Qadin.NET / Paytaxtdan köç başladı

Paytaxtdan köç başladı

 

Azərbaycanda 3 gün qeyri-iş günü ilə əlaqədar bu gündən Bakı Beynəxalq Avtovağzalında sərnişin sıxlığı az da olsa müşahidə olunur. Qeyri-iş günlərindən istifadə edənlər bir neçə günlük də olsa şəhərdən çıxmağa çalışırlar.
Anspress-in müşahidələri zamanı da kiminin biletini alıb yol tədarükünü gördüyünü, yola hazırlaşdığını, kiminin də saatlarla avtovağzalda dayanıb avtobus gözlədiyini gördük. Digər bayram günlərindən fərqli olaraq sərnişinlər bu günlərdə bilet ala bildiklərini deyirlər. Lakin bilet almadan səyahət etmək istəyənlər də az deyildi.
“Əşşi, bileti neyləyirəm? İndi sürücü ilə danışmışam. Gəncəyə getmək üçün iki nəfərə 15 manat verəcəyəm. Bilet alsaydım, 12 manat olacaqdı. Amma bir də durub bilet axtarmağa həvəs yoxdur. Sürücü tanış adamdır. İndi onu gözləyirik”, - deyə Əhməd Nuriyev adlı sərnişin bildirib.
Ümumilikdə isə digər bayram günlərindən fərqli olaraq avtovağzalda vəziyyət çox da acınacaqlı deyildi. Əsas odur ki, gələn avtobuslarda yerlər tam dolur. Sərnişinlər isə yerdə qalmır. Bu barədə Beynəlxalq Avtovağzalın növbə rəisiMəhəmməd Abdullayev anspress-ə açıqlamasında bildirib. Növbə rəisi deyir ki, adi günlərə nisbətən bu gün səhərdən müəyyən qədər aktivlik müşahidə olunsa da, başqa bayram günlərindəki kimi sərnişin sıxlığı pik həddə deyil.
“Adi günlərdə 6-7 min sərnişin daşınırdısa, 3 gün ərzində bu rəqəmin 10 min olacağı gözlənilir. Bu günlərdə avtobuslarda 25-30 yerin hamısı dolur. Heç kim yerdə qalmır. Hazırda ərazidə 400 nəqliyyat vasitəsi işləyir. Lazım gələrsə, artırıla bilər, amma güman edirəm ki, buna ehtiyac qalmayacaq”, - deyə Məhəmməd Abdullayev bildirib.

Mənbə: Milli.Az

 

8 noyabr 2014
GO BACK