Qadin.NET / Balımızı acı edən nədir?

Balımızı acı edən nədir?

 

Azərbaycan ailəsində mükəmməl səhər yeməyi süfrəsində nadir hallarda bala rast gəlinməz - məlum olduğu kimi, o, yalnız dadlı ərzaq deyil, həm də əla təbii müalicəvi vasitədir. Amma o da məlumdur ki, vaxtilə normal qiymətə xalis bal tapmaq asan olmayıb. Elə indinin özündə də bazarlar saxta bal ilə doludur, xalis balı isə ucuz qiymətə əldə etmək mümkün deyil.

Bununla yanaşı, etiraf etmək lazımdır ki, son illər Azərbaycanda arıçılıq inkişaf edir və artıq ölkədə xeyli sayda effektiv işləyən təsərrüfatlar var. Amma istehsalatı daha da genişləndirmək, balı əhəmiyyətli ixrac məhsuluna çevirmək üçün hələ bir çox problem həll olunmalıdır. 
Zəif təşkilatçılıq 
Hələ yaxın keçmişdə respublikada arıçılıq təsərrüfatı kritik vəziyyətdə idi: ötən əsrin sonlarında ölkədə arıxanaların sayı, təxminən, 50% azalmışdı. Təsərrüfatların əksəriyyəti Dağlıq Qarabağın hərbi əməliyyatların aparıldığı rayonlarında məhv olmuşdu. Aqrar islahatlar dövründə 10 arıçılıq təsərrüfatı ləğv edilmiş, bütün arıçılıq təsərrüfatları qeyri-peşəkar sahibkarların əlinə keçmişdi. Həmin illərdə arıçılığa xidmət edən infrastruktur, məsələn, baytarlıq xidməti xeyli dağılmışdı. Fəaliyyətə yeni başlayan əksər arıçılar özləri arıların xəstəliklərini diaqnozlaşdıra, müalicə edə bilmirdilər, arılar üçün müalicəvi preparatların ölkəyə sistematik şəkildə gətirilməsi aradan qalxmışdı və bütün bunlar arıçılıq sahəsində bu gün də mövcud olan bir sıra problemlərin səbəbləridir. 10 il əvvəl respublikanın regionlarında 3500 arıçı və 100 min arı ailəsi var idi. 2009-cu ildə Milli Məclis "Arıçılıq haqqında" qanun qəbul edib və yalnız bundan sonra bu sahədə xarici strukturlarla və beynəlxalq təşkilatlarla əməkdaşlığın sərhədləri genişlənməyə başlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2013-cü ildə Azərbaycanda 2,5 min ton bal istehsal olunub, arı ailələrinin sayı isə 240 minə çatıb. Beləliklə, arıçılıq ölkənin əksər regionlarında kənd təsərrüfatının vacib sahəsinə çevrilib. Bu, xüsusilə Astara, Gədəbəy, Daşkəsən, Zaqatala rayonlarına aiddir. Ekspertlər hesab edir ki, mövcud resurslar arı ailələrinin sayının yarım milyona, bal istehsalının həcminin isə 5 min tona çatdırılmasına imkan verir. Amma bu fikirlə heç də hamı razı deyil. 
"Təsərrüfatların yem bazaları baxımından imkanları məhduddur. Arıçıların özləri zəif təşkilatlanıblar, bu üzdən də ölkədə balın sənaye istehsalından danışmaq hələ tezdir", - deyə Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəriElxan Ələkbərov bildirir. Onun sözlərinə görə, meşə arıçılığı (arıçılığın ilkin mərhələsi - arıların ağacların oyuğunda saxlanmasına əsaslanır) ilə məşğul olanların əksəriyyətinin ixtisas səviyyəsi aşağıdır, onlar yem bazasının məhdud potensialından düzgün istifadə etmirlər, əksər vaxtlarda balı bir ərazidən toplayırlar. "Bu səbəbdən, toplanan balın həcmi azdır. Ölkə regionlarında təlim mərkəzləri, arıxanaların olduğu bazalar yaradılmalıdır. Digər problem hələ də balın satışında sivil formaya nail ola bilməməyimizdir", - deyə mütəxəssis bildirir. 
Qeyd etmək lazımdır ki, balın keyfiyyətinin analizi ucuz başa gəlmir. Çünki onun aparılması üçün reaktivlər çox bahadır. Xarici bazarlara çıxmaq üçün isə ekspertizadan keçmək lazımdır. Odur ki, bu gün qarşıda duran məsələ, ilk növbədə, arı cinslərinin damazlıq-seleksiya işlərinin aparılması, eyni zamanda, ana arı yetişdirilməsi üçün çoxsaylı məntəqələrin təşkilidir. Arıçılar assosiasiyasında sahibkarlar üçün qrantların axtarılması sahəsində işləmək üçün böyük potensial var. Bu, təsərrüfatların inkişafının güzəştli şərtlərlə kreditləşdirilməsinə, lazımi avadanlıqların lizinqə verilməsinə ciddi kömək olardı.
