İnternetdə “Dəyişən zaman, dəyişməyən hadisə” videoçarxı yer alıb.ANS PRESS-in məlumatına görə, çarxı hazırlayan gənc fəallar insanları Məhərrəm ayı və bu ayın 10-da baş verən Kərbəla hadisəsinə başqa aspektdən baxmağa dəvət edirlər. Aşura günü baş verən faciəni xeyirlə şərin mübarizəsi kimi səciyyələndirsək, bunun hələ də davam etdiyini görə bilərik. Tarixçilər İmam Hüseyn əleyhissalamın qoşun yox, məhz 72 seçilmiş şühəda ilə çox minlik ordu qarşısına çıxması ilə insanların diqqətini məhz bu məsləyə çəkirlər.Məlumdur ki, İslamın qələbə çalmasına baxmayaraq, şərin qiyamətədək mövcud olacağı və buna əsasən də diqqətli olmağımız 14 məsum tərəfindən təkidlə israr olunub.Videoçarxın yaradıcıları da məsum İmamlar tərəfindən buyrulan “Hər gün Aşura, Hər yer Kərbəla” kəlamını “Dəyişən zaman, dəyişməyən hadisə” adı altında insanlara çatdırmaq istəyiblər. Qeyd edək ki, hicri təqvimi ilə 61-ci ildə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 72 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir götürülərək Şam şəhərinə sürgün edilib. Bununla əlaqədar dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar Məhərrəm ayında yad edilir.
Mənbə: ANS PRESS