Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Həmin müddətdə Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 14-18 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarımadasında noyabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, Lənkəran-Astara rayonlarında az yağış yağma ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.
Mənbə: Milli.Az