Son günlər Azərbaycanda havaların kəskin soyuması müşahidə olunur. Nəticədə bir çox bölgələrdə, paytaxtın müxtəlif yerlərində qaz, istilik problemləri ortaya çıxıb. Bakının bir neçə kənd, qəsəbəsində qaz yoxdur. Bəzi yerlərdə isə qazın təzyiqi olduqca zəifdir.
Havaların soyuması və yaranan problemlər orta məktəblərə də ciddi təsir edib. Azərbaycanda qış rejiminə noyabrın 15-də keçildiyi üçün orta təhsil müəssisələrinə istilik verilmir. Nəticədə soyuq otaqlarda təhsil alan şagirdlər xəstəliklərlə üzləşir. Bəzi ölkələrdə havalar soyuyanda qış vaxtına daha tez keçilir. Təəssüflər olsun ki, Azərbaycanda bunun tam əksidir.
Deputat Fazil Mustafa havaların soyumasından sonra vətəndaşların üzləşdikləri problemlərlə bağlı ona çoxlu sayda şikayətlərin daxil olduğunu bildirdi: “Bakıxanov qəsəbəsindən millət vəkili seçilmişəm. Kəndlərdə problemlərin olmasından xəbərim var. Bu, əslində məmurların yarıtmaz fəaliyyəti ilə bağlıdır. Həqiqətən, insanlar qaz problemindən ciddi əziyyət çəkir. İşıq problemləri də əvvəllər aktual idi. İndi də bu problem qalmaqdadır. Amma nisbətən düzəlib. Bütün bu problemlər mütləq həllini tapmalıdır. Biz aidiyyəti orqanların qarşısında daim bu problemlərlə bağlı məsələ qaldırırıq.
Təəssüf edirəm ki, nəticə hələ də istədiyimiz səviyyədə deyil. Bu problemlərdən ən çox əziyyət çəkənlər məktəblilərdir. Seçildiyim əraziyə daxil olmayan yerlərlə də maraqlanıram. Çünki mənə çoxlu sayda şikayətlər olur. İmkanım daxilində bu işlərlə məşğul oluram. İndi Azərbaycanda şərtlər elədir ki, bu cür məsələlərə faktlarla müdaxilələr məmurların işinə heç bir təsir göstərmir. Seçildiyim Bakıxanov qəsəbəsindən də mənə müraciətlər olur. Amma digər ərazilərə baxanda azdır. Bakı kəndlərində istilik problemi daha çoxdur. Çünki əsasən istilik sistemində qazdan istifadə olunur. Qazın verilməsində problemlər yaranması birbaşa istiliyə təsir edir”.
“Azəristiliktəchizat” ASC-nın sədr müavini İlham Mirzəliyev istilik sisteminin norma və qaydalarından danışdı: “İsti hava mövsümünün başa çatması və başlaması kiminsə istəyindən, istilik hiss edib-etməməsindən asılı deyil. Bunun üçün norma və qaydalar var. Bu, elmə əsaslanmış qaydadır. Orada qeyd olunur ki, temperatur 6 dərəcədən aşağı olarsa, bu halda istilik mövsümü vaxtından əvvəl başlaya bilər. İndi doğrudur, soyuğu biz də hiss edirik. Temperatur 12-14 dərəcədir. Bayırda 15-16 dərəcə istilik olanda otaqda 18-20 dərəcə olur. Bu hesablanmış sistemdir. Yenə deyirəm ki, bu dərəcədən aşağı olarsa, vaxtından əvvəl başlamaq olar. Bakı kəndlərinə qazın verilməsində problem olduğunu isə ilk dəfə eşidirəm. Qış və yay üçün xüsusi qrafik müəyyənləşib. Ola bilsin ki, noyabrın 15-dən əvvəl istilik verilsin. Xüsusilə bu, məktəb, xəstəxana və uşaq baxçalarına aid ola bilər”.