Qadin.NET / Allergiyanın qarşısını almaq istəyirsinizsə.

Allergiyanın qarşısını almaq istəyirsinizsə.

 

Astma, allergik rinit, allergik ekzema, qidadan, dərmanlardan, böcək sancmasından allergiyalarla yanaşı, quş tükündən hazırlanan yastıqlar da allergiyaya şərait yaradır. 

Mütəxəssislər uşaqları allergiyadan qorumaq üçün bir sıra tövsiyələr irəli sürürlər. Məsələn, ev tozu, gözlə görünməsi mümkün olmayan 0,3 millimetr ölçüsündə olan xırda canlılar astma və allergiyaya səbəb olan amillərdəndir. 
Yataq, yastıq və yorğanın quş tükündən olmaması məsləhətdir. Ev tozunda olan canlılar əsasən nəmli mühitdə, 25-30 dərəcə temperaturda və daha çox xalça, yataq dəstləri, tüklü və yun əşyalar, tüklü oyuncaqlar, parça döşəməli əşyalarda artıb çoxalırlar. 
Allergiyadan xilas olmaq üçün, ilk növbədə, ekoloji qorunma tədbirlərindən - xəstənin istifadə etdiyi yataq otağından başlamaq lazımdır. Yataq otağındakı xalçalar yığışdırılmalıdır. Əgər xalçanı götürmək mümkün deyilsə, yun xalçadan deyil, qısa tüklü, sintetik xalça və ya kilimdən istifadə etmək tövsiyə olunur. 
Divarda xalçanın olması da məsləhət deyil. 
Yataq üzləri, yastıq örtükləri 60 dərəcə temperaturda isidilmiş suda yuyulmalı, həftədə 1-2 dəfə dəyişdirilməlidir. 
Ədyal və yorğanlar ayda 1 dəfə yuyulmalı, yun ədyaldan mümkün qədər istifadə olunmamalıdır. 
Tozsoranla tez-tez otağı təmizləmək və bu əsnada allergiyalı uşağı otaqdan çıxarmaq lazımdır. Yataq otağı tez-tez havalandırılmalıdır. 
Pərdələrin toz götürməyən, tez yuyula bilən parçadan olması şərtdir. Çünki məxmər kimi ağır pərdə allergiyaya şərait yaradır. 
Kürklər, yun jaket və sviterlər yataq otağında yox, qapalı şkafda uyğun şərtlərdə saxlanılmalıdır. 
Tüklü və ya içi doldurulmuş oyuncaqlar əsl allergiya mənbəyi olduğu üçün bu oyuncaqlar həftədə 1 dəfə paltaryuyan maşında 60 dərəcə temperaturda yuyulmalı və soyuducunun dərin dondurucusunda bir gecə qoyulmalıdır. 
Mövsümi olaraq ağaclardan, yabanı otlardan qaynaqlanan çiçək tozları da allergiya törədir. Bu səbəbdən həmin mövsümdə qapı-pəncərələr mümkün qədər bağlı qalmalıdır. Yaxşı olardı ki, uşaqların havada çiçək tozu çox olan zaman çölə çıxmasını məhdudlaşdırasınız. 
Otaqda saxsı qablar, bitkilər azaldılmalıdır. Ev günəş şüası görməli, rütubətsiz və işıqlı olmalıdır. Mətbəx və ləyənlər vaxtaşırı təmizlənməli, duş pərdələri tez-tez dəyişdirilməlidir.
Mənbə: Milli.Az

 

12 noyabr 2014
GO BACK