Bu gün Bakıda Türk dünyasının atası sayılan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü qeyd olunub. ANS PRESS-in məlumatına görə, tədbirdə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Sadettin Topukçu, türkiyəli iş adamları və digər ziyalılar iştirak edib. Türkiyə səfirliyindəki bayrağın yarıyadək endirilməsi ilə başlayan mərasimdə Atatürkün xatirəsi sükutla yad edilib. Daha sonra Nuri Paşa salonunda davam edən tədbir zamanı iki ölkənin himnləri səsləndirilib və Atatürklə bağlı qısa film nümayiş etdirilib.
Qeyd edək ki, Mustafa Kamal Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. O, 1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edib. Şərəfli tarix yolu keçən Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da vəfat edib. Onun məzarı Türkiyənin paytaxtı Ankara şəhərindədir.
Mənbə: ANS PRESS