Qadin.NET / İnsanlar niyə bədbəxtdir və niyə intihar edirlər?

İnsanlar niyə bədbəxtdir və niyə intihar edirlər?

"Elmin insanlar arasında güclü emosional bağları qurmaq üçün təklif edəcəyi heç bir dəyər yoxdur. Mendeleyevin Dövri Elementlər Cədvəli gözəlliyi aşan intellektual eleqantlıq nümunəsi kimi qəbul edilə bilər, ancaq o heç bir zaman insanlar arasındakı bağı nə gücləndirə biləcək, nə də cəmiyyəti bir araya gətirmək gücünə sahib olacaq". 

Emile Durkeim kapitalizmin bizi zənginləşdirdikcə nə üçün daha da bədbəxt etdiyini, hətta intihara sürüklədiyini izah edən filosoflardan biridir.
O, 1858-ci ildə Almaniya sərhədi yaxınlığında yerləşən Fransa şəhəri Epinalda dünyaya gəlib. Dindar yəhudi ailəsində böyüyən Durkeim,Tanrıya inanmasa da, dinin insan həyatında oynadığı rolu dəyərləndirir və ona qarşı xoşməramlı münasibət sərgiləyirdi. Son dərəcə ağıllı tələbə olan Durkeim Parisin elit təhsil mərkəzi sayılan "Ecole Normale Supérieure"da təhsil alır, sonra isə Bordo universitetində işləməyə başlayır. 40 yaşına çatanda isə məşhur Sarbonna universitetində prestijli vəzifəyə yüksəlir və professor titulu alır. Durkeim cəmiyyətdə yüksək sosial statusa, hörmətə sahib olsa da, qeyri-ənənəvi düşüncə tərzini dəyişmir, bilgiyə olan acgözlülüyü onu heç zaman tərk etmir. Filosof 1917-ci ildə ürəktutmasından vəfat edir.
Durkeimin yaşadığı dövrdə Fransada böyük iqtisadi dəyişikliklər baş verirdi. İqtisadiyyatda əsasən kənd təsərüfatının üstünlük təşkil etdiyi o dövrün Fransası sürətlə şəhərləşməyə və sənayeləşməyə doğru gedirdi. Durkeim Fransanın sənayeləşdikcə varlandığını, kapitalizm sisteminin son dərəcə məhsuldar olduğunu və hətta qismən insanları daha azad etdiyini görürdü. Ancaq onu bu sistemdə maraqlandıran bir önəmli cəhət var idi: bütün bu zənginləşmənin insanda yaratdığı psixoloji problemlər. Durkeim bütün karyerasını bu problemi araşdırmaqla keçirir. O, aydın şəkildə görürdü ki, yeni iqtisadi sistem orta təbəqə yaratmaqla bərabər, həm də insanların beynində nəsə xüsusi dəyişikliyə səbəb olmaqdadır. Rəqəmlər göstərirdi ki, bu sistem insanları daha çox intihara sürükləyir.  
Durkeim 1897-ci ildə tamamladığı məhşur “İntihar”” adlı əsərində bu fenomeni dərindən araşdırır və o zamana kimi tarixə məlum olmayan həqiqətləri gün işığına çıxarır. Durkeimin ortaya çıxardığı tragik həqiqət bu idi ki, ölkələr sənayeləşdikcə və istehlakçı kapitalizm gücləndikcə intiharların sayı da sürətlə artır. O, faktlar əsasında sübut edirdi ki, məsələn, sənayeləşmiş Britaniyada intiharların sayı İtaliyadan iki dəfə çoxdur. Təhsilin intihara təsirini araşdırarkən məlum olur ki, savadlı insanların çoxluq təşkil etdiyi cəmiyyətlərdə intihar halları savadsızların çoxluq təşkil etdiyi cəmiyyətdəkilərdən daha çoxdur. Sonrakı fakt onu göstərir ki, protestant ölkələrdə intihar hallarının sayı katolik ölkələrdəkindən daha çoxdur. Və ya orta təbəqə arasında intihar halları kasıblarla müqayisədə daha çoxdur.
Durkeimin intiharlara fokuslanmaqla, o, böyük cəmiyyətlərdə bədbəxtlik və ümidsizliyin miqyasını ortaya çıxarmağa hesablamışdı. İntihar kapitalizim sisteminin yaratdığı mənəvi stresin nəticəsi kimi görünürdü. Ancaq bu hələ aysberqin yalnız görünən tərəfi idi.
