Mütəxəssislərə görə, saunanın insan orqanizmi üçün çox böyük faydaları var. Sauna dəqiqələr içində zərərli toksinlərdən qurtardığı kimi, bədənin xəstəliklərə müqavimət gücünü də artırır. Qan təzyiqini artıraraq kardiovaskülyer sisteminə məşq imkanını təmin edir. Bu, eyni zamanda əzələlərdəki yorğunluğu qısa müddətdə atmağa yardım edir. Mənfi ionların insan üzərində müsbət təsiri isə saunaların gözlə görünməyən, amma hiss edilə bilən müsbət təsirlərindəndir.
Şəhərimizdə qadınlar üçün nəzərdə tutulmuş istirahət mərkəzlərindən birində çalışan masajçı Aynurə Əhmədovanın sözlərinə görə, sauna dəridəki kiçik damarları genişləndirir və qan təzyiqini tarazlayır. Bədən istiliyi 1-2 dərəcə artaraq mikrob və viruslara qarşı müdafiə etmə sistemini gücləndirir: "Xəstə olduğunuz və ya xəstələnməyə başladığınız zaman sauna sizə dərman kimi xeyir verir. İdman fəaliyyətlərindən sonra sauna yorğunluğunuzu atacağınız ən uyğun yerdir. Professional idmançıların hamısının iş təqvimində sauna seansları ayrı bir yer tutur. Sauna damarları genişləndirərərək, yorğunluğa səbəb olan laktik turşunun əzələlər arasından xaric olmasını asanlaşdırır".
Mütəxəssislər bildirirlər ki, sauna 80 C-də təxminən 30 dəqiqə sonra dərini hamarlaşdırır. Ölü hüceyrələrdən ibarət olan üst dəri (epidermis) canlı hüceyrələrdən ibarət olan (dermis) alt dəridən ayrılaraq canlı və həssas bir dəriyə sahib olmanı təmin edər.
Sauna, xüsusilə, xanımlar üçün əvəzedilməz bir gözəllik qaynağıdır. A.Əhmədova bildirir ki, 15 dəqiqəlik sauna seansından sonra bütün gün müddətində xaric ediləndən daha çox toksin xaric olunur: "Toksinlər bədən üçün son dərəcə zərərli maddələr olub yalnız tərləmə yoluyla xaric olunur. Sauna bədən üçün əhəmiyyətli bir rol oynayır. Daha təmiz və daha sağlam bədən".
Mənfi ionlar isti daşlara səpilən su ilə havaya fışqırıq və nəfəslə bədənə daxil olur. Bu ionların funksiyası insanı daha yaxşı və daha xoşbəxt hiss etdirməkdir. Sauna qan dövranını nizamlayır, bədəndən toksinlərin atılmasında böyük rol oynayır, həzm sistemini nizamlayır, revmatizm xəstəliklərinin yaxşılaşmasına kömək edir. Hidroterapiya müalicəsində istifadə edilir. Əzələləri yumşaldıb boşaldır. Ağrı və spazmları aradan qaldırır. Sümük və oynaqlardakı ağrıları götürür:
"Sauna orqanizmi nizamlayır və enerji verir. Beyin yorğunluğu, zehni yorğunluq, stress kimi ağır iş tempinin sinir sistemi üzərindəki mənfi təsirlərini yox edir, gümrahlıq verir. Bədəndəki həddindən artıq elektrik yükünü azaldır və rahatlaşdırır. Gərginlik və ya gecələri yuxu pozuntusu yaşayan insanlara daha çox təsir edir".
Sauna seansları bədəndə yağların əriyib, bədənin formaya düşməsinə, dərinin və dəri toxumasının hamarlaşmasına, gözəlləşməsinə kömək edir.
Müsahibimiz məsləhət görür ki, hər bir qadın sağlamlığı və gözəlliyi üçün azı ayda iki dəfə saunya getməlidir: "Bizim qadınlarımız özlərinə baxmır, sağlamlıqlarının qayğısına qalmırlar. 30 yaşdan sonra kökəlir və özünə baxmağı qrimlənməklə qarışdırırlar. Gözəl görünmək, gözəl bədənə sahib olmaq üçün sauna - masaj seansları almaq lazımdır. Bu zaman həm bədən rahatlayır, həm ruh təzələnir".