Dəri hüceyrələrini müəyyən molekulyar təsirə məruz qoyaraq beyin hüceyrələrinə çevirmək mümkün olub. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, kifayət qədər qeyri-adi sayılacaq bu əməliyyatı Vaşinqton Universitetinin tibb məktəbinin əməkdaşları aparıblar. Tədqiqatın nəticələri Neuron jurnalında dərc olunub.
Alimlər mikro-DNT və transkripsion faktorların kombinasiyasından istifadə edərək dəri hüceyrəsini müəyyən beyin hüceyrəsinə çevirə biliblər. Əldə edilən hüceyrələr Hantinqton xəstəliyinin müalicəsində yardımçı ola bilər.
Qeyd edək ki, Hantinqton xəstəliyi irsən keçən genetik xəstəlikdir. Bu xəstəlik insanın intellektual imkanlarını azaldır, özündən asılı olmayan hərəkətlərə vadar edir. İnsanda Hantinqton xəstəliyi aşkarlandıqdan sonra ən uzağı 20 il yaşaya bilir.
Mənbə: Milli.Az