"Mən Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisiyəm. Səhhətimlə əlaqədar artıq gələn ildən işimi icra edə bilməyəcəm. Eşitmə qabiliyyətim zəif olduğu üçün öz xahişimlə işdən çıxmalı olacam. Qanuna əsasən, 25 illik əmək fəaliyyətindən sonra fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüdə 120 və ya 200 manat əlavə olunur. Mənim əmək təcrübəm isə 22 ildir. Aydınlaşdıra bilərsinizmi, mənim təqaüdümün miqdarı nə qədər olacaq?" Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına məktub göndərən oxuculardan biri qeyd edib. Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərib. Bir neçə gün sonra isə belə bir cavab gəlib: "Əmək təqaüdləri haqqında Azərbaycan Respublikası qanununa əsasən, vətəndaşlara təqaüd təyin olunarkən təqaüdün sığorta hissəsi iki hissəyə bölünür. İki faktor əsas götürülür: iş stajı və 2006-cı ilin 1 yanvar tarixindən sonra ödənilmiş sosial sığorta məbləği. Beləliklə, təqaüdün ümumi məbləği sığorta hissəsindən və baza hissəsindən təyin olunur. Əmək təqaüdləri haqqında qanunun 19.3-cü maddəsinə əsasən, əmək kitabçasında elmi-tədqiqat müəssisəsində və ya təhsil müəssisəsində 25 il iş təcrübəsi barədə qeydlər varsa, təqaüdün baza hissəsinə əlavələr olunur. Elmlər doktoru elmi dərəcəsi olanlara 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 120 manat əlavə olunur".
Mənbə: Milli.Az