Qadin.NET / Onlar diri hesab ediləcəklər

Onlar diri hesab ediləcəklər

 

Vaxtından əvvəl doğulan körpələrlə bağlı meyarlar dəyişdirildi

Nazirlər Kabineti "Diridoğulmanın beynəlxalq meyarları"nın tətbiq edilməsi haqqında qərar qəbul edib.
Anspres-n məlumatına görə, Nazirlər Kabineti Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq qərar verib.
Qərara əsasən, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün səhiyyə müəssisələrində 2015-ci il yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi "Diridoğulmanın beynəlxalq meyarları" tətbiq ediləcək. 
Eyni zamanda, Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsi bu qərardan irəli gələn məsələləri həll etməlidirlər. 
Qeyd edək ki, Azərbaycanda tətbiq edilən əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsindən tez doğulan körpələr “uşaq” adlandırılmırdı. Onlara “gecikmiş düşük” deyilirdi. Əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsində doğulan, çəkisi 1 kq-dan çox olan və həyat əlamətləri görünən körpələr "diridoğulmuş uşaq” hesab edilirdi.
Yeni meyarlar əsasında isə bu müddət 28 deyil, 22 həftə müəyyən edilib. Artıq hamiləliyin 22 həftəsindən tez olmayaraq doğulan körpənin bədən çəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlaməti - ürək döyüntüsü, nəfəs alma, yaxud əzələlərin hərəkəti müşahidə edilirsə, o, diridoğulmuş uşaq sayılır.

Mənbə: Milli.Az

 

26 oktyabr 2014
GO BACK