Qadin.NET / Cadunu yox edən qızıl

Cadunu yox edən qızıl

 

Cadunu yox edən qızıl

Bu yaxınlarda Bakıda yaşayan gənc gəlinlərdən birinin brilyant nişan üzüyü öz gözlərinin qarşısında çat vermişdi. Hadisə təzə gəlinin qonaq kimi çağırıldığı evdə baş vermişdi. Qonaq otağında masanın arxasında oturaraq evin sahibləri ilə söhbət edən gəlin birdən üzüyündən gələn səsə diksinmişdi. Toylarından öncə nişanlısı ilə birlikdə zərgər dükanından seçərək aldıqları üzüyün qaşlara yaxın yerdən çatladığını, həmçinin kiçik brilyant daşlardan birinin düşdüyünü görmüşdü. 
Həmin hadisə yaxınlar və uzaqlar tərəfindən bir cür yozulmuşdu. Kimi demişdi ki, gəlinin üzərində cadu var və onu mütləq baxıcıya aparıb cadunu təmizlətdirmək lazımdır. Başqa biri iddia etmişdi ki, bəs, cadu gəlinin üzərində deyil, qonaq getdiyi evdədir. Yəni ev sahibi cindara, rəqiyyəçiyə və s.-ə müraciət edərək evini təmizlətdirməlidir. Bu fikri irəli sürənlərin əksəriyyətinin bir arqumenti vardı ki, bəs, brilyant qara qüvvələri götürmür, buna görə də üzük partlayıb. 
Amma o vaxt hadisənin şahidi olmuş ANS PRESS əməkdaşı məsələni tanış zərgərlərlə müzakirə etmişdi və məlum olmuşdu ki, üzüyün partlaması heç də cadu-piti əməli deyil. Sadəcə, üzüyü düzəldən zərgər naşı olub: "Adətən, qəlib soyuq olanda metalın kristallaşması düz getmir. Zərgər qəlibin temperaturunu düzgün müəyyən eləyə bilməyib, ona görə də qızıl atıb. İndi bazarda belə naşı zərgərlər çoxdur. Gərək, malı tanıdığın yerdən alasan. Sənətdən başı çıxmayan, təzəbaşlamışlardan isə uzaq durmaq lazımdır", - deyə orta yaşlı zərgər bildirmişdi. 
Dünya bazarında qiymətlərin artması ilə Azərbaycanın zərgərlik bazarı da böyüyüb və bu, bazarda gəlirləri artırıb. Təbii ki, bu amil kənardan bazara naşıların və möhtəkirlərin də nüfuz etməsinə imkan yaradıb. ANS PRESS-in araşdırmasına görə, son üç ildə bu bazarda 88%-ə yaxın artım olub. Sadə hesablama ilə bunu sübut etmək çətin deyil: Ölkə üzrə ildə təxminən 80 min nikah kəsilir və elə o qədər də toy olur. Əyalət yerlərində yaşayan 55 min bəy nişanlısı üçün ən azı 2500 manatlıq qızıl hədiyyə edir və ölkə üzrə buna təxminən 140 milyon manat pul xərclənir. Bakı, Gəncə, Sumqayıt və Abşeronda yaşayan gənclər isə nişanlılarına ən azı 5000 manatlıq qızıl hədiyyə edirlər ki, buna da təxminən 180 milyon manat sərf edilir. Beləliklə, ölkə qızıl bazarında təkcə yeni evlənənlər 320 milyon manatlıq alış-veriş edir. ANS PRESS-in əvvəl də yazdığı kimi, üç il qabaq - 2011-ci ildə isə bu bazarda toplam 170 milyon manatlıq mal satılırdı. 
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlardan görünür ki, nikaha girən qızlara bağışlanan hədiyyələrin içində təkcə naşı zərgər işləri deyil, həm də saxta mallar da var. Yəni möhtəkirlər üzərinə qızıl təbəqə çökdürülmüş digər metalları da qızıl adına satırlar. Adətən belə bəzək əşyaları gümüşdən düzəldilir, üzərinə xüsusi texnologiya ilə bir neçə dəfə qızıl təbəqə çəkilir. Ona görə də zərgərlər belə malın saxta olduğunu müəyyən edə bilmirlər. Bu yaxınlarda polis Sumqayıt da belə mal satan bir dəstəni zərərsizləşdirdi. Bir-iki il öncə isə Gəncədə gümüş bəzək əşyalarının üzərinə qızıl təbəqə hopduran xüsusi sex aşkarlamışdı. 
Düzdür, Azərbaycanda əvvələr də qızılın tərkibinə müəyyən qədər gümüş vuraraq əyarı aşağı mal satmaqla haram pul qazanan alverçilər var idi. Adətən onlar 100 qram 999 əyarlı xam qızıla 5-6 qram gümüş əlavə edirlər ki, bundan da 200-300 dollar əlavə pul qazanırlar. Adətən naşı zərgərlər bunu başa düşmür və son məhsulun da əyarı düşür. Bəziləri isə 583 əyarlı qızıl adına bazara 300 əyarlı qızıl soxurlar. Zərgərlərin dediyinə görə, ümumiətlə bazarda saxta qızılın payı 10-15 faiz təşkil edir. Yəni hər 10 gəlindən 1-inə istər-istəməz əyyarı aşağı qızıl hədiyyə edilir ki, adətən bunun üstü açılmır və ya çox gec açılır. 
Amma Gəncə və Sumqayıt işbazlarının bazara soxduğu saxta qızıl isə özünü çox tez biruzə verir ki, qara gün üçün qızıl külçə yığanların da başına oxşar iş gələ bilər. Məsələ bundadır ki, dünya bazarına hətta rəsmi bank dövriyyəsi səviyyəsində saxta qızıl külçələr sirayət edib. Qərb mətbuatının yazdığına , bir neçə il dünya bazarına neft hasil edən şirkətlərdən biri tərəfindən 16 min ton saxta qızıl külçə daxil edilib. Yüksək texnologiya ilə volframdan hazırlanmış həmin külçələrin üzərinə bir neçə lay qızıl təbəqə çəkilib və birjalarda saxlanmağa verilib. Həmin külçələr bank mübadiləsi şəklində dünyanın bir çox ölkələrinə göndərilmişdi və onların saxtalığını ilk dəfə Çin ortaya çıxardı. 
Yəni istər qızıl ehtiyatı yığmaq istəyən iş adamı olsun, istər yeni evlənən gənclər - istənilən səviyyədə bu bazara uduzmuq mümkündür. Belə vəziyyətə düşməmək üçün zərgərlər tanınmış, bu bazarda çoxdan işləyən və etibar qazanmış adamlardan mal almağı məsləhət görürlər. 
Qızıl alarkən aldanmamağın ikinci bir yolu isə tanınmış zərgərlik firmalarından, brend mağazalardan mal almaqdır. Düzdür, brend dükanların malları nisbətən bahadır, amma qiyməti həmişə üstündədir. Brend saatlar kimi belə qızıl əşyalar da illər keçdikcə daha da bahalaşır və əntiq əşyaya çevrilir. Yəni evlənən zaman bunu nəzərə almaq lazımdır. Gəlinə bir neçə ədəd mənşəyi bilinməyən qızıl hədiyyə vermək əvəzinə bir ədəd bahalı brend mal bağışlamaq daha doğru olar. Hər halda, "qara gün"də ikinci daha çox işə yarayar.

 

Mənbə: ANS PRESS

22 oktyabr 2014
GO BACK