Qadin.NET / Bakıda müəllimlər üçün əlverişli şans

Bakıda müəllimlər üçün əlverişli şans

 

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev Trend-ə eksklüziv açıqlamasında bildirib ki, artıq müəllimlərin dərs bölgüsünün aparılmasında sınaq qiymətləndirmənin nəticələri nəzərə alınır.İdarə rəsmisi deyib ki, sınaq qiymətləndirmənin nəticələri idarə üçün bir vasitə olsa da, bu, sınaq qiymətləndirmənin ən dəqiq qiymətləndirmə mexanizmi olması demək deyil: “Çünki ola bilər ki, qəbul imtahanlarında ən ağıllı uşaq özünü itirə, caşa bilər, xəstə ola bilər, yaza bilməz. Digəri köçürər və yuxarı bal yığa bilər. Yəni sınaq qiymətləndirmənin nəticəsinə sırf “toxunulmaz” kimi baxmaq olmaz və bu yanaşma düzgün deyil. Ona görə də biz direktorlara demişik ki, ola bilər, müəllimləriniz yaxşı müəllimlərdir. Ancaq bizim qiymətləndirmədə çox zəif nəticə göstəriblər. Əgər siz gəlib bizə əsaslandırsanız ki, baxın, bu müəllim tədrisi bu cür aparır, bu layihələri olub, valideynlər onun tədrisi təşkil etməsindən məmnundurlar, onda belə müəllimlərin dərs saatlarının təminatı ilə bağlı sual yaranmaz. Onun daha artıq dərs saatı ilə təmin olunmasına icazə verilər”.Sınaq qiymətləndirmədə ən yüksək bal toplayan müəllimə maksimal olaraq, nə qədər dərs saatının ayrıldığına gəldikdə, E.Əliyev qeyd edib ki, bu barədə konkret fikir söyləmək olmaz. Çünki məktəblərdə fənlər üzrə dərs saatları fərqli ola bilər: “Qanunvericliyin icazə verdiyi hədd 36 saatdır. Amma məktəbdə fənn üzrə saatların sayı nə qədərdirsə, ona proporsional şəkildə də müəllim üçün dərs saatı ayrılacaq. Ola bilər ki, məktəbdə bir, ola bilər ki, bir neçə eyni fənn müəllimi olsun. Buna görə də proporsiya gözlənilməlidir”.İdarənin müdir əvəzi bəzi məktəb direktorlarının müəllimlərin sınaq qiymətləndirməsinin nəticələrinin kollektiv içində elan etməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bütün hallarda direktorun sınaq qiymətləndirmənin nəticəsini kollektiv içində müəllimə bildirməsi düzgün deyil. Bununla belə, idarə rəsmisi hesab edir ki, direktor müəllimin sınaq qiymətləndirmədə necə nəticə göstərdiyini kollektivdə açıq şəkildə söyləməsə də, müəllimə ayrılan dərs saatları bunu aydın göstərəcək: “Müəllim direktora fərdi şəkildə yaxınlaşsa, o deyəcək ki, sənin yığdığın az baldır və zəif müəllimsən, ona görə sənə minimum dərs saatı verməliyəm. Dərc cədvəli tutulanda da müəllimlər başqa müəllimlərin dərs saatlarını görə biləcəklər”.E.Əliyev onu da əlavə edib ki, Bakıda müəllimlərin sınaq qiymətləndirilməsinin mütəmadi olaraq aparılması nəzərdə tutulur. Ancaq sınaq qiymətləndirmənin hansı müddətdən bir keçirilməsi barədə hələlik bir söz demək olmaz.

Mənbə: Milli.Az

24 oktyabr 2014
GO BACK