“Qızların ali təhsil alması vacib məsələdir. Onlar tam təhsil almadıqda daxildə boşluq hiss edirlər və yalnış yollarda çarə axtarırlar. Anaları ilə yola getməyən qızlar belə vəziyyətlərdə azadlıq prinsipindən çıxış edərək evi tərk etməyi doğru yol hesab edirlər. Bu səbəbdən ailələr övladlarının təlim-tərbiyə işlərinə uşaq yaşlarından diqqət etməlidirlər.
Eşq yolu tikanlı, daşlı və dolanbaclıdır deyir, Həzrəti Mövlana. Əgər eşq yoluna girdinsə, şikayət etmə. Qarşılaşdığın hər çətinlikdə “yoruldum” demə. Bəlkə də ona görə “eşq - qolu güclü olanın deyil, qəlbi güclü olanın işidir” deyir, Şərqin böyük alimi. Bir-birini sevən iki gəncin xəyalları, arzuları qovuşmaq, xoşbəxt bir ailəyə sahib olmaqdır. Lakin çox zaman işlər istədiyimiz kimi olmur. Həyatda hər kəs müəyyən bir çətinliklə qarşılaşır. Bu zaman insanlar müxtəlif çarələrə baş vururlar. Kimisi problemlərlə mübarizə aparır, onları aradan qaldırmaq üçün əlindən gələni edir, kimisi də çarəni, sadəcə, qoşulub qaçmaqda görür.
İnsanın ən böyük sınağı sevdikləri ilə olur, deyirlər. Bəzən valideynlər bir-birini sevən iki gəncin ailə qurmasına qarşı çıxırlar. Bunun müxtəlif səbəbləri ola bilər. Qızına namizəd olan oğlanın özünü, ailəsini tanımadıqları üçün bu evliliyə müsbət yanaşmırlar. Rast gəlinən hallardan biri də oğlanın valideynlərinin öz tanıdıqları, bildikləri bir ailənin qızını gəlin olaraq görmək istəmələridir. Bəs belə olan halda, gənclər necə davranmalıdırlar? Öz hissləri ilə hərəkət etməli, yoxsa bütün hallarda böyüklərin istəklərini yerinə yetirməlidirlər?
“Qoşulub qaçmağın” kökündə duran səbəblər
“Həyat teatr tamaşası kimidir. Onun nə qədər davam etməsi yox, necə maraqlı oynanılması önəmlidir” deyir, dahilərdən biri. Ailə də bir növ buna oxşayır. Ailədə insanların bir-birinə qarşı olan anlayışı, hörməti, fədakarlığı və sevgisi əhəmiyyət daşıyır. Belə ağır bir məsuliyyətin altına girməzdən əvvəl hərtərəfli düşünmək lazımdır. Sevənlər hisslərə qapılır və çox vaxt onların xoşbəxtliyə edilmiş niyyətləri sonda bədbəxtliklərinə səbəb olur. Belə ki, ailələri tərəfindən narazılıqla qarşılanan gənclər “qaçaraq” evlənmək qərarına gəlirlər. Onların bu cür addımları da, təbii ki, böyüklər tərəfindən yaxşı qarşılanmır. Bu, bir növ illərlə övladına əziyyət çəkən, onu böyüdüb boya-başa çatdıran valideynlərin fikrini nəzərə almamaqdır. “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Gülər Məmmədova gənclərin bu cür addımının bir çox səbəblərdən qaynaqlandığını bildirdi: “Gənc qızların “qaçaraq” ailə qurması tarixən də olub, indi də davam etməkdədir. Onların bu cür addımının bir çox səbəbləri ola bilər. Belə ki, ailədə ər-arvad konfliktləri, harmoniyanın pozulması, valideyn və övlad arasında fikir ayrılıqları, tabuların hökm sürməsi, məcburiyyət, valideyn istəklərinin yeniyetmələrdə aqressiya yaratması, onlarda müstəqilliyə can atma və bu xaosdan çıxıb canını qurtarmaq hissi yaradır. Bu cür səbəblər gənc qızları nəinki qoşulub qaçmağa, hətta sui-qəsdə də sövq edir”. Psixoloq onu da vurğuladı ki, kiçik yaşda oyunlarına qoyulan qadağalar, ünsiyyət məhdudiyyəti və yaşıdlarından uzaqlaşdırma uşaqların şüuraltına yerləşir. Yeniyetməlik dövründə isə onlar keçmişdə yaşadıqlarının ucbatından davranışlarına olan nəzarəti itirirlər. G. Məmmədova həmçinin “qaçaraq” ailə qurulmasına maddi çətinliklərin də əsas rol oynadığını bildirdi. O, valideynlərin övladları ilə münasibətdə daha tolerant davranmalarının və onların müstəqil şəxsiyyət kimi formalaşmasında təlim-tərbiyənin önəmli rol oynadığını qeyd etdi: “Hesab edirəm ki, qızların ali təhsil alması vacib məsələdir. Onlar tam təhsil almadıqda daxildə boşluq hiss edirlər və yanlış yollarda çarə axtarırlar. Həmçinin dünyagörüşlərinin dar olması, sevgi doyumsuzluğu onların sosial şəbəkələrdə kiminləsə münasibət yaratmalarına yol açır. İlk növbədə, anaları ilə yola getməyən qızlar belə vəziyyətlərdə azadlıq prinsipindən çıxış edərək, evi tərk etməyi doğru yol hesab edirlər. Bu səbəbdən ailələr övladlarının təlim-tərbiyə işlərinə uşaq yaşlarından diqqət etməlidirlər. Fikirlərinə hörmət etmələri, seçimlərində daima yanlarında olduqlarını göstərmələri övladlarının nümunəvi şəxsiyyət kimi formalaşmasına şərait yaradacaq. Eyni zamanda valideyn-övlad münasibətlərində inam yaratmalı, səmimi sfera formalaşdırmalı, sevgi münasibətlərində ana qızı ilə, ata isə oğlu ilə söhbətləşməli və onlara məsləhətlər verməlidirlər”.
