Qadin.NET / Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsi yad edildi

Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsi yad edildi

 

Yaşasaydı, 61 yaşı tamam olacaqdı. Ancaq o, Vətən uğrunda ölməyi yaşamaqdan üstün tutdu. Ölməzdən əvvəl mənfur düşmənə qənim kəsildi, sayzıs-hesabsız erməni yaraqlısını məhv etdi. Adı ilə ucaldı, göstərdiyi igidliklərlə digərlərinə örnək oldu. Bəli, söhbət Ağdarə uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Milli Qəhrəman Koroğlu Rəhimovdan gedir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Milli Qəhrəman, Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuzun Xaçmaz kəndində anadan olub. Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu, Xocalı faciəsidən sonra könüllü olaraq 1992-ci il, 17 mart tarixdə Milli Ordu sıralarına yazıldı. 1992-ci ildə Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində rəşadətlər göstərdi. Doyüşlərdə 15 erməni yaraqlı məhv edilir, xeyli sayda silah-sursat ələ keçirilir. 
Çox keçmir Mənəşli, ardından Başkən erməni işğalçılarından təmizlənir. Bu əməliyyatlarda Koroğlunun komandirlik etdiyi alay onlarla erməni qəsbkarını öldürür. Bir-birinin ardınca uğurlar onun döyüş səlnaməsinə əlavə olunur. Üç övlad atası olan Koroğlu 1992-ci il iyulun 3-də Ağdərə uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olur. O, şəhid olmaqla adını qəhrəmanlar sırasına yazdırdı. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994 il tarixli, müvafiq fərmanına əsasən, ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasında göstərdiyi qəhrəmanlıqlara görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu “Milli Qəhrəman" adına layiq görülüb. 
Öz qəhrəman oğulları ilə fəxr edən qədirbilən xalqımız Koroğlunun xatirəsini əziz tutur. Onun adının əbədiləşdirilməsi məqsədilə Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilib və bu küçədə onun büstü qoyulub. Eləcə də, Oğuzda küçələrdən biri və Xaçmaz kəndində 3 saylı körpələr evi-uşaq bağçası qəhrəmanın adını daşıyır. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında istehsal olunan "Qarabağ qəhrəmanları" silsiləsindən 4-cü sənədli film Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunub. 
Allah rəhmət eləsin!

Mənbə:Milli.Az

 

1 noyabr 2014
GO BACK