Bu il məktəblərdə dərslə may ayının 31-də başa çatacaq. Nazirlər Kabinetinin qərarı dərs ili başlandıqdan sonra qəbul edildiyi üçün bu il hər hansı dəyişiklik olmayacaq. Bu haqda məlumat ANS PRESS-ə Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnformasiya şöbəsindən verilib. Məlumatda bildirilir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dərs ilinin müddəti ilə bağlı edilmiş dəyişikliklərlə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, qeyd olunan normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadıldığı Təhsil Nazirliyinin səlahiyyətlərinə daxildir". Xatırladaq ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alIb və dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə dəyişiklik edib. Dəyişikliyə əsasən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Bununla belə, yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazilərində dərs ili müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.
Mənbə: ANS PRESS