“Əgər qoşulub qaçsaydım, həm ailəmin, həm də mənim dilim qısa olardı”
İnsanı qarşılıqsız sevən yeganə varlıq yalnız onun valideynləridir. Onların övlad yolunda etdikləri fədakarlığın qarşılığı heç nə ilə ödənilə bilməz. Lakin könlü sevən birini də o yoldan döndərmək yaxşı nəticə verməz. Az şahidi olmamışıq sevmədən evlənən ailələrin bədbəxt sonluğuna. Belə olduqda bir-birini sevən gənclər çıxılmaz vəziyyətdə qalırlar. Bir tərəfdə ömürlərini övladlarına fəda etmiş valideynlər, digər tərəfdə isə qəlbində taxt qurmuş sevgililər. Növbəti müsahibim Ülkər Mustafayeva qismən də olsa bu cür vəziyyətlə qarşı-qarşıya qalan gənc xanımlardan biridir. Hazırda Türkiyə vətəndaşı ilə ailə quran Ü. Mustafayeva evliliyə qədər ailəsi ilə qarşılaşdığı problemlərdən danışdı: “Mənə elə gəlir ki, sevgi nə qədər böyük olsa da, ailənin rızasından daha önəmli ola bilməz. Əgər valideynlərin razılığı olmazsa, o evlilikdə bərəkətin olacağına da inanmıram. Qızın qoşulub qaçmasına səbəb ya ailələrin razı olmaması, ya da maddi vəziyyətin çətinliyi ola bilər. Nişan, toy xərcləri çox olduğu üçün bəziləri qoşulub qaçaraq evlənməyə üstünlük verirlər. Ancaq, adətən, ailələrin razılığı olmayanda bu cür olur. Düşünürəm ki, belə vəziyyətdə gənclər özlərini sübut etməlidirlər. Xüsusən də, oğlanın üzərinə düşən vəzifə ailələri inandırmaq, onlara qızlarını həqiqətən sevdiyini və ona yaxşı baxacağını isbat etməkdir”. Ü. Mustafayeva burada qızın istəyinin və qətiyyətli olmasının da önəmli rol oynadığını qeyd etdi: “Oğlanlar, adətən, asan yolu seçirlər. Çətinliklə qarşılaşdıqda onu aradan qaldırmaq əvəzinə, “qaçaq” deyirlər. Qız burada qətiyyət göstərməlidir. Bu müddət ona oğlanı daha yaxşı tanıması üçün fürsət ola bilər. Əgər oğlan həqiqətən sevirsə, sevdiyi ilə onun ailəsinin xeyir-duasını alaraq ailə qurmalıdır. Belə xeyirli bir işi razılıqla, könül xoşluğuyla başlamalı və başa çatdırmalıdırlar. Mən əcnəbi vətəndaşla ailə qurdum. Əvvəl ailəm qətiyyən razı deyildi. Çünki nə oğlanı görmüşdülər, nə də ailəsini tanıyırdılar. Amma ailələr gəlib tanış olduqdan sonra hər şey çox yaxşı oldu. İndi nə isə bir problem olsa ailəm mənə dayaqdır. Sahibsiz deyiləm. Lakin valideynlərimin narazılığına baxmayaraq, sevdiyim insana qoşulub qaçsaydım, ailədə problem olduğu zaman atam “niyə qızımı incidirsiniz?” deməyə həvəsli olmazdı. Onlar da “biz səndən qız istəmişdik?” deyə bilərdilər. Bu zaman həm ailəmin, həm də mənim dilim qısa olardı”.
Əzm, iradə və səbir göstərin ki...
58 yaşlı Nəbiyeva Leyla iki övlad anasıdır. Qızı da “qoşulub qaçaraq” ailə qurub. Səbəb atasının bu izdivaca razılıq verməməsi olub. L. Nəbiyeva qızının addımını müsbət qiymətləndirməsə də, valideyn kimi özlərində də müəyyən səhvlərin olduğunu dilə gətirdi: “Düzdür, qızım səhv elədi. Gərək bu cür addım atmayaydı. Ancaq onun bu hərəkətində bizim də səhvlərimiz var. Atası razı deyildi. Amma bir dəfə olsun onu qarşısına oturdub danışmadı. Nəyə görə narazı olduğunu qızına izah etmədi. Nə də ki, qızın fikrini soruşmadı. Demək ki, qızın da oğlana könlü varıymış ki, qoşulub qaçdı. Düzdür, indi barışmışıq, mehribanıq, kürəkənim də qızıma yaxşı baxır. Amma əvvəldən övladımızın fikirlərini nəzərə alsaydıq, həmin ailəni yaxşı araşdırıb tanısaydıq, belə şeylər də yaşanmazdı”.
Həyat yolu uzundur. Və bu həyatın günəşli, işıqlı yolları olduğu kimi, qaranlıq keçidləri də var. Sevdiklərinə, doğmalarına ən çox o keçiddə ehtiyac duyur insan. Türklərin atalar sözlərinin birində “ağlarsa anam ağlar, gerisi yalan ağlar” deyilir. Yanınızda kimlər olsa da, heç biri ana şəfqətini əvəz edə bilməz. Əzm, iradə və səbir göstərin ki, seçdiyiniz yolda könül yoldaşınızı yanınızda, ailənizin dayağını isə arxanızda hər zaman hiss edəsiniz.
Mənbə: Milli.Az