Qadin.NET / Azərbaycanda gizli Ebola virusu daşıyıcıları var?

Azərbaycanda gizli Ebola virusu daşıyıcıları var?

 

 

Səhiyyə Nazirliyi həcc ziyarətindən qayıdanlara xəbərdarlıq edir: “Ebola" virusunun inkubasiya dövrü 21 gündür və o, latent formada, gizli şəkildə inkişaf edir”. Təhlükəli “Ebola” virusu dünyanı təhdid etməkdə davam edir. Beynəlxalq səhiyyə təşkilatlarının çarəsiz durumda qaldığı bir vaxtda “Ebola” sərhəd tanımadan daha geniş coğrafiyaya yayılmaqdadır.Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Ebola” virusunun mümkün yayılmasına hazırlaşmalı olan 14 ölkədən ibarət siyahı yayıb. ÜST xəbərdarlıq edib ki, bu ölkələr virusla bağlı milli plan hazırlamalıdırlar. Həmin 14 ölkənin epidemiyanın və yüksək miqrasiya axınının müşahidə olunduğu dövlətlərlə ümumi sərhədləri var. ÜST-nin məlumatına görə, Qərbi Afrikada yayılmış “Ebola” virusundan artıq 4,5 mindən çox insan ölüb. Bu virus Qərbi Afrikada - Liberiya, Syerra-Leone, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.Xəstəliyə yoluxanların sayı 8997, ölənlərin sayı isə 4493 nəfərə çatıb.
ABŞ alimləri isə tibb işçilərinin “Ebola” virusundan qorunması istiqamətində araşdırmaları davam etdirirlər. “Ebola” virusunun yayılması ilə əlaqədar ABŞ-da tibbi heyət üçün qoruyucu vasitələr və xüsusi uniformaların istehsalı artıb.
ABŞ-da mövcud məhsulların sutkalıq istehsalını təmin etmək məqsədi ilə yeni işçilər götürülür.
Bundan başqa, ABŞ xəstəxanalarında xəstələrlə işləyən əməkdaşlar üçün texniki təhlükəsizlik üzrə təlimatlar hazırlanacaq.
Bu virus artıq ölkəmizin sərhədlərinədək irəliləyib. Belə ki, qardaş ölkə Türkiyənin İzmir, Kahramanmaraş və Konya vilayətlərində “Ebola” virusu şübhəsi ilə üç nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb. Bununla, Türkiyədə “Ebola” virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı beş nəfərə çatıb, onlardan dördü Həcc ziyarətindən qayıdan şəxslərdir.
Türkiyənin 36 vilayətində ölkədə baş verə biləcək “Ebola” virusuna yoluxma halları ilə bağlı 45 xüsusi xəstəxana ayrılıb. 
Xüsusi təyinatlı xəstəxanalar əsasən beynəlxalq aeroportların mövcud olduğu vilayətlərdə ayrılıb. Həmçinin Ankarada 3, İstanbulda 2 belə xəstəxana ayrılıb.
Həcc mövsümünün başa çatması və zəvvarların vətənə qayıtması “Ebola”nın yayılma təhlükəsini bir qədər də artırıb. Əksər ölkələr kimi, Azərbaycanda da həcc ziyarətindən qayıdan şəxslərə “Ebola” virusu ilə bağlı ciddi xəbərdarlıq edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli “Trend”ə bildirib ki, Azərbaycandan həcc ziyarətinə getmiş zəvvarlar oradan qayıdarkən “Ebola” virusu ilə bağlı yoxlansaydılar belə, onlarda heç nə aşkar etmək mümkün olmayacaqdı. Çünki “Ebola” virusu ilə əlaqədar simptomlar üzə çıxmayanadək onun aşkar edilməsi ilə bağlı yoxlamalar heç bir səmərə vermir: “Ebola virusunun inkubasiya dövrü 21 gündür və o, latent formada, gizli şəkildə inkişaf edir. Bu dövrdə insanın qanını yoxladıqda belə, virus özünü büruzə vermir. Əgər büruzə versəydi, təbii ki, bu vaxta kimi onu lokallaşdırmaq, qarşısını almaq da asan olardı. Əgər bu xəstəliyə tutulmuş şəxs olubsa, bu, özünü yalnız 21 gündən sonra göstərə bilər. Ona görə də yalnız bu xəstəliyin simptomları üzə çıxdığı zaman tibbi müşahidələr aparıla, müayinələr də məhz o zaman nəsə göstərə bilər”.Ona görə də zəvvarlardan “Ebola” virusu təhlükəsinin hələ tam sovuşmadığına işarə edən nazirlik sözçüsü bildirib ki, onların səhhətində hər hansı ciddi narahatedici hal baş verərsə, mütləq yaşadıqları ərazi üzrə poliklinikalara müraciət etməlidirlər: “Azərbaycan zəvvarlarının həcc ziyarətindən qayıtmaları vaxtını nəzərə alsaq, deyə bilərik ki, oktyabrın sonu - noyabrın əvvəlində kimdəsə bu virusun simptomları olsa, özlərini pis hiss etsələr, mütləq sahə həkimlərinə müraciət etməlidirlər. Hacılar bu günlərdə həddən artıq diqqətli olmalı, səhhətlərində hər hansı narahatedici simptomlar üzə çıxdıqda mütləq həkimə müraciət etməlidirlər. Bundan sonra əgər hər hansı ciddi problem müşahidə olunarsa, o zaman həmin xəstələr ixtisaslaşdırılmış klinikalara göndərilə bilərlər”.Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Trend”ə bildirib ki, QMİ zəvvarların sağlamlığına görə yalnız onları həcc ziyarətinə aparana qədər və orada olduğu müddətdə məsuliyyət daşıyır. Ziyarətdən qayıtdıqdan sonra isə onlar yaşadıqları ərazilərdə həkim yoxlamasından keçməlidirlər: “Bizdə olan məlumata görə, həcc ziyarəti zamanı zəvvarlarda soyuqdəymədən başqa ciddi xəstəlik qeydə alınmayıb. Ondan sonrakı dövrdə isə biz zəvvarların hansısa xəstəliyə tutulub-tutulmamasını müəyyən edə bilmərik. Axı QMİ-nin hər hansı həkim briqadası və ya imkanları yoxdur ki, bunu müəyyən etsin. Xüsusən də, insanın ”Ebola" virusuna yoluxmasını müəyyən etmək çox çətindir. Çünki bu xəstəlik gizli formada inkişaf edir, simptomları isə sonradan üzə çıxır. Zəvvarlar da bunu nəzərə alaraq, hər hansı təhlükəli şey hiss edərlərsə, mütləq müayinə və müalicə üçün yaşadıqları ərazi üzrə qeydiyyatda olduqları və ya digər tibb müəssisələrinə müraciət etməlidirlər".Xatırladaq ki, Türkiyədə “Ebola” virusuna yoluxduğuna dair şübhələr olduğundan xəstəxanalara yerləşdirilmiş 6 nəfərdən 5-i məhz həcc ziyarətindən qayıdan şəxslərdir.

Mənbə: Milli.Az

24 oktyabr 2014
GO BACK