Müasir cəmiyyətlərdə insanların iş imkanları, hərəkət azadlığı, istehsal olunan çoxlu say məhsulu almaq imkanı əcdadlarının xəyalına belə gətirə bilməyəcəyi miqyasda idi. Ancaq müasir insan, əcdadlarına nisbətən özünü daha bədbəxt və ümidsiz hiss edirdi. Öz karyerası boyunca Durkeim bu fenomeni izah etməyə çalışmış və bunun yaranma səbəblərini beş əsas faktorla izah etmişdi:
1. Fərdiyyətçilik (İndividualizm) 
Ənənəvi cəmiyyətlərdə insanların şəxsiyyəti (identifikasiya) tayfayla və ya məxsus olduqları sosial siniflə sıx bağlı idi. Onların inancı, həyata baxışları, görəcəkləri işlər və sosial statusları artıq doğulduqları andan müəyyən olunmuşdu. Onların seçim imkanları çox məhdud idi və əvvəlcədən müəyyən edilmişdi. İnsanlar şüurlu şəkildə nə peşə seçə, nə evlənə, nə də öz dini seçimlərini edə bilirdi. Bütün bunlar qeyri-şüuru baş verirdi. Bir insanın çörəkçi, lüterançı ola bilməsi və kiminlə evlənməsi onların ailəsi və mövcud sosial fabrik tərəfindən əvvəlcədən müəyyən edilirdi.
Ancaq kapitalizm sistemində həyatdakı bütün seçimləri (tayfa və ya millət bu seçimlərə qarışmır) edən fərdin özüdür. Peşəni, üzvü olacağı dini və evlənəcəyi adamı fərd artıq özü seçir. Fərdiyyətçilik bizi öz talelərimizin sahibi olmağa məcbur edir. Qısa desək, bizim seçimlərimiz bizim həyatımızı müəyyən edir. 
Əgər hər şey yaxşı gedirsə, biz güvənlik qazanırıq, ancaq işlər pis getdikdə, bizim özümüzdən başqa günahlandıracağımız heç kəs qalmır. Biz bütün məsluliyyəti öz çiyinlərimizdə daşımağa məcbur oluruq. Biz daha bəxtsizlikdən gileylənə bilmirik, ürəklərimizin dərinliyində bu durumu özümüzün seçdiyini etiraf edirik. Fərdiyyətçilik bəxtin və şansın həyatda oynadığı rolu sıfıra endirir. Bu sırf müasir kapitalizmin yaratdığı ağır yükdür. 
2. Həddindən artıq ümid
Kapitalizm ümidin güclənməsinə səbəb olur. Kapitalizm bizim qulaqlarımıza pıçıldayır: sən - əgər çox çalışsan – rəhbər vəzifədə ola bilərsən. Hər kəs böyük arzulara sahib olmalı və böyük düşünməlidir. Kapitalizim deyir: sən artıq keçmişin buxovlarından azadsan, sən həyatını seçməkdə sərbəstsən. Reklamlar bizə sonsuz lüksü göstərir və deyir: əgər kartını düzgün oynasan, o zaman bütün bunlara sən sahib olacaqsan. Uğur imkanları genişlənir... ona paralel məyus olmaq imkanları da artır. 
İnsanlar arasında paxıllıq artır. Bir insanın varlanması digərlərini dərindən məyus edir. Bu məyusluğun səbəbi varlanmış insanın pis adam olmasından qaynaqlanmır, sadəcə insanlar düşünür ki, varlanmaq əlçatan bir şeydi, amma onlar hələ ona çata bilməyiblər. Kapitalizmin pozitivlik saçan tərəfi Durkeimi daha çox hiddətləndirirdi. Onun baxışına görə, müasir cəmiyyətlər həyatın doğurduğu kədəri və acını asanlıqla həzm edə bilmirlər. Biz kədərin səbəbini uğursuzluqda axtarmağa meyilliyik. Əslində isə, kədər sadəcə insan yaşantısının mahiyyətindən qaynaqlanır.
3. Biz həddən artıq azadıq
Romantik ədəbiyyatda da geniş yayılmış ənənəvi cəmiyyətlərə etirazın arxasında - daha çox “azadlıq” istəyi vardı. Üsyankar tiplər sosial normaların həddindən artıq çox olmasından şikayətlənirdilər – onlar nə geyinməyin, bazar axşamı nə etməyin, qadının hansı bədənin üzvünün nümayiş etdirməli olduğunun diqtə edilməsindən gileylənir və bundan qurtulmağa səsləyirdilər.