Xəstəliklər və seleksiya 
Daha bir vacib problem var - ölkənin arıçılıq təsərrüfatlarında bu gün arıların, təxminən, 40%-i xəstədir. "Onlar çoxsaylı spesifik xəstəliklərə tutulurlar. Əvvəllər həmin xəstəliklərə asanlıqla nəzarət olunurdu. Arıxanalar üçün böyük problem ziyanvericilərdir - güvələr, eşşəkarıları, siçanlar, ayılar və sair", - deyə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin ekspertiMəzahir Osmanov bildirir.
Azərbaycan qlobal problem olan "arı ailələrinin kollapsı" (AAK) problemindən də kənarda qala bilməyib. Ekspertin sözlərinə görə, bu problemin miqyası təhlükəli həddə çatıb, artıq ən sağlam arı ailələri belə məhv olur. 
Coğrafi baxımdan AAK bütün dünyada müşahidə olunur - ABŞ-dan tutmuş, Çinədək. 2008-2009-cu illərdə bu problem üzündən dünyada arıların sayı o qədər azalıb ki, aqrarçılar mədəni bitkilərin tozlanmasını əllə aparmaq məcburiyyətində qalıblar. Avropada da arıların eyni simptomla kütləvi şəkildə qırılması müşahidə olunur. 
Azərbaycanda son 5 ildə arı ailələrinin kütləvi məhvi bütün mövsümlərdə müşahidə olunmur və regionlar üzrə "dalğavari" xarakter daşıyır. Mütəxəssislərin müşahidələrinə əsasən, 2007-2011-ci illərin yaz-yay mövsümlərində Böyük Qafqazın şimal-şərqindəki aran zonalarında ildə arılar arasında məhvolma 25-60% təşkil edib. Yazda, çiçəklərin açan vaxtında Böyük Qafqazın şərq qolunda bu rəqəm 20-25% olub. Vəziyyət yaxşılığa doğru dəyişməsə, yaxın illərdə arıçılıq sahəsinin tamamilə məhv olması riski var... Bu problemin həlli hələ ki, bir sadə səbəbdən mümkün deyil - Azərbaycanda bu sahədə vəziyyətin müşahidə olunması, öyrənilməsi, yaxşılaşdırılması üçün Dövlət Proqramı mövcud deyil. 
Bundan başqa, məlumdur ki, istənilən ölkədə arıçılıq təsərrüfatının rentabelli və dayanıqlı işləməsi üçün yerli iqlimə, balverən floraya uyğunlaşmış təmiz cins arılardan istifadə əsas şərtlərdən biridir. Ekspertlərin fikrincə, Azərbaycanda məhsuldarlığı az olan yerli cins arılardan istifadə olunur. Yəqin ki, bu, həlli ən çətin problemdir. 
Son 20-25 ildə respublikada arı cinslərinin gətirilməsinə, iqlimləşdirilməsinə nəzarət olunmayıb. Təsərrüfat rəhbərləri təsadüfən, yaxud məqsədli şəkildə ölkəyə yaxın və uzaq xaricdən arılar gətiriblər. 
"Respublikada arıçılıqda damazlıq işləri ilə, əsasən, özəl təsərrüfatlarda məşğul olurlar", - deyə Azərbaycan Arıçılar İttifaqının rəhbəri Şamil Quliyevbildirir. - "Bu, damazlıq və seleksiya işləri ilə bağlı yüksək tələblərə heç cür cavab vermir. Fiziki şəxslər daimi deyillər. Yəni, bu gün arıçılıqla məşğul olurlar, sabah təsərrüfatlarını qapadaraq başqa işin dalınca düşə bilərlər. Damazlıq işləri ilə dövlət səviyyəsində müəssisə məşğul olmalıdır. Onlar damazlıq işlərini effektiv aparmaq üçün arıçılıq genofonduna malik olmalıdırlar". 
Digər ekspertlərin sözlərinə görə, 1 arıxanada 2, bəzən isə hətta 3 irqin və ya populyasiyanın arılarına rast gəlmək mümkündür. Bəzi arıxanalarda son illər ölkəyə Rusiyadan, Amerikadan, Türkiyədən, Avstriyadan, Almaniyadan gətirilmiş cinslərin iqlimləşdirilməsinə də rast gəlinir. Nəticədə, mütəxəssislərin dedikləri kimi, ölkənin arıçılıq sahəsində əsl xaos hökm sürür - arılar nəinki xarici görünüş əlamətlərini, həm də artma qabiliyyətlərini, balvermə qabiliyyətlərini itirir.
Bununla yanaşı, Ş.Quliyevin sözlərinə görə, artıq bu məsələ ilə bağlı dövlət səviyyəsində maraqlanır və yaxın gələcəkdə problemlər həllini tapmalıdır. 
Qiymət diapazonu 
