Bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1371 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 72 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq Şam şəhərinə sürgün edilib.
Tarixi mənbələrdə xəlifə Müaviyyə ibn Əbu Süfyanın ölümündən sonra onun taxta çıxan oğlu Yezid ibn Müaviyyənin imansız və əyyaş olduğu, bütün gününü qumar oynamaqla keçirdiyi bildirilir. Onun bu əməlləri İmam Hüseyni (ə) ciddi narahat etdiyindən İmam Hüseyn (ə) Yezidə bildirir ki, İslam xəlifəsinə yaraşmayan pis işlərdən çəkinməsə, babası Peyğəmbərin (s) dinini qorumaq üçün ona qarşı üsyan edəcək. Yezid isə İmam Hüseynə (ə) çoxlu pul və qızıl qarşılığında onun xəlifəliyini qəbul etməyi təklif edir, əks halda öldürəcəyi ilə hədələyir. İmam Hüseyn (ə) isə bu təklifi rədd edir və bildirir ki, “Əgər babam Məhəmmədin dini mənim ölməyimlə yaşayacaqsa, onda ey qılınclar, doğrayın məni!”
Bundan sonra Kərbəla çölündə Yezidin qoşunu ilə üz-üzə gələn İmam Hüseyn (ə) 72 tərəfdarı ilə birlikdə qəhrəmanlıqla vuruşaraq din yolunda şəhid olur. Bu səbəbdən dünya müsəlmanları Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər.
Qeyd edək ki, dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün Azərbaycandakı məscidlərə gedir, Allaha xətir nəzir verir və ehsan paylayır. Bundan başqa, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.
Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək. ANS PRESS-in məlumatına görə, bu gün 13 məkanda qan veriləcək, toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
- Yasamal rayonu Təzə Pir məscidi,
- Yasamal rayonu Hacı Soltanəli məscidi,
- Nəsimi rayon Əjdərbəy məscidi
- Səbail rayonu Bibi-Heybət məscidi,
- Səbail rayonu İçərişəhər Cümə məscidi,
- Suraxanı rayonu Qaraçuxur məscidi,
- Xəzər rayonu Mir Mövsüm ağa məscidi,
- Nizami rayon Keşlə qəsəbə məscidi,
- Sumqayıt şəhər cümə məscidi,
- Gəncə şəhər İmamzadə məscidi,
- Mingəçevir şəhər Heydər məscidi,
- Şəki şəhər məscidi,
- Lənkəran şəhər Böyükbazar məscidi,
- Bərdə şəhər cümə məscidi.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası (QŞ) Aşura mərasimləri ilə bağlı fətva verib. Fətvada dindarlara başsağlığı verilib və İmama Hüseyn Əleyhissəlamın və onunla birgə şəhid olan müsəlmanların əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilmək tövsiyə olunub. Qeyd olunub ki, mərasimlərdə Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənməli, qurşağa qədər soyunub, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə təlqin etməlidirlər.Fətvada o da bildirilib ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə tibbi ehtiyaclar üçün gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsi kimi örnək olmalıdır.
Mənbə: Ans Press