Kapitalizm - romantik inqilabçıların əvvəlki cəhdlərindən sonra sosial normaları amansızca dağıtmağa başladı. Dövlətlər getdikcə daha çox mürəkkəbləşməyə, müxtəlifləşməyə və anonimləşməyə üz tutdu. İnsanları birləşdirən ümumi dəyərlər kəskin şəkildə azalmağa başladı. İnsanlar tərəfindən özününküləşdirilən norma və qaydalar artıq öz funksiyalarını itirdi.  
Necə bir karyera qurmaq istəyirsən? Harada yaşamaq istəyirsən? Necə bir tətil könlüncə olar? Evlilik necə olmalıdır? Uşaqları necə böyütməlisən? Ancaq kapitalizm sistemində bu suallara veriləcək kollektiv hazır cavablar yox dərəcəsindədir. “Sənə nə uyğun gəlirsə” cavabı qulağa xoş gəlir və dostyana səslənir, ancaq bu cavabın özündə həm də cəmiyyətin insan taleyinə qarşı laqeydliyi gizlənməkdədir. Bu sistem içərisində olan cəmiyyətlərdə həyatın təməl suallarına cavablar tapmaq fərdlərin öz öhdəsinə buraxılır.
Biz özümüzü güvənli hiss etdiyimiz anlarda həyatı yenidən qurmağı, hər şeyi özümüz həll etməyi düşünür və bu düşüncələrimizdən həzz alırıq. Ancaq reallıqda Durkeimin də müşahidə etdiyi kimi, biz özümüzü çox yorğun, taqətsiz, həddən artıq məşğul hiss edir və bu kimi suallar qarşısında çaşıb qalırıq. İnsan anlayır ki, onun kömək ala biləcəyi heç bir qapı yoxdur.
4. Ateizm 
Durkeim özü ateist olsa da, dinin kommunal (yəni hər hansısa birliyə aid olma hissini gücləndirən normalar, davranış qaydaları və s.) hissəsinin məhv olmasından böyük naratlıq keçirirdi. Çünki Durkeim hesab edirdi ki, dinin özü nə qədər məntiq çərçivələrini aşsa da, onun məhz kamunal hissəsi dağılmağa başlayan sosial birliyi bərpa etmək üçün ən yaxşı vasitədir.
Faktiki yanlışlığına baxmayaraq, Durkeim dinin insanlara verdiyi birlik, icma hissini yüksək dəyərləndirirdi: “Din insanlara bu dünyadan kənardakı həyatın indiki yaşadığımız bütün çatışmazlıqları aradan qadıracağı bir dünyagörüşü gətirir. Bu dünyagörüşü insanların ədalətsizliyi, bərabərsizliyi daha az ağrı ilə qəbul etməsinə kömək edir və insanların ümidsiz vəziyyətə düşməsinin qarşısını alır”.
Karl Marks dinə nifrət edirdi, çünki Marksa görə, din insanlara bərabərsizliyi asanlıqla qəbullanmağa kömək edir və onların müqavimət göstərmək hissini məhv edir. Din, “tiryək” kimi insanların ağrılarını kütləşdirir və onların iradəsini əlindən alır. Ancaq Marks dini tənqid edərəkən, əmin idi ki, bərabərliyi təmin edəcək sistem qurulduqdan sonra bu “tiryək” məsələsi də aradan qalxacaq. 
Durkeim isə Marks qədər optimist olmadığından düşünürdü ki, bərabərsizliyi aradan qaldırmaq müşkül (hətta mümkünsüz) olduğundan, ən yaxşı yol onla yaşamağa necəsə öyrəşməkdir. Bu düşüncə tərzi onun həyatı yüngüləşdirən, onun psixoloji təyziqini azaldan ideyaları müsbət qiymətləndirməsinə gətirib çıxarırdı. 
Durkeim görürdü ki, din insanlar arasında dərin bağlar qurur. Kral və kəndçi eyni Tanrıya sitayiş edir, dua üçün eyni binadan və eyni sözlərdən istifadə edir. Onlar eyni dini ritualları yerinə yetirir və s. Zəngin olmağın, cəmiyyətdə yüksək sosial statusa sahib olmağın və hakimiyyətə sahib olmağın heç bir mənəvi dəyəri yoxdur.
