"İnanırıq ki, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında bayrağımız, Füzulidə, Şuşada və digər işğal olunmuş torpaqlarımızda dalğalanacaq." ANS PRESS-in məlumatına görə, bu fikir Horadiz şəhərindəki Bayraq Meydanında 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən ümumrayon tədbirində səslənib.
Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, icra nümayəndəliklərinin, bələdiyyə sədrlərinin, rayon ərazisindəki N saylı hərbi hissənin əsgər və zabitlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı günü kimi qeyd olunduğunu diqqətə çatdırıb, tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. O, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Milli bayraq haqqında qərar qəbul etdiyini vurğulayaraq bildirib ki, prezident İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılış mərasimində iştirak etməsi və 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması dövlət başçısının Azərbaycan Respublikasının rəmzlərinə və atributlarına nə qədər hörmətlə yanaşdığını və dəyər verdiyininin əyani sübutudur. Vurğulanıb ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bu gün Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanın üçrəngli bayrağının dünyanın ən aparıcı tribunalarında, ən ali tədbirlərində dalğalanmasını təmin edib. A.Alıyev deyib ki, dövlət rəmzlərimizə göstərilən bu münasibət ölkəmizdə insanların azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını təmin edir. Tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır. Dövlətimizin başçısının milli ideallara bağlılığı üçrəngli bayrağımıza münasibətdə də açıq-aydın görünür. Tədbir ictimaiyyət nümayəndələrinin Bayraq Meydanında gəzintisi ilə başa çatıb. Xatırladaq ki, bu il avqustun 28-də ölkə prezidenti İlham Əliyev rayona səfəri zamanı Horadiz şəhərində Bayraq Meydanının açılışı olub.
Mənbə: ANS PRESS