Azərbaycanda havalar soyuyan kimi mavi yanacağın verilməsində də problemlər yaranır. Son günlər də havaların kəskin soyuması nəticəsində bir çox bölgələrdə, paytaxtın müxtəlif yerlərində qaz problemləri ortaya çıxıb. Bakının bir neçə kənd, qəsəbəsində qaz yoxdur. Bəzi yerlərdə isə qazın təzyiqi olduqca zəifdir. Evləri elektrik qızdırıcıları ilə qızdırmaq vətəndaşların büdcəsinə uyğun olmadığı üçün insanlar daha çox qazdan istifadə edirlər. Havaların soyuması və yaranan problemlər orta məktəblərə də ciddi təsir edib. Azərbaycanda qış rejiminə noyabrın 15-də keçildiyi üçün orta təhsil müəssisələrinə istilik verilmir. Nəticədə soyuq otaqlarda təhsil alan şagirdlər xəstəliklərə yoluxurlar. Bəzi ölkələrdə havalar soyuyanda qış vaxtına daha tez keçilir.
Hər il havalar soyuyan kimi qazın verilməsində problemlər yaransa da, “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalıyevheç bir problemin olmadığını deyir: “Qaza olan tələbat artdıqca təbii ki, qazın verilməsinin də həcmi artır. Hazırda qaz olmadığı deyilən ərazilərdə ”Azəriqaz" tərəfindən aparılan təmir bərpa işləri və yaxud da məhdudiyyət yoxdur. Azərbaycanda qış vaxtına keçid şərtidir. Yəni belə bir hal sovet dönəmində qalıb. Əgər qaza olan tələbat iki dəfə artarsa, biz ona uyğun olaraq da təbii qazın verilməsini tənzimləyirik. Yəni təbii qazın verilməsi hansısa ayın şərti rəqəmindən asılı deyil".
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid ƏhmədovAzərbaycanın kifayət qədər qaz ehtiyyatı olduğunu dedi: “Azərbaycan hökumətinin qərarı var ki, qış vaxtı noyabrın 15-dən başlayır. Noyabrın 15-dək qazın, istiliyin verilməsindəki problemlər həll olunmalıdır və qazın təzyiqini artırırlar. Düzdür, hazırda qazla bağlı problemlər yaşanır. Mən Mərdəkanda yaşayıram. Burada da qazla bağlı problemlər var. Qazın təzyiqi çox aşağıdır. Azərbaycanın kifayət qədər qaz ehtiyatı var. Buna görə də heç bir problem olmamalıdır. Azərbaycan qaz ixrac edən bir dövlətdir. Əgər problem varsa, deməli, bu, daxili amillə, idarəetmə və strukturla bağlıdır”.