Toyumuzdan sonra böyük qardaşım məni kənara çəkib dedi: - Bundan belə saçından dırnağınacan atamızın hər günü sənindir. Ona yaxşı baxsan, hörmətin birə-beş artacaq, o biri tərəfini demirəm, savadlı adamsan.
Dünyanın hər üzünü görmüş atamın ahıl, nurani çağları idi. Əlində olan, qismətinə düşəndən razı qalan insanın dili heç vaxt giley-güzar etməz, açılan səhəri təfəkkürlə qarşılar, düşən axşamı şükürlə yola salar, növbəti günü təvəkküllə gözlər, təslimiyyətinin zövqü-səfasının gözəlliyini cilvələndirər ətrafına. Qəlbi bu duyğulara yad olanlar üşüyəndə kölgəyə, tərləyəndə də günəşə asilik edər.
Həftədə bir dəfə üzünü qırxdırardı. O zamanlar “Leninqrad” markalı polad ülgüclər yeni çıxmışdı. Saqqalının tükü pambıq kimi ağ və yumşaq idi. Üzünü isti su ilə yaxşıca isladar, isti suda isladılmış dəsmalla kompres edib sabunlayar və ehtiyatla taraş edərdim. Kiçik yaşlarından yetim qalan atam ömründə heç vaxt sığal görmədiyindən körpə kimi uyuyardı. Elə uyuyardı ki, üzünü qırxıb bitirdiyimə inanmaz, əlini çəkib üzünü yoxlar, gülə-gülə: - Yataqda belə yuxum gəlmir axı, - deyərdi.
Bir ara atama saqqal saxlamağı təklif etdim. Elə bildi ki, üzünü taraş etməyə ərindiyimdən deyirəm. Sonra izah etdim ki, yaşıdları, filankəslər saqqal saxlayır, ona da yaraşar. Atam qarşıda bir təhlükə duyubmuş kimi dedi: - Ay bala, saqqal yaraşmayan üz yoxdur. Saqqalın yükü ağırdı. Onu çəkmək hər saqqallının işi deyil. O qədər haqq-hesab var ki, saymaqla bitməz.
Bu əhvalat bu günlərdə başa çatan Həcc ziyarəti ilə əlaqədar düşdü yadıma. Bayram günü gələnlərdən biri soruşdu: - Heç ürəyinizdən Həcc ziyarətinə getmək keçibmi? Çox dərinə getmədən, - Xatırlamıram, - dedim. Əslində o mübarək torpaqları görməyi kim istəməz? Yunus Əmrənin yadigar misralarında deyildiyi kimi:
Arayıb, axtarıb tapam izini,
İzinin tozuna sürəm üzümü,
Haqq nəsib eyləyə, görəm üzünü,
Ya Məhəmməd, könlüm arzular Səni.
Bir mübarək səfər eyləyib gedəm,
Kəbə yollarında qumlara batam,
Röyada üzünü bir yol seyr edəm,
Ya Məhəmməd, könlüm arzular Səni..
Verilən məlumatlara əsasən, bu il Azərbaycandan Həcc ziyarətinə 4 minə yaxın zəvvar gedib. Allah hamının namaz-niyazını qəbul etsin, hər zəvvarın Hacı məqamı mübarək olsun, Allah niyyəti olan hər kəsə qismət eləsin. Amin!
Müəyyən şərtlər çərçivəsində Hacı olmaq çətin deyil. Günümüzdə Hacı məqamını özünəməxsus şəkildə yaşamaq, layiqincə təmsil etmək çox çətin görünür mənə. Ona görə də Hacı olmağa niyyətlənməzdən əvvəl özümüzü Hacı kimi yaşamağa alışdırmalıyıq. Bu yazını yazdığım günlərdə ZAMAN qəzetində əksər yazılarını sevə-sevə oxuduğum Əli Çərkəzoğlunun “Gedənlərin qayıtması” məqaləsini oxudum. Əli müəllim bir neçə maraqlı məqamlarla yanaşı, Həcc ziyarətini elə xarakterizə edir ki, adamı vahimə bürüyür:
- ...Həcc ibadəti dünyada ikən ölümü yaşamaq, axirəti görməkdir. Yəni o ibadətdə elə əriməli, eqonun, təkəbbürün hər çeşidindən elə sıyrılmalısan ki, bir daha o qına, o qiyafətə girməyəcəkmiş kimi...
...Həcc - həyatda ikən ölməkdir, dünyada ikən axirətə uzanmaqdır, Məşhər çölündəki kimi ağ kəfənə bürünüb, “əmrinə gəldim, İlahi; hüzurundayam, ey Rəbbim, məni Sən yaratdın, Sən yaşatdın, verdiyin hər şey üçün Sənə borcluyam, yalnız Sənə itaət və ibadət edirəm” nidasını kainata elan edərək, planetlər Günəşin başına hərlənən kimi Kəbənin ətrafında dolanaraq, kainatın fövqünə yüksəlməkdir... (14 oktyabr 2014, ZAMAN)
Əli müəllimin sözünə qüvvət olaraq, ingiliscədən çevirdiyim yazımıza həmahəng, bir şeyxin dilindən söylənən İslam hekayəti ilə davam etmək istərdim:
Bir gün yeniyetmə oğlanın cəngəllikdən bir şeylər söyləyərək keçdiyini gördüm. Salam verdim, gözəl şəkildə aldı, hara getgiyini soruşdum. Cavab verdi: - Allahın evinə (Məkkəyə)
- Söylədiklərin nədir elə?
- Quran.
- Sən hələ kiçiksən. Bu vəzifəni yerinə yetirməyə bilərsən.
- Ölümün məndən də kiçik olanları apardığının şahidi oldum, mənim də qapımı döymədən hazırlaşmaq istədim.
