Qadin.NET / Acı ləzzət: şirin şokolad yağı

Acı ləzzət: şirin şokolad yağı

 

Valideynlərin şokoladdan xəbəri yoxdur

Valideynlər üçün uşaqlara səhər yeməyi yedirtmək olduqca çətindir. Əksər valideynlər səhər yeməyi mövzusunda olduqca inadcıl olub sağlam qidalara üstünlük verdiyi halda, bəziləri təki uşaq bir tikə yesin prinsipi ilə onlara nə gəldi yedirməyə çalışır. Düzdür, səhər qidası olduqca faydaladır. Üstəlik məktəb yaşlı və daimi zehin işlətmə məcburiyyətində olan uşaqlar üçün səhər yeməyi əvəzsiz bir qidadır. Lakin səhər yeməyində nələrin yeyilib, nələrin yeyilməyəcəyi də ən az özü qədər önəmlidir.
Sırf səhər yeməyidir deyib uşaqlara müxtəlif qidalar yedirmək onların sağlamlıqları ilə oynamaqdır və bu cür qidalandırılmanın uşaq orqanizmi üçün xeyirdən çox ziyanı mövcuddur. Məsələn, valideynlər uşaqların səhər yeməyini daha zəngin etmək və bir növ onları iştaha gətirmək üçün müxtəlif şokolad yağlarına müraciət edirlər. Əksər valideynlər elə düşünür ki, şokolad yağı uşaq sağlamlığı üçün elə də ziyanlı deyil, çünki tərkibi ərinmiş şokoladdır. Bu cür qidalanma şirin olduğu üçün həm uşağa zövq verər, həm də onun zehni baxımdan daha güclü olmasına kömək edər. Təbii ki, övladına sevərək şokolad yağı yedizdirən valideynlərin əsl tərkibdən xəbərləri yoxdur. Maraqlıdır ki, yağın tərkibi gizlədilmir və olduğu kimi qablaşdırılmaların üzərində verilir. Valideynlər isə aldıqları məhsulun tərkibinə baxmadan qablaşdırılma üzərindəki ağzı-burnu şokolad yağı olan uşağın iştahına aldanır. Bu cür olduqca xoş dizaynla bəzənmiş şüşələri isə uşaqlara göstərmək kifayətdir ki, onlar bütün sağlam səhər yeməyi qidalarından imtina edib şokolad yağı üçün mübarizə aparsınlar.
Əslində, bu cür qablaşdırılmaların heç bir tərəfində "şokolad yağı" yazısı yoxdur. Görünüş etibarilə yağ şokolada bənzəsə də, qablaşdırmaların üzərində fındıq yağı yazılır və tərkib hissəsində şokoladdan söhbət belə getmir. Əsas etibarilə fındıq yağından hazırlandığı bildirilən şokolad yağlarının tərkibində sadəcə 13% yağ, qalan maddələrin şəkər, kakao tozu, quru süd, emulqator, dadlandırıcı, ətirləndirici və bu kimi maddələrin olduğu göstərilir. Qida dəyəri baxımından zülal və karbohidratdan da olduqca az olan məhsullar əsas etibarilə yağ deposu sayılır və bu cür qidalanmanın da orqanizm üçün faydalı olma ehtimalı çox azdır.
Qidalanma məsələləri üzrə ekspert Möhsün Quliyevin sözlərinə görə, bu cür yağlar tərkib etibarilə heç də faydalı deyil və nəinki uşaqlar, hətta böyüklər də bu yağlardan istifadə etməməlidir. Kakaolu fındıq yağı deyilən yağların əksəriyyəti marqarindir və indi faktdır ki, bir çox qidaların qablaşdırılması üçün lazım olan əşyalar xarici ölkələrdən gətirilir. Tərkib etibarilə isə tamamilə yerli olur: "Lesitin adlı maddə var ki, bu, ya soya bitkisindən, ya da yumurtanın sarısından əldə edilir. Şokolad yağı kimi bildiyimiz bu qarışığın içərisində də xüsusən soya lesitinləri vurulur ki, bu soyaların əksəriyyəti GMO-dur. Vurulmağına səbəb isə kakaolu marqarinin dadını, necə deyərlər, tutdurmaqdır. 2012-ci ildə belə şokolad yağlarının birinə çəkilən reklamda şokolad yağı "sağlam və bəsləyici qida" olaraq tanıdıldığından firma məhkəməyə verilir və olduqca böyük bir miqdardan olur. Amerikada baş verən bu hadisədə məşhur bir şokolad yağı firması nəticə olaraq bildirir ki, kalori bombası sayılan bu qida erkən yaşlarından uşaqlara verilərsə, bunun məsuliyyəti valideynlərdədir. Bu da onu göstərir ki, sağlamlıq baxımından uşağa heç bir xeyri olmayan bu qidalar zərərli olan minlərlə qazlı içki, kartof, peçenye və bu kimi uşaqların sevdiyi ləzzətlərdəndir və alıb-almamaq tamamilə valideynin öhdəliyindədir".
Şokolad yağlarının zərərlərindən danışan pediatr Xatirə İsayeva isə bildirir ki, ev üsulu ilə hazırlanmış şokolad yağının bənzəri həm uşaqlar üçün, həm də xeyirli olan qidaları övladına yedirə bilməyən analar üçün gözəl çıxış yoludur. Şokoladdan xəbəri olmayan marqarinləri uşaqlara yedirməklə həm onların səhər yeməyindən yan keçməsinə, həm tərkib etibarilə həddindən çox kalorisi olduğuna görə, artıq çəki yaranmasına, əksər yağların tərkibində olan palma yağının mədədə artıq qalıq kimi yığılıb həzm olunmamasına, uşaqlarda başda iştahasızlığın yaranması ilə yanaşı zamanla mədə ağrılarının yaranmasına səbəb ola bilər: "Təbii kərə yağına əzilmiş fındıq və bir miqdar bəkməz və ya bal əlavə etməklə ev üsulu ilə şokolad yağı əldə etmək mümkündür. Kakao tozu qatmaq yerinə uşaq üçün hazırlanan şokoladların əridilərək qatılması da olduqca ləzzətli bir qarışıq yaradacaq ki, uşaqları bu cür ev üsulu ilə hazırlanan qidalara öyrəşdirmək daha faydalıdır. Tərkibi bilinməyən şokolad yağlarını uşaqlara yedirmək onların zehni inkişafına ziyan vurmaqla yanaşı mədənin qidanı həzm etməsi və yeni qida tələb etməməsinə, nəticədə uzun müddətli toxluq hissinin yaranmasına bu hissdən dolayı uşağın sonrakı günorta və şam yeməklərindən də imtina etməsinə səbəb olur. Səhər yeməyi adına verilən bu cür yağlar erkən yaşlarda uşaqlarda mədə qıcqırmasına, ağızda acılığa, yorğunluq və aclıq ola-ola yemək yeyə bilməməsinə səbəb olur. Uşaqları şokolad yağına vərdiş etmiş valideynlər əvvəlcə özləri də bu qidadan imtina etməli və daha sağlam yollarla ev üsulu ilə yağlar hazırlamağa cəhd etməlidirlər". 

Mənbə: Milli.Az

 

29 oktyabr 2014
GO BACK