Qadin.NET / Ermənilərə zəmanət verdik

Ermənilərə zəmanət verdik

Ermənilərə zəmanət verdik
Azərbaycan 2015-ci ilin yayında Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni idmançıların təhlükəsizliyini təmin etməyə hazırdır.ANS PRESS-in məlumatına görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.“Biz Avropa Oyunlarının bütün iştirakçılarının, o cümlədən Ermənistan nümayəndələrinin təhlükəsizliyini təmin edirik”, deyə Hüseynzadə bildirib və əlavə edib ki, bu məsələ ilə müvafiq dövlət qurumları məşğul olur.Onun sözlərinə görə, Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ölkədə müntəzəm olaraq xüsusi tədbirlər görülür. Hüseynzadə erməni azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı sualı da cavablandırıb: "Əgər kimsə öz idmançılarını dəstəkləmək üçün Bakıya gəlmək istəyirsə, biz təbii ki, onların təhlükəsizliyini də təmin etməyə hazırıq". Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “The Washington Times” qəzetinə verdiyi müsahibəsində qeyd edib ki, ermənistanlı idmançılar “Bakı-2015” Avropa Oyunlarında iştirak edəcəklər. Oktyabr ayının əvvəlində Hikki Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birlikdə İrəvanda səfərdə olarkən Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər.“Bütün problemlər həll olunub və erməni idmançılar Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcəklər” deyə AOK prezidenti müsahibəsində bildirib. O, həmçinin deyib ki, əgər Beynəlxalq Olimpiya Komitəsi dekabrda Kosovonu tanısa, o zaman bu ölkənin idmançıları da I Avropa Oyunlarında iştirak edəcəklər.Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək. Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq. 9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir. Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.

Mənbə: ANS PRESS

6 noyabr 2014
GO BACK