"Ölkə rəhbəri tərəfindən təsdiqlənən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda ciddi və əhəmiyyətli məsələlər əhatə olunub. Bu sənəd sığorta məbləği ilə sığorda ödənişləri arasında əlaqələri gücləndirməyi, sığorta təminatında maliyyə bazasının genişləndirilməsini, sığortanın baza hissəsinin azaldılmasını və ləğvini nəzərdə tutur. Bunu ANS PRESS-ə iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Hazırda ölkədə 1,2 milyon pensiyaçının, sığorta ötəyənləri edənlərin 2,7 milyon nəfər olduğunu diqqətə çatdıran ekspert deyib: "Bu islahatın məqsədi odur ki, vətəndaş nə qədər çox sığorta ödənişi edərsə, o qədər çox pensiya almaq imkanına malik olsun, pensiyanın məbləği müəyyənləşdirilən zaman sığorta ödənişləri əsas meyar kimi götürülsün və nəticədə sosial sığorta ödəyənlərin sayını artırmaq mümkün olsun. Bu, dövlət və özəl sektorlara, məşğul əhaliyə şamildir. Əmək haqqı alan hər şəxs sosial sığorta ödənişi həyata keçirir. Hər kəsin özünün xüsusi hesabı olur. Məsələn, vətəndaş 500 manat əmək haqqı alırsa, həmin əmək haqqından gəlir vergisi ilə yanaşı, sosial vergi ödəyir. Əmək haqqı fonduna 22%, məşğulluq və sığorta fonduna 3% ödəniş edir. Bu vəsait onun hesabında toplanır. Məsələn, şəxsin iş, sığorta stajı 12 ildən çoxdursa, 20 il işləyibsə və uzunmüddətli dövrdə yüksək sığorta ödənişi edibsə, bu ona imkan verir ki, vaxtından əvvəl və yüksək məbləğdə pensiyaya çıxsın. Bu, yüksək maaş alan vətəndaşın pensiyaya çıxan zaman yüksək pensiya almasına, eyni zamanda yüksək əmək haqqı alan vətəndaşın əmək haqqını rəsmiləşdirməkdə maraqlı olmasına marağını artırır." V.Bayramov vurğulayıb ki, indi ölkədə pensiya alanlarla muzdlu işçilər arasında fərqin böyük olmamasının səbəblərindən biri əmək müqavilələrinin bağlanmamasıdır. Bu Konsepsiya əsas verir ki, əmək müqavilələri bağlansın, əmək haqqı və pensiya ödənişləri rəsmiləşdirilsin, pensiyanın baza hissəsinin rolu azaldılsın ki, pensiya ödənişləri dövlət büdcəsindən asılı olmasın. Yəni hər bir şəxsin pensiyası işlədiyi müddətdə sığorta yığımlarına uyğun olaraq müəyyənləşdirilsin. Pensiya ödənişlərində dövlət büdcəsinin rolunun azaldılması imkan verir ki, gələcəkdə pensiya ödənişləri birbaşa yığımlar əsasında həyata keçirilsin. Bundan əlavə, Sərəncamın məqsədi dövlət büdcəsindən maliyyə asılılığının azaltmaq, eyni zamanda sığorta-pensiya sisteminin maliyyə təminatını gücləndirməkdir. İqtisadçı məlumat verib ki, bu gün Dövlət Sığorta Fondunun 2014-cü il üçün xərcləri 2,9 milyard manatdan çox olub. Bu əvvəlki illə müqayisədə ciddi artım deməkdir. Yəni, 2006-cı ildən bəri 5 dəfə artıb: "Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, pensiya fondunun büdcəsi 5 dəfə, amma büdcədən pensiya üçün ayrılan vəsait 6,8 dəfə artıb. Yəni 2 milyard 928 milyon manatın 1 milyard 142 milyoin manatı büdcədən ayırmaların hüsabına düşür. Bu isə o deməkdir ki, pensiya ötənişlərinin 39 faizi dövlət büdcədən asılıdır. Yəni pensiya üçün ödənilən hər 100 manatın 39 manatı dövlət büdcəsindən ödənilir. Bu da dövlət büdcəsindən asılılığın yüksək olmasını göstərir. Konsepsiya DSMF büdcəsinin artımı ilə yanaşı, dövlət büdcəsindən pensiyaların verilməsi üçün ayrılan vəsaitin azaldılmasını qısa və uzunmüddətli hədəf kimi qarşıya qoyur. Gələcəkdə qısa müddətdə 30, orta müddtəli döbrdə 20%, daha sonra isə birrəqəmli həddə endirilməsi planlaşdırılır. Pensiya ödənişlərində büdcənin rolunun azaldılması imkan verəcək ki, pensiya təminatı dayanıqlı olsun, pensiya ödənişləri neftin qiymətindən, dövlət büdcəsinin gəlirlərinin formalaşmasından asılı olmasın. Onun fikrincə, bu sənəd orta və uzunmüddətli dövrdə pensiyaların verilməsində hər hansı maliyyə çətinliyinin olması riskini azladacaq, pensiya ödənişi sığorta yığımı hesabına olacaq. Praktiki olaraq, nə neftin azlaması, nə də dünya bazarında neftin qiymətinin dəyişməsi pensiya ödənişlərinə təsir göstərməyəcək.
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Mənbə: ANS PRESS