Qadin.NET / Bələkdəkilərə dərs

Bələkdəkilərə dərs

 

Bələkdəkilərə dərs

Bu il ilk dəfə olaraq orta ümumtəhsil məktəblərində məktəbəqədər təhsil qrupları təşkil edilib. Lakin bu qruplarda hələlik yalnız 5 yaşı tamam olan və Bakıda yaşayan uşaqlar iştirak edə bilərlər. Belə qrupların təşkil edildiyi 7 saylı orta məktəbin direktoru Könül Həsənovanın sözlərinə görə, bu məktəbdə qruplar Azərbaycan və rus bölmələri üçün ayrı-ayrılıqda təşkil olunub. Qrupların hər birində 15 uşaq təhsil alır. Hər bir qrupun təhsil müddəti 8 ay davam edir və ildə 2 dəfə qəbul keçirilir. Direktor təhsilin ödənişli olduğunu (ayda 40 AZN) bildirib. Onun sözlərinə görə, təhsil müddətində uşaqlara bədii təfəkkürün inkişafı, nitqin inkişafı, musiqi, fiziki mədəniyyət, ətraf aləmlə tanışlıq kimi fənlər tədris olunur. Bu fənlərin uşaqlara əyləncəli oyunlarla tədris edildiyini deyən direktor tədris bitəndə uşaqların mənimsəmə səviyyəsini yoxlamaq üçün imtahanın təşkil ediləcəyini də bildirib. “Yüksək nəticə göstərən uşaqlar “istedadlı uşaqlar” qrupuna daxil ediləcəklər və 5 yaşından birinci sinifdə təhsil ala biləcəklər”, - deyə o əlavə edib. O həmçinin qeyd edib ki, yoxlamadan sonra yaxşı nəticə göstərən uşaqlara sertifikatın və ya hər hansı sənədin verilməsi, həmçinin müsbət nəticə göstərə bilməyən uşaqlar haqqında nə Bakı Şəhər Təhsil İdarəsindən, nə də ki, Təhsil Nazirliyindən heç bir təlimat verilməyib. Halbuki, Bakıda bəzi məktəblərdə yaxşı nəticə göstərən uşaqlara sertifkatların veriləcəyi bildirilib. Bu sertifikatlardakı göstəricilər isə həmin uşaqların birinci sinfə qəbulu zamanı nəzərə alınacaq. Lakin təhsil üzrə mütəxəssis Əşrəf Hümmətovun fikrincə, bəzi uşaqları başqalarından belə ayırmaq düzgün deyil. “Əgər biz inkluziv təhsil haqqında danışırıqsa, belə bir sistemin tətbiq edilməsi yanlışdır. Uşaqların fərqləndirilməsi “seçilməyən” uşaqlara psixoloji təsir edir. Bu, gələcəkdə uşaqlarda özünəinam kimi xüsusiyyətlərin formalaşmasına mənfi təsir edə bilər", - deyə o əlavə edib. ANS PRESS-in əməkdaşının Nərimanov rayonundakı məktəblərdən birində təhsil alan şagirdlərdən birinin valideyni ilə söhbəti zamanı valideyn bildirib ki, onun övladı birinci sinfə getmək üçün heç bir ödənişli kursa getməyib. “Oğlumun sənədlərini qəbul edəndən sonra onun gələcək müəlliməsi yayda 2 ay - həftədə bir neçə gün olmaqla ödənişsiz kurslar təşkil edib. Bu kurslar sayəsində də uşağım dərs başlayanda psixoloji və bilik cəhətdən məktəbə getməyə hazır idi. Gələn il isə ikinci oğlum məktəbə gedəcək. İndi uşaqların dərsləri çox ağırlaşıb. Hamı uşağını tanıdığı, “yaxşı ad çıxarmış” müəllimin sinfinə qoymaq istədiyi üçün sinifdə şagirdlər də çox olur – 30 nəfər. 45 dəqiqə ərzində isə müəllim bütün uşaqlarla məşğul olmağı çatdıra bilmir. Nəticədə valideyn məcbur olur ki, birinci sinif uşağını hazırlığa qoysun. Birinci sinifdən uşaq həm dərsə getməli olur, həm də hazırlığa. Buna görə uşaqlar çox yorulurlar, dərslərini vaxtında çatdıra bilmirlər”, - deyə valideyn bildirib. Təhsil üzrə mütəxəssis Əşrəf Hümmətovun da fikrincə isə istər məktəbəqəədr, istərsə də məktəb dərsləri 5-6 yaşlı uşaqlar üçün ağırdır. “Azyaşlı uşaqların enerjisi çox olduğu, əylənmək istədikləri halda parta arxasına oturaraq sırf dərslə məşğul olmaları düzgün deyil. Və dərs arası fasilələr uşaqların yorğunluğunun aradan qaldırılması üçün kifayət etmir”, - deyə Əşrəf Hümmətov əlavə edib. Ekspert sözündən belə çıxır ki, körpə uşaqların həddindən artıq dərslə yüklənməsi əks effekt verə bilər. Necə deyərlər qaş qayırdığımız yerdə vurub göz çıxarda bilərik. 

Mənbə: ANS PRESS

7 noyabr 2014
GO BACK