Son zamanlar sosial şəbəkələrdə işıqlandırılan mövzulardan biri də budur: Görəsən, Babək kafir olub, yoxsa dindar!?
Babəkin nə kafir, nə də dindar olması haqda əlimizdə obyektiv faktlar yoxdur. Baxmayaraq ki, Babək barədə kifayət qədər mənbələr var. Babək barədə gələn bir neçə mənbəni araşdırsam da, onun kafir olması barədə tutarlı, məntiqli dəlil tapa bilmədim. Düzdür, Babək barədə gələn mənbələrdə qeyd edilir ki, Babək kafir olub. Lakin həmin mənbələrin sahibləri demək olar ki, hamısı qərəzli abbasilər tarixçiləri idi. Babək də işğalçı abbasilərə qarşı vuruşduğu üçün həmin xilafətin tarixçiləri tərəfindən kafir kimi qələmə verilməli idi. (Necə ki Osmanlı dövründə Səfəvilər, hazırkı dövrdə Səudiyyə Ərəbistanı düşünür ki, indiki İran və Azərbaycan , İraqın bir hissəsi şiə olduqları üçün kafirdir.) Abbasi mənbələri yazır ki, Babək İslam işğalına qarşı vuruşub. Əslində, Babəkə qədər 150 ildən çox idi ki, Azərbaycanda İslam qəbul edilmişdi. Cənubi və Şimali Azərbaycanda Əhli-beyt məsumlarının, nümayəndələrinin qəbirləri bunu sübut edir ki, o vaxtı Əhli-beyt (ə) düşmənləri olan abbasilər tərəfindən incidilən Peyğəmbər (s) nəsli indiki İran və Azərbaycan ərazisinə pənah gətirirmişlər. İmam Museyi Kazimin (ə) övladları, o cümlədən Babək dövründə Bakıya pənah gətirmiş Həkimə xanım (Bibiheybət), Gəncə və Bərdədəki imamzadələr onu göstərir ki, Babək dövründə Azərbaycan İslamı qəbul edibmiş.
Nizamimülk “Siyasətnamə” əsərində abbasi tarixçilərinə istinadən qeyd edir ki, Möhtəsim Babəki məhv etməsəydi, halal harama qarışmışdı. Lakin Nizamimülk əsərində Möhtəsimin bir məclisdə şərab içib, sonra 3 ayrı qapıdan 3 otağa girməsi və sonradan özünün dediyi kimi, 3 qızın – Rum İmperatoru, Mazyar və Babəkin qızlarının bəkarətini pozması və bunu qonağına deməsi onu göstərir ki, mənbələr bizə Möhtəsimin kim olması haqda əl yeri qoyublar. İstənilən tədqiqatçı sual verə bilər ki, Möhtəsim özü pis işlərdən çıxırdısa, o Babəklə hansı halal-haram müharibəsi apara bilərdi.
İkincisi, mənbələrə görə, Babək 200 000 - 1 000 000 sayında ərəb işğalçısı qırıb. Yaxşı, sərkərdə Babəkin ətrafında bir molyona yaxın kafir var idi? Axı qeyd etdik ki, Azərbaycan ərazisi həmin dövrdə bir əsrdən çox idi ki, İslami qəbul etmişdi.Üçüncüsü, Babək abbasilərin 5 böyük ordusunu məhv etmişdi. Tarixçilər bildirir ki, həmin orduların hər biri dünyanı tutmağa qadir idi. Bəs necə olur ki, “pozğun əqidəli” Babək (əlbəttə, bəzi tarixçilər Babəki və ətrafındakıları pozğun adlandırır) həmin möhtəşəm orduya qarşı nizamlı bir ordu qura bilir?Sonda isə qeyd edək ki, sözügedən məsələ barədə gələn mənbələrin hamısı qərəzli abbasi tarixçiləri olduğu üçün Babək barədə fikirlər ziddiyyətlidir. Necə deyərlər, tarixi iqtidarlar yazır. Abbasilər dövləti də 500 il hakimiyyətdə olduqları üçün təbiidir ki, öz düşmənlərini kafir kimi qələmə verməlidirlər.
Mənbə: Milli.Az