Təhsil Nazirliyi uzun müddətdir müzakirə olunan dərs ilinin uzadılması məsələsi ilə bağlı qərarı açıqladı. Ümumtəhsil məktəblərində dərslər mayın 31-də yox, iyunun 14-də başa çatacaq.
Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin uzadılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib.
APA-nın verdiyi xəbərə görə, dəyişikliyə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Yeni dəyişikliyə əsasən, dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər belə olacaq: 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən, respublikanın bütün ərazisində, yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.
Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəblərində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatıb. Dərs ili 15 sentyabr - 29 dekabr və 6 yanvar - 31 may olmaqla iki yarımilə bölünüb. Dərs ili ərzində 6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (30 dekabr - 5 yanvar), 8 gün yaz tətili (17-24 mart) və birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilib.
Son dəyişikliklərə münasibət bildirən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, yeni qaydalar cari tədris ilinə şamil edilməyəcək: “2014-2015-ci tədris ili may ayının 31-də yekunlaşacaq, tətil və digər məsələlər köhnə təqvim planına uyğun olaraq keçiriləcək. Ancaq 2015-2016-cı tədris ili sentyabr ayının 15-dən başlayacaq və iyun ayının 14-də başa çatacaq”.
Yeni qaydaların zərurətindən danışan C.Valehov bildirdi ki, bu çox vacib bir hadisədir: “Bu, təhsilin inkişafı üzrə dövlət strategiyasına uyğun olaraq görülən tədbirlərdən biridir. Dünyada tədris ilinin uzun olması bütün ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu həm də kurrikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biridir. Avropa Birliyinə aid olan və dünyanın müasir, inkişaf etmiş ölkələrində tədris ili bizim tədris ilindən ən azı 4-6 həftə uzundur. Onlarda ümumtəhsil məktəblərində orta təhsilin müddəti də 12-13 il, hətta 14 il hesablanır. Tədrisin daha uzunmüddətli olması və daha çox təhsil inkişafa yönəlmiş addımlardan biridir. Burada ancaq müsbət cəhətləri görmək mümkündür”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü düşünür ki, yeni qaydalar tədris planının bütünlüklə həyata keçirilməsini təmin edəcək: “Çünki bizim təqvimdə çoxlu sayda bayram tətilləri və qeyri-iş günləri olduğundan bu, orta məktəblərdə tədris planının tam şəkildə həyata keçirilməsinə mane olur. Mövzuların birləşməsi, yazı işləri və onlar üzərində səhvlərin təhlili işinin aparılmaması, yekun dərslərin keçirilməməsi kimi məsələlər şagirdin biliyinin obyektiv qiymətləndirilməsinə təsir edən amillərdəndir. Mən düşünürəm ki, tədris ilinin uzadılması tədris proqramlarında olan kəsirlərin aradan qaldırılmasına xidmət edəcək”.