Azərbaycanda nikaha girənlərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılaraq qəbul olundu. Dəyişikliyə əsasən bundan sonra nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayışın təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.
Qeyd edək ki, Avropa ölkələrində, eləcə də Türkiyədə nikaha girməmişdən əvvəl qanunla tibbi müayinə və tibbi arayış tələb olunur. Qadında və ya kişidə evliliyə mane olan xəstəliklər - hepatit BC, AİDS, talasemiya, müxtəlif cinsi və ya qan xəstəlikləri həmin müayinə zamanı qeydə alınır. Və ailə quran fərdlərə təqdim edilir. Ailə quran şəxslər onları qarşıda nəyin gözləyəcəyindən əmin olduqdan sonra bu addımı atırlar.
Mütəxəssislərin fikrincə, boşanmaların çoxu ailə qurarkən fərdlərin bir-birinin sağlamlığından xəbərsiz olması və ailə qurduqdan sonra problelərin üzə çıxması ilə bağlı olur. 20 yaşlı Aidə Rəfiyeva 9 aydır ailə həyatı qurub, lakin həyat yoldaşında psixi cə cinsi problemlərin olduğunu iddia edən gənc qadın boşanma ərəfəsindədir: "Biz nişanlı idik onun psixi problemləri olduğunu biləndə. Amma valideynlərim "ayıbdı", "camaat nə deyər" deyə-deyə məni ailə həyatı qurmağa məcbur elədilər. Ailə həyatı qurduqdan sonra cinsi problemləri olduğunu da bildim. Həyatım cəhənnəmə çevrilmişdi. İndi artıq məhkəməyə müraciət etmişəm. Çətin olsa da, valideynlərim də razılaşıb boşanmağıma".
28 yaşlı Nigar Süleymanova isə ailə həyatı qurduqdan bir neçə il sonra həyat yoldaşının xəstə olduğunu bilib. "Yoldaşımda Hepatit C aşkarlandı. Hamı, hətta valideynlərim də ayrılmağımı istəyirdilər. Deyirdilər ki, ayrıl, sənə də keçər. Amma mən ayrılmadım. Dedim ki, keçərsə, qoy keçsin. Mən onu çox sevirəm. İndi vəziyyəti yaxşıdır və mən onunla xoşbəxtəm".
Müsahibimiz deyir ki, ailə qurduqları zaman belə onun xəstə olduğunu bilsəydi də, bu addımı atardı. Heç bir tibbi arayış, heç bir xəstəlik sevginin qarşısında dura bilməz.
Deputat Hadı Rəcəblinin sözlərinə görə, nikaha daxil olan zaman tələb olunan tibbi arayışı fərdlərin bir-birinə təqdim etməsi barədə öhdəlik qoyulmayıb, amma nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və İİV virusunun törətdiyi xəstəliyin (QİÇS) olmasını o biri tərəfdən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Amma bununla yanaşı arayışlar arasına həkim məsləhəti də əlavə ediləcək. "Yəni xəstə şəxsə müalicə olunması məsləhəti haqqında arayış da təqdim ediləcək".
Hüquqşünas Elçin Ağayevin sözlərinə görə, Ailə, İnzibati Xətalar və Cinayət məcəllələrinə ediləcək dəyişikliklərdə nikaha girənlərin saxta arayışlar təqdim etməsi və onların qəbuluna qarşı cəzalar da nəzərdə tutulur. "Qanuna görə, hər iki şəxs tibbi arayış təqdim etməli, VVAQ şöbəsi gizliliyi qorumalıdır. Yəni fərdlərin xəstəliyi bir-birinə bildirilməməlidir. Bu, insanların öz vicdanına buraxılır. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri haqqında məlumatlı olan şəxslər bu sirri qorumalıdır. Şəxslər bu məlumatların açıqlanmasına görə məsuliyyət daşıyır. Bununla belə nikaha girən şəxslərin hüququ var ki, qarşı tərəfin xəstəliyi haqqında məlumatlı olduğu təqdirdə məhkəməyə müraciət edib nikahı ləğv etdirsin".
Müsahibimiz bildirir ki, tibbi müayinə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirlir. Və qanunda həkimin məsuliyyəti bir daha vurğulanır. Qanuna görə, saxta arayış təqdim edən və qəbul edənlər cinayət məsuliyyəti daşıyır.
Ağayev onu da qeyd edib ki, son dövrlərdə boşanma ilə bağlı edilən müraciətlərin hardasa 40 faizi sağlamlıqla bağlı olur: "Əsasən qadınlar müraciət edir. Bəzisi həyat yoldaşının müəyyən xəstəliyi olduğunu bildirir, bəzisi psixi problemi olduğunu deyir. Cinsi probelmlərlə bağlı mürciət edən qadınlar da olub. Buna görə düşünürəm ki, tibbi müayinə ciddi şəkildə nəzarətə alınmalıdır".
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, evlilik zamanı məcburi arayışın tələbi əslində insan haqlarına zidd məsələdir. Lakin bir çox ölkələr əhalinin sağlamlığının təhlili üçün pozitiv diskriminasiyadan istifadə edir və ya radikal addımlar atmalı olur. "Azərbaycanda hökumət tərəfindən belə bir addımın atılmasına səbəb əhalinin ailə münasibətlərinə və ailə qurduğu şəxslərə adekvat münasibətinin mövcud olmamasıdır. Yəni ailə quran şəxslər bir-birinin qarşısında kifayət qədər məsuliyyətli deyil və öz sağlamlıqları ilə bağlı qarşı tərəfə lazımi məlumat vermir. Bəzi hallarda ruhi xəstə olan şəxslərin valideynləri qarşı tərəfə övladlarının xəstəliyi barədə məlumat vermir və faktı gizlədir. Bu isə ailədə dünyaya gələn uşaqların sağlamlığına birbaşa zərər vurmaqla yanaşı qarşı tərəfin həyatını təhlükədə qoya bilir".
Məcburi tibbi yoxlama həmişə effektlidirmi? Həmsöhbətimizə görə, şəxs ailə qurduğu zaman HİV-AİDS-lə bağlı testdən keçə, lakin tibbi arayışı aldığı dövr pəncərə vaxtına düşə bilər. "Bildiyiniz kimi HİV-lə yoluxma dövrünün aşkarlanması 3 ay pəncərə dövründə olur. Və arayışı aldıqda həmin şəxsdə bu, aşkarlanmaya bilər. Lakin şəxs 3 aydan sonra təkrar yoxlamadan keçmir axı. Demək, tibbi arayışın bu halda kifayət qədər effekti yoxdur".
Zeynalova hesab edir ki, əhalinin bu məsələdə şüurunun dəyişməsi gərəkdir. "İnsanlar ailə müasibətlərinin əhəmiyyətini və məsuliyyətini anlamalı, ailə qurduğu şəxsə əşya kimi yox, insan kimi baxmağı öyrənməlidir".
Mənbə: Milli.Az