Kapitalizmdə bu dəyərləri əvəzləyəcək heç nə yoxdur. Elmin insanlar arasında bu kimi güclü emosional bağları qurmaq üçün təklif edəcəyi heç bir dəyər yoxdur. Mendeleyevin Dövri Cədvəli gözəlliyi aşan intellektual eleqantlıq nümunəsi kimi qəbul edilə bilər, ancaq o heç bir zaman insanlar arasındakı bağı nə gücləndirə biləcək, nə də cəmiyyəti bir araya gətirmək gücünə sahib olacaq. 
Durkeim insanlar arasında icmaya məxsus olmaq hissini gücləndirən, onların dini rituallarda iştirakını tələb edən dini qaydaları dəyərli hesab edirdi. Faciə orasındadır ki, dinin insanlar arası kollektivçi ruhu gücləndirən faktorlarına ən çox ehtiyacımız olduğu anda bizlər dindən üz döndərdik, əvəzində isə onun yerinə heç nə təklif etmədik.
5. Milli hissin və ailə inistitutunun zəifləməsi 
19-cu əsrdə elə görünürdü ki, sanki millətçilik ideyası dini ideyanı üstələyərək, insanların kimlik anlayışlarını, bir-birinə bağlılıqlarını gücləndirəcək və bu mənada dinə əvəz qismində çıxış edəcək. Etiraf edək ki, bəzi məqamlarda millətçilik buna nail ola bilirdi. Məsələn, Napoleonun yürüşləri prussiyalılarda Ata Yurdu kultunu ağılasığmaz dərəcədə gücləndirmişdi. Ancaq Durkeim qeyd edirdi ki, müharibə zamanlarında bu hiss insanları bir-birinə bağlasa da, sülh dövründə onun funksionallığı yoxa çıxır.
Ailə də, millətçilik kimi, bizim ehtiyacımız olan hansısa topluma bağlılıq və kimlik hissimizi gücləndirən fenomen kimi önə çıxır. Ancaq Durkeim ailə inistitutunun bu funksiyasına şübhə ilə yanaşırdı. Biz ailəyə çoxlu yatırımlar edir və ona böyük ümidlər bəsləyirik, ancaq o, biz düşündüyümüz qədər möhkəm deyil. Ailə bizim böyük icmaya çıxışımızı təmin edə bilmir. 
Ənənəvi anlamda ailə artıq geniş emosianal birlikdəlik hissini itirib. Ailə iki insanın bir araya gələrək, bir evdə yaşaması, uşaqlara sahib olması və onları bir müddət böyütməsiylə yekunlaşır. Yetkinlik yaşına çatan uşaqlar artıq ailələrində qalmaq istəmir, öz sosial çevrələrinin ailələrinki ilə üst-üstə düşməsini qəbul etmirlər. Nəticədə, yetkin insanlar öz talelərinin ailəsi ilə bağlı olduğunu rədd edirlər.
Bizim ailə bağlılığı hissimiz fərdi anlamda heç də pis bir şey deyil. Sadəcə ailə bizim geniş anlamda özümüzdən daha dəyərli bir birliyə məxsus olmaq və onun bir hissəsi kimi özümüzü hiss etmək ehtiyacımızı qarşılamaq gücündə deyil.
Nəticə
Durkeim bizim xəstəliyimizə dəqiq diaqnoz qoyan filosofdur. O bizə göstərir ki, müasir iqtisadi sistem fərdlərin üzərinə çox ağır yük qoymaqla yanaşı, onların bu ağır yükü necə daşıyacağı ilə bağlı yol göstərmir.Durkeim ortaya çıxardığı bu problemlərin necə həll ediləcəyi ilə bağlı suala cavab verə bilmir, ancaq o dəqiqliklə bilirdi ki, kapitalizm ya bu problemləri həll etməli, ya da süquta uğramalıdır. Biz Durkeimin varisləriyik, ancaq onun bizə qoyub getdiyi tapşırıqları – yeni aidlik, məxsus olmaq hissini yaratmaq, fərdlərin çiyinlərindəki yükü azaltmaq, azadlıq və birlikdəlik arasında düzgün balansı tapmaq, baş verən faciələr və fərdi uğursuzluqda insanların özlərini günahkar hiss etməsini zəiflədəcək ideologiyanı yaratmaq - həll edə bilməmişik.
Mənbə: Milli.Az

 

25 oktyabr 2014
GO BACK