Bəs "Arıçılıq haqqında" qanuna əsasən, Bakıda təşkil olunan ənənəvi arıçılıq məhsulları yarmarkası? Bu aksiya sahənin inkişafı üçün effektiv sayıla bilərmi?
Əvvəlcə onu qeyd edək ki, son yarmarkada ölkənin 40 regionundan, həmçinin Naxçıvan Muxtariyyətindən və Qırğızıstandan olan arıçılar iştirak edirlər. Onlar yarmarkaya 190 ton bal gətiriblər. Bu məhsulun 500 kiloqramı çiçək tozcuğu, 200 kiloqramı arı tozcuğu, 150 kiloqramı arı yapışqanının, 5 kiloqramı arı südünün payına düşür və s.
Məhsulların keyfiyyəti yoxlanıldıqdan sonra, sərgiyə 438 arıçı buraxılıb. Onlar ziyarətçilərə geniş çeşiddə bal təqdim ediblər. Məhsulun keyfiyyəti aşağı olduğundan, 8 arıçının yarmarkaya qatılmasına icazə verilməyib. Bundan başqa, 3,5 ton keyfiyyətsiz balın satışının qarşısı alınıb.
Qeyd etmək lazımdır ki, geridə qalan illərdə ölkə arıçıları 15 ünvan dəyişiblər. Hələlik ölkənin nə paytaxtında, nə də regionlarında arıçılıq məhsullarının satışı üçün yer var. Onlar məhsullarını bir qayda olaraq, istehlak bazarlarında, apteklərdə, bəzən isə marketlərdə və supermarketlərdə satırlar. Arıçılar məhsullarını sərgiyə 3 kiloqramlıq və 1 kiloqramlıq şüşə bankalarda, bidonlarda, vedrələrdə, taxta qablarda gətirirlər. Yəni, onların "firma taraları" yoxdur. Bu isə təbii ki, Azərbaycan balının bir məhsul kimi görünüşünü zəiflədir. 
Sərgiyə baş çəkən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovməhsulun qiymətinin sərbəst olduğunu bildirib. Qiymət 1 kiloqrama görə 15-35 manat arasında dəyişir.
Artıq qeyd edildiyi kimi, balın bahalığı alıcılıq qabiliyyətinin azalmasına səbəb olur. Kənd Təsərrüfatı Nazirliyinin ekspertləri və nümayəndələri balın qiymətinə təsir göstərən obyektiv və subyektiv səbəbləri ekspert və elmi səviyyədə təhlil etməklə, arıçılara qiymətlərin aşağı salınmasına dair məsləhətlər verə, yaxud alıcılara bahalı balın ucuz baldan hansı üstünlüklərə malik olduğunu izah edə bilərlər. 
Yeri gəlmişkən, arıçıların problemlərinin həlli, bal məhsulları istehsalının yüksək səviyyədə təşkili üçün dövlət tərəfindən əlavə dəstəyə və sahənin koordinasiyasına ehtiyac var. Nəticədə, ölkə bal ixracı sahəsində özünə yaxşı yer tuta bilər. 
TARİX 
Hələ IV əsrdə Azərbaycan ərazisində meşə arıçılığı - ağacların oyuğunda bal yığılması - "bal ovu" geniş yayılmışdı. XVIII əsrdən isə ev, arıxana arıçılığı yayılmağa başlandı. Bu qədim sahənin əsas vətəni Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Lənkəran-Astara, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan regionları sayılır. Məhz bu regionlarda qədimdən zəngin balverən yerlər, əlverişli iqlim olub.
Respublikanın regionlarında qədim arıçılıqla əlaqəli adlar hələ də qalmaqdadır: Ballı qaya, Arıtəpə, Arısu, məlhəm (bal və mumdan balzam) və s.
Azərbaycan dünyada məşhur olan Bozdağ Qafqaz arısının vətənidir. O, məşhur və təsərrüfat baxımından vacib bal arıları populyasiyalarına həyat verib - "Qapaqtəpə", "Şahdağ", "Nuxa". Bu arı növləri artıq müsbət 6 dərəcədə fəal şəkildə uçmağa başlayır. Onlar nektarın çəkilməsi üçün ən uzun xortuma malikdirlər. Nəticədə, bu arılar həşəratlar üçün əlçatmaz olan yonca və digər bu kimi bitkilərdən nektar çəkə bilirlər.
Kənd təsərrüfatı və arıçılığın inkişafına Azərbaycanın əlverişli iqlim şəraiti də öz təsirini göstərib. Bu sahənin ən qızğın inkişafı ötən əsrin 1970-1980-ci illərinə təsadüf edir. O zaman arıçılıqla, təxminən, 10 min insan məşğul olur, əksər kolxozlarda nəhəng arıxanalar var idi, ölkədə arı ailələrinin sayı 300-450 minə çatırdı. O illərdə 10 ixtisaslaşmış arıçılıq sovxozu fəaliyyət göstərirdi. Üstəlik, Lənkəranda ümumittifaq səviyyəli arıyetişdirmə mərkəzi yerləşirdi.
Mənbə: Milli.Az

 

3 noyabr 2014
GO BACK