şaxtaya davamlı güllər, çiçəklər, kollar, ağaclar əkilir. Şaxtaya davamı olmayan ağaclar və kollların üstü örtülür. Eləcə də, qışda havanın dəyişməsilə əlaqədar bütün hazırlıq işləri görülür. Bu mövsümdə yağıntı çox olduğu üçün bulvar ərazisində bütün kanalizasiya sistemi təzələnir. Drenajların ağzı açılır və təmizlənir”, - deyə Nazim Məcidov bildirib. Qurum rəsmisi deyir ki, qış aylarında xüsusi texnikalar artıq hazır vəziyyətdədir: “Qarı təmizləyən, buzu yaran maşınlarımız var. Həmin avtotexnika saz vəziyyətə gətirilib”. Nazim Məcidovun sözlərinə görə, Yeni il gecəsi bulvar gecədən səhərə qədər əhalinin qulluğunda duracaq: “İnsanların əyləncəsini təşkil etmək üçün yeni ilin son günləri və ilk günlər gücləndirilmiş iş rejimində çalışacağıq. Təkcə bulvar idarəsinin işçiləri deyil, bu ərazidə fəaliyyət göstərən özəl şirkətlər, sahibkarlar, obyektlər həmin dövrdə gücləndirilmiş iş rejimində işləyəcək. Biz onların qarşısında şərt qoymuşuq ki, bayram günlərində obyektlərini tez açsınlar və daha gec bağlasınlar. Hətta bir çox obyekt nə qədər tələbat olacaqsa, çalışacaq. Dekabrın son günləri və yeni ilin ilk günləri bulvarda bir çox xidmətlər dayanmadan çalışacaq”. Bundan başqa, bulvarda insanların istirahəti üçün yeni imkanlar yaranır. Nazim Məcidovun sözlərinə görə, yeni il bayramı ərəfəsində insanların xüsusi zövq alacağı əyləncələrdən biri də dəniz gəzintisi olacaq: “İndiyə qədər dəniz gəzintisi olub. Lakin Bulvar İdarəsinin öz gəmiləri təzə fəaliyyətə düşüb. Bundan əlavə, təzə gəmi də almışıq. Yeni alınan gəmi 650 nəfərlikdir. Həmin gəmi havanın necə keçməsindən asılı olmayaraq xidmət göstərir. Qara, yağışa, şaxtaya, istiyə baxmayaraq həmin gəmidə rahatlıq tam təmin olunur. Səyahət zamanı gəmidə dadlı yeməklər, isti və soyuq qəlyanaltılar, fastfood və s. verilir. Gəmidə insanların əyləncəsini təmin etmək üçün hər şey var. Monitorlarda əyləncəli proqramlara, maraqlı filmlərə baxa bilərlər. Əyləncəli oyunlar oynaya bilərlər. Musiqilər dinləyə bilərlər”. Qeyd edək ki, bulvara gələnlərin ən sevimli əyləncələrindən biri də attraksionlardır. Hazırda bulvarda 26 ədəd attraksion fəaliyyət göstərir. 2008-ci ilə qədər onların sayı 41 olub. Lakin sonradan köhnələri ləğv edilib. Onların 90 faizi bulvar ərazisindən çıxarılıb. Qalanları isə təmir olunub. Nazim Məcidov deyir ki, bayramda bulvarda əlavə 2 yeni attraksion istifadəyə veriləcək: “İtaliyadan iki yeni attraksion gətirilib. Onların biri Yevrosinq, digəri isə Tubstinq adlanır. İnşallah, həmin attraksionlar quraşdırılandan sonra ətraflı məlumatlar veriləcək”. Bulvar ərazisində attraksionların qiyməti 1 manatdan 5 manata qədərdir. Nazim Məcidov deyir ki, il ərzində bir neçə dəfə 12 yaşına qədər olan uşaqlar üçün xüsusi günlərdə pulsuz əyləncələr təşkil edilib. Yeni il bayramı ərafəsində uşaqlar üçün xüsusi sürpriz hazırlanır. Yeni ilin sevimli atributlarından biri də Şaxta baba və Qar qızdır. Bu bayram da həmin atributlar bulvarda gəzənləri əyləndirəcək. “Bulvar ərazisində hər il olduğu kimi bu il də azı 10 yerdə bayram yolkası qurulacaq. Həmin yolkaların yanında da Şaxta baba və Qar qız olacaq. Artıq bir neçə ildir ki, təxminən eyni insanlar bu obrazları canlandırmaq üçün müraciət edirlər. Lakin kim istəsə, bizə müraciət edə bilər. Bunun üçün xüsusi heç nə tələbə olunmur. Təkcə Şaxta babaların boyu 180-dən az olmamalıdır. Qar qızları da incə bədən quruluşlu və gözəl simalı olmalıdır. Azərbaycan dilində səlist danışmalıdırlar”, - deyə Nazim Məcidov bildirib. 

Sonda Bulvar İdarəsinin rəsmisi əhalidən təmizliyə və bəzi təhlükəsizlik təlimlərinə əməl etməyi tövsiyyə etdi.
“Biz Bulvar İdarəsinin rəhbərliyi adından əhaliyə müraciət edirik ki, gəzinti zamanı diqqətli olsunlar. Qayda-qanunlara əməl etsinlər. Bulvarın hər yerində kifayət qədər zibil qutuları var. Əllərindəki zibilləri yerə atmasınlar. Saqqızları, günəbaxan tumlarını və qabıqlarını yerə tökməsinlər. İt sahiblərindən xahiş edirik ki, heyvanları kəmərlə və ağzını xüsusi qoruyucu ilə bağlasınlar. İtin ifrazatını insanların ayaqları altına tökməsinlər. Dəniz kənarında suya düşməsinlər. Uşaqları nəzarətsiz buraxmasınlar. Attraksionda əylənərkən uşaqlara diqqət yetirsinlər”, - deyə Nazim Məcidov əlaqə edib.

Mənbə: Milli.Az

12 noyabr 2014
GO BACK