Azərbaycanda "Korona" virusu qeydə alınmasa da, bu virusa xarici ölkələrdə rast gəlindiyindən ölkəmizdə də ona qarşı qabaqlayıcı tədbirlər görülməlidir.
Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyib.
Onun sözlərinə görə, "Korona" virusunun ölkəmizdə yayılma ehtimalı yoxdur. Buna baxmayaraq, digər infeksiyalara qarşı mübarizə aparıldığı kimi, bu virusa qarşı da mübarizə aparılmalıdır.
Ş.Qurbanov bildirib ki, "Korona" virusu dəvələr, quşlar arasında yayılır, insanlara kontakt yolu ilə keçir. Virusun əlamətləri qripə oxşayır, ancaq insanın bu virusa yoluxması və onun qrip olduğu, yaxud "tac" virusuna yoluxduğu yalnız laborator şəraitdə təsdiqlənir. "Korona" virusu da digər respirator xəstəliklər kimi ağcıyərləri, bronxları zədələyir. Bu virusa yoluxanlarda bağırsaq pozğunluqları, boğaz ağrıları, başağrısı, asqırmaq, əzginlik halları ola bilər. Xəstəliyin inkubasiya dövrü 2-3 gün davam edir, ümumilikdə isə xəstəlik 6-7 gün ərzində müşahidə edilir. Xəstəlikdən ölüm halları insanın immuniteti çox aşağı olduqda baş verir: “Ümumiyyətlə, virus infeksiyalarının xüsusi müalicəsi olmur, simpotamik müalicəsi aparılır. Viruslar çox çətin müalicə olunan infeksiyalardır”.
Ş.Qurbanov onu da əlavə edıb ki, Azərbaycanda indiyə kimi Ebola virusuna yoluxmaqda şübhəli bilinən şəxs olmayıb. İndiyədək stansiyaya xəstəlik barədə məlumat almaq məqsədilə 10-12 nəfər müraciət edib.
Xatırladaq ki, "Korona" virusuna yoluxma halı artıq İran və Türkiyədə qeydə alınıb. Türkiyədə oktyabrın 24-də ilk dəfə "Korona" virusundan ölüm faktı aşkarlanıb. Xəstəlik bu ölkələrə Səudiyyə Ərəbistanına ziyarətə getmiş zəvvarlar vasitəsilə gətirilib.