Qadin.NET / Daha onu axtarma...

Daha onu axtarma...

 


Payız gəlmiş, yağışlar yağmağa başlamışdı. Hər gün göy üzündə köçəri quşlar cərgə-cərgə cənuba, isti ölkələrə doğru köç edirdilər. Havalar soyuyur, saralmış yarpaqlar budağından qopub ətrafa səpələnirdi. 

Bir səhər pəncərədən çölə baxırdım. Hava tutqun idi, nədənsə ürəyim sıxılırdı. Pəncərəni açıb qarşısında dayandım və həyətə baxmağa başladım. Pəncərəmin lap qarşısındakı budağa qonmuş qaranquş diqqətimi çəkdi. O qaranquşu yaxşı tanıyırdım, evimizin divarında yuvası vardı. Təəccübləndim ki, bu niyə uçub getmir. Qaranquş da boynunu büküb, gözünü mənə zilləmişdi. Beləcə mən ona, o da mənə baxırdı. Birdən qaranquş adam kimi dil açdı: 
- İcazə ver, mən də evə gəlim, sənə yoldaş olum, ürəyimə damıb ki, uçub getsəm, mənzil başına çatmadan öləcəm. Qoy sizin evinizdə qalım, mahnı oxuyaram, kefinizi açaram. Sən mənə yaxşılıq eləsən, Allah da sənin bu yaxşılığını mükafatlandırar. 
Əsəbləşdim, “elə bircə bu çatmırdı”. Əlimin arxası ilə “kişş” eləyib pəncərəni bağladım. Qaranquş mənim bu sərt rəftarımdan hürkdü və uçub getdi. Qonduğu o nazik budaq bir müddət yırğalana-yırğalana qaldı. Heç üç dəqiqə keçməmişdi ki, öz əməlimdən peşman oldum: “Axı bu yazıq quşcuğazın qəlbini niyə qırdım? Evdə qalsaydı, bizə nə ziyanı olacaqdı ki?” Elə bu düşüncə ilə də durub həyətə çıxdım, o qaranquşu axtardım ki, sözümü geri götürüm və onu evimizə dəvət edim, amma nə qədər gəzib dolaşsam da onu tapa bilmədim. Öz-özümə qərar verdim ki, harada rastıma çıxsa, ondan üzr istəyəcəm, deyəcəm ki, o dəfə qanım qara olduğu üçün düşünmədən rədd cavabı vermişəm. Gözüm havada, yuvada, ağacların budağında idi, amma nə qədər gəzsəm də, onu görə bilmədim. O biri quşlardan soruşdum, hamısı da başını buladı.
Qış keçdi, yenə yaz gəldi, qaranquşlar, durnalar qatar-qatar uçub gəlməyə başladılar. Hər qaranquşdan onu soruşurdum: “gördüm” deyən olmadı. Nəhayət, qaranquşlardan biri mənə belə dedi: 
- Daha onu axtarma, məgər sən bilmirsən ki, biz qaranquşların ömrü cəmi bircə mövsüm olur?
Mənbə: Milli.Az

 

26 oktyabr 2014
GO BACK