Qadin.NET / Bətndə boğulan gələcəyimiz

Bətndə boğulan gələcəyimiz

 

Bətndə boğulan gələcəyimiz

Azərbaycanda doğuş zamanı ana və uşaq ölümlərinin tez-tez baş verməsi narahatlıq doğurur. Son günlər Mingəçevirdə və Xaçmazda qeydə alınan faktlar - şəhər sakini, 30 yaşlı Svetlana Qasımovanın və 33 yaşlı rayon sakini Arzu İsmayılovanın, eləcə də doğuş zamanı analarla yanaşı, uşaqların da dünyasını dəyişməsi ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.ANS PRESS bununla bağlı bəzi statistik rəqəmləri, belə halların başvermə səbəbləri, qarşısının alınması ilə bağlı mütəxəssis rəyini öyrənib. 

 

 Statistikaya görə, 2003-cü ildə 0 yaş qrupu üzrə 718 körpə ölümü baş verib, 2013-cü ildə isə bu göstərici 834 nəfər olub. 
Ginekoloq Gülnarə Sultanqızı bildirib ki, doğuş zamanı ana və uşaq ölümlərinin bir çox səbəbləri var. Səbəblərdən biri kimi qadınların səhlənkarlığıdır. Qadın hamiləlik müddətində 7 dəfə ultrasəs müayinəsindən keçməlidir. Bəzi hallarda isə bundan çox da ola bilər: "Hər qadın hamilə olduğu müddətdə nəzarətdə olmalıdır. Əgər hamilə qadının orqanlarında problemlər varsa , o zaman doğuş zamanı fəsad yarana bilər. Hamiləlik müddətində qadında nevroloji, endokrinoloji, revmotoloji, kardioloji, gemotoloji, qastrontoloji problemlərə nəzarət olunmalıdır, konsultasiyadan keçməlidir. Hamiləlik zamanı böyrəklərdə problem varsa axşam saatlarında ayaqlarda ödəm, göz altlarında isə şişkinlik hiss olunacaq. Buna görə də hamiləlik müddətində ayda 1 dəfə, həftədə 1, on gündə 1 sidikdə zülalın miqdarı yoxlanmalıdır. Zülalın miqdarı çox olduqda nefroloqa müraciət etmək lazımdır. Arterial təzyiq, şəkər xəstəliyi, damarlarda tromb, varikoz damar genişlənməsi, ürək-damar sistemindəki problemlər, qan azlığı və s mütləq müalicə edilməlidir."
O, digər səbəb kimi, aşağı ətraflarda venaların varikoz genişlənməsini göstərib: "Hamilə qadında trombemboliyanın yaranması da təhlükəlidir. Dölün böyük olması, qadında piylənmə və dar çanaq problemi və s. doğuş zamanı ölümə səbəb ola bilər. Bununla yanaşı, hamiləlik zamanı döl ananın bir orqanı kimi fəaliyyət göstərir. Qadında endokrinoloji problemlər olduqda, bu, uşağa da təsir göstərir."Onun sözlərinə görə, uşağın ölü doğulmasına səbəb kimi, döl ilə ananın qanı arasında laxtalanmanın baş verməsidir. Eyni zamanda infeksiyalar, ekstragenital xəstəliklər və nəzarətsizlik nəticəsində dölün ölümü baş verə bilər. Qadının yaşı 30-dan yuxarıdırsa, onun təbii doğuşla uşaq dünyaya gətirməsi düzgün deyil.
Dünyaya övlad gətirən hər bir qadın özünün və övladının sağlamlığını düşünməlidir. Həkimlər isə üzərinə düşən məsuliyyəti dərk etməli və yerinə yetirməlidir."Professor Adil Qeybulla ana və uşaq ölümləri ilə bağlı bildirib ki, bu işə kompleks yanaşmaq lazımdır. Bu gün demək olar ki, fizioloji normal hamiləlik tapmaq mümkün deyil. Bu ekoloji faktorlarla, cinsi yolla yayılan infeksiyaların həddən artıq olması, hamiləliyə qədər xəstələrin müayinə olunmamasından və s irəli gəlir.

Digər tərəfdən, bu proses qərb təbabətinə məlum protokollar ilə aparılmalıdır. Bu protokollara əsasən, hamiləlik dövründə qadın hansı müayinələrdən keçməlidir, nələrə nəzarət olunmalıdır, hansı infeksiyalar onlarda yoxlanmalıdır və s. göstərilir. Bizdə isə sovet dövrünün təcrübəsi ilə iş aparılır. Hamilə qadınların doğuşa qədər müayinə edilməməsi nəticəsində neqativ halllar baş verə bilər. Hamilə qadının orqanlarında olan problemlər laxtalanma sistemində, ürəyin də və s problem yarada bilər.Onun sözlərinə görə, əlbəttə, doğuş zamanı ölüm hallarında bir tərəfi günahlandırmaq olmaz. Belə halların baş verməsində həkimlərin buraxdığı səhvlər, toksiki, diaqnostik səhvlər də rol oynayır: "Düşünürəm ki, bundan çıxış yolu kimi, biz qərb protokoluna keçməliyik. Bununla yanaşı, baş verən ölüm hallarının hər biri araşdırılmalıdır. Bu səbəblər müəyyən edildikdən sonra buna qarşı tədbirlər görülməlidir. Müxtəlif vəziyyətlər baş verə bilir. Bəzən hamilə qadın elə vəziyyətdə doğuşa gətirilir ki, o qadının doğuşdan sağ çıxması möcüzəyə çevrilir. Bəzən də bir böyrəyi olmayan qadın hamilə qalır və gəlir sonda böyrək yetməzliyindən doğuş zamanı dünyasını dəyişir"
A.Qeybulla söyləyib ki, doğuş zamanı baş verən ağırlaşma hallarında həkimin düzgün addım atmaması da sonda ölümə gətirib çıxarır. Elə hallarda olur ki, doğuş zamanı qanaxma baş verir və həkimin vaxtında müdaxilə edə bilməməsi ölümə səbəb olur.
Tibb üzrə digər ekspertlər də vurğulayıblar ki, belə vəziyyət təkcə həkimlərin məsuliyyətsizliyindən deyil, həm də doğuşa hazırlaşan ananın orqanizmindəki problemlərlə əlaqədardır. Onların vaxtında həkimə müraciət etməməsi sonda belə mənfi halların baş verməsinə səbəb olur.
Mənbə: ANS PRESS

23 oktyabr 2014
GO BACK