Bu il Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı yararlılıq haqqında analiz protokolu olmayan 1380 qutu dərman preparatı müsadirə edilib. ANS PRESS-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, müsadirə edilən dərmanlardan 903 qutusu dövlət qeydiyyatından keçməyən və içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarıdır. Bu dərman preparatları həmçinin ümumiyyətlə dövlət qeydiyyatına alınmayıb və Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə gətirilib: “Ola bilsin ki, onların tərkibi keyfiyyətlidir. Amma qanunvericiliyə görə, ölkəyə idxal olunan dərman vasitələri dövlət qeydiyyatına alınmalıdır”.P. Əzizbəyov qeyd edib ki, ölkədə saxta dərmanlara qarşı Milli Təhlükəsizliyi Nazirliyi və Səhiyyə Nazirliyi birgə mübarizə aparır. Onun sözlərinə görə, bu ilin əvvəlində ölkənin bir neçə regionunda bununla bağlı reyd keçirilib və saxta dərmanlar aşkarlanaraq götürülüb: “Bu barədə ictimaiyyətə də ətraflı məlumat verilib. Hazırda saxta dərman vasitələrinin hazırlanmasında və satışının təşkilində şübhəli bilinən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə kimi saxta dərmanların aşkarlanması halı olmayıb”.
Nazirlik rəsmisi qeyd edib ki, hazırda Azərbaycanda qeydiyyatda olan dərmanların sayı 4534 ədəddir. Onların təxminən 1 faizinin yerli istehsal olduğunu deyən P. Əzizbəyovun sözlərinə görə, ölkə dərmanlar sahəsində idxaldan asılı ölkədir: “Dərmanların cəmi 1%-i yerli istehsaldır. Qalanları da digər ölkələrdən idxal olunur. İdxal olunan dərman preparatlarının 55%-dən çoxu Avropa ölkələrdən gətirilir”.
Mənbə: ANS PRESS