La Liqanın 10-cu turunda gözlənilmədən "Celta Vigo"ya məğlub olan "Barcelona" turnir cədvəlindəki liderliyini itirdi. Oyun sonrası keçirilən mətbuat konfransında katalonların baş məşqçisi Luis Enrike keçmiş klubuna (Celta Vigo - red.) məğlubiyyətin səbəblərini nəzərdən keçirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, mütəxəssis komandasının qələbəyə layiq olduğunu bildirib."Bu tipli oyun gözləyirdik. Biz topa nəzarətə fikir verdik. Rəqib də qapımız qarşısında çox təhlükəli vəziyyətlər yaratmadı. Komanda səhvlərə yol verdi, "Celta"da isə inam böyük idi. Biz qələbəyə layiq oyun göstərdik. Amma idmanın bu növü effektivliyi mükafatlandırır. Qarşıda çox maraqlı həftə var. "Ov mövsümü" başlanır. Vəzifəmiz növbəti matça hazırlaşmaqdır. Bu gün sadəcə "Barcelona"nın günü deyildi. Məğlubiyyətlər şübhə oyadır. Mən qarşılaşmaya nəzər salanda görürəm ki, qapı çərçivəsinə 19 zərbə, topa üstünlük bizdədir. İndi hər şeyi səhv etdiyimizi deyə bilərəm. Amma bu varianta əl atmaq fikrim yoxdur".
Mənbə: Milli.Az