- Addımların kiçik, mənzilin isə uzaq.
- Addım atmaq mənim borcum, mənzilə yetişdirmək isə Allahın təqdiridir.
Mən sual verməyə davam etdim:
- Azuqən, miniyin görünmür.
- Ey şeyx, sizi qonaq dəvət edənin evinə öz ərzağınızı götürsəniz, yerinə düşərmi?
Mən dərhal: - Xeyr! - dedim.
- Elə isə Allahım qulunu Öz evinə dəvət edibsə, özünlə ərzaq aparmaq imanın zəifliyi deməkdir. Sizcə, Allah mənim zay olmağıma razı olarmı?
- Heç vaxt! - dedim. O, yoluna davam etdi. Bir müddətdən sonra onu Məkkədə gördüm. O, mənə yaxınlaşdı və soruşdu:
- Ey şeyx, siz hələ də o zəif imanınızlasınızmı?
İnsan bu və ya digər mövqeyə yalnız özü üçün, şəxsi mənafeyi üçün çatmağa çalışmamalıdır. Hər bir mövqe sahibi həm də təmsilçidir, elmi dillə desək, “image maker”dir. İnsan Allahın ona qismət elədiyi hər şeyin məsuliyyətini hiss etməli, onu Yaradanı razı salacaq şəkildə təmsil etməyə çalışmalıdır. Hazırda Oxuduğum “Siz Varlı Doğulmusunuz” (”YOU WERE BORN RICH” Bob Proctor) kitabından bir parçanı birlikdə oxuyaq:
Bir keşiş ucqar bir kəndə gedirdi. Ətrafı çəpərlənmiş, son dərəcə səliqə-sahmanlı bir ferma diqqətini çəkdi. Yoldan xeyli aralıda yerləşən ev də çox səliqəli görünürdü. Evin ətrafını və ona uzanan yolun hər iki tərəfini yaxşı qulluq edilmiş gül-çiçəklər bəzəyirdi. Keşis sağ tərəfə boylananda təəccübü bir az da artdı. Yolun bu tərəfində torpaq elə səliqə ilə şumlanmışdı ki, şırımlar sanki paltar asılan iplər kimi səliqə ilə yan-yana düzülmüşdü. Xeyli uzaqda traktorla işləyən fermer görünürdü. Keşiş tələsmirdi. Fermer ona yaxınlaşana qədər o, xəfif külək, mülayim günəş və ətrafdakı gözəllikləri udumlayaraq sakitcə dayandı. Çəpərə söykənib duran keşişi görən fermer traktorunu saxlayıb düşdü və ona tərəf gəldi. Keşiş əlini yelləyərək təbəssümlə dedi: - Cavan oğlan, Allah sənə belə gözəl təsərrüfat qismət eləməklə çox böyük lütf göstərmişdir.
Fermer heç bir söz demədən dəsmalını cibindən çıxarıb günəşin qaraltdığı alnının tərini sildi, o biri əli ilə ağzında oynatdığı uzun samanı alıb alçaq tonla, ancaq qətiyyətlə dedi: - Bəli, möhtərəm keşiş, Allah gördüyünüz bu gözəl təsərrüfatı verməklə mənə böyük lütf göstərmişdir. Kaş ki siz bu yerin Allahın mənə qismət elədiyindən əvvəlki halını görəydiniz!
Daha bir xristian, Mətyu Henrinin (Matthew Henry-1662 -1714) duasını dinləyək:
- Allahım, Sənə şükür edirəm, birincisi, əvvəllər heç vaxt məni soymamışdılar, ikincisi, ona görə ki, onlar mənim canımı deyil, pul kisəmi aldılar, üçüncüsü ona görə ki, onlar nəyim vardısa hamısını aldılar, o da ki çox deyildi və dördüncüsü ona görə ki, məni soydular, amma mən heç kəsi soymadım.
Bu dua adamı lap sümüyünəcən utandırır. Çoxumuz üzümüzə bir neçə dəfə qonan milçəyi az qala topla vurmaq istəyirik ki, acığımız soyusun. Bu insan hər şeyə şükür edir. Sədi Şirazinin dediyi kimi:
Məgər əldə-dildə varmı ki hünər,
Edə Xaliqə şükr lazımi qədər?..
Səhvim varsa, din alimləri cahilliyimə bağışlasınlar, gərək, Həcc ziyarətinə getməzdən əvvəl bu cür xarakterə yiyələnəsən ki, daşıdığın adın fəziləti əməlində günəş kimi parlasın.
Ədəbiyyat müəllimimiz rəhmətlik Ənvər müəllim deyərdi ki, bir gün, deyəsən, Sədi Şirazi yol gedərkən şəhər meydanında söyüş, səs-küy eşidir. Maraqlanıb soruşur, deyirlər ki, bir cahil bir alimi təhqir edir. Şair deyir ki, günahkar alimdir. Deyirlər ki, alimi bir cahilə qurban vermək hə qədər ədalətlidir? Şair fikrini belə tamamlayır: - O, əsl alim olsaydı, məsələni bu həddə çatdırmazdı.
Yazıma sonluq olaraq onu qeyd etmək istərdim ki, dilimizdə işlənən “həm ziyarət, həm ticarət” deyimi bəlkə də Həcc ziyarəti haqqında deyilib. Çünki bu ziyarət zamanı insan neqativ hər şeyini tərk edib ülviləşir, mələkləşir. Bundan daha xeyirli ticarətmi olar?
Allah bir daha Allah evini ziyarət edənlərin dualarını qəbul buyursun, həsrətini çəkənlərə də bu müqəddəs səfəri qismət eləsin. Amin!
Mənbə: Milli.Az