Qadin.NET / Azərbaycanda siqaret çəkənlərə bəd xəbər

Azərbaycanda siqaret çəkənlərə bəd xəbər

 

Azərbaycanda evdə uşaqların yanında və bloklarda siqaret çəkən şəxslərin cərimələnməsi təklif edilir

Bu təkliflə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, siqaret kötüklərinin yerə atılmasına da qadağa qoyulmalı və belə şəxslər cərimə olunmalıdır.
Millət vəkili deyib ki, ölkədə “tütünsüz mühit” yaradılmalıdır: “Yaşlı adamların siqareti tərgitməsi o qədər də aktual deyil. Əsas odur ki, uşaqlar və yeniyetmələr siqaretlə təmasda olmasınlar, televizorda siqareti, onun tüstüsünü, küçəyə çıxanda, kinoteatra, istirahət yerlərinə, məktəbə gedəndə orada siqaret çəkilməsini görməsinlər”.
Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda siqaretçəkmə ilə bağlı vəziyyət dəhşətli deyil, lakin ölkədə siqaretin çəkilməsinə qarşı mübarizə aparılmalıdır. Əks halda ölkədə siqaret çəkənlərin sayı artacaq.
Komitə üzvü qeyd edib ki, "Tütün və tütün məmulatı haqqında" qanuna görə, 18 yaşına çatmayanlara siqaretin satılması, o cümlədən siqaretin və siqarların ədədlