Qadin.NET / Böcəklərdən necə qurtulaq?

Böcəklərdən necə qurtulaq?

 

Mənzili böcəklərdən qorumaq üçün, ilk növbədə, böcəklərin otağa girməsi ehtimal olunan yerləri tapıb bağlayın. 

İsti havada otağı təmiz hava ilə təmin etməkdən ötrü qapı-pəncərəni açıq saxlayırıq, ona görə də milçək, ağcaqanad girişinin qarşısını almaqdan ötrü qapı-pəncərəyə marla çəkmək kifayətdir. Böcəklər, ağcaqanadlar daha çox su yığılan yerlərdə artıb çoxalırlar. Bağ-bağçanızda, eləcə də eyvanınızda su yığılmasın deyə suyun torpağa hopmasına çalışın. Belə etsəniz, qismən də olsa, evinizə girəcək həşəratlardan xilas ola bilərsiniz. Əgər həyətinizdə hovuz varsa, suyunu həftədə iki dəfə dəyişin. Xırda böcəklər evin daş-divarında olan kiçik dəlik və çatlardan belə, otağa daxil ola bilirlər. Buna görə də çatları vaxtında doldurub təmir etməklə işinizi asanlaşdıra bilərsiniz. Evinizə girən kabelli televiziya, internet ya da telefon xəttinin divardakı xəttlərin girişlərini möhkəm bağlayın. Su, qaz, elektrik ya da kondisioner borularının keçdiyi dəliklərə də diqqət etmək lazımdır. Həyət-bacanızdakı daha böyük dəlikləri bağlamaq üçün məftilli qəfəslərdən istifadə edin. Üzərini örtmədiyiniz xörəyin, yaxud suyun ətrafında zibil saxlamaqla həşəratlar çoxalması üçün əlverişli şərait yaratmış oluruq, çünki həmin yer qısa bir zamanda böcək yuvasına çevrilir. Bu baxımdan xörəyin ağzıbağlı qabda saxlamalıyıq. 
Tör-töküntülü otaq müxtəlif həşərat və böcəklərə açıq qapı hesab olunur. Odur ki, otağın səliqəli olmasından çox şey asılıdır. 
Zibili evin hər yerinə qoymaq olmaz, yaxşı olar ki, mətbəxdə, qapalı qutuya yerləşdirəsiniz və tez bir zamanda atasınız. Zibil qutularını davamlı şəkildə təmizləyib dezinfeksiya olunması da sağlamlığa xidmət edir.
Döşəmə yerə daha yaxın olduğu üçün böcəklərin buradan otaqlara asanlıqla girir. Döşəməni təmiz saxlamaqla çağırılmamış “qonaqlar”ın sayını azaltmaq mümkündür. Yaxşı olar ki, təmizlik məqsədilə kimyəvi dərmanlar əvəzinə, bor turşusu istifadə edəsiniz.
Mənbə: Milli.Az

 

29 oktyabr 2014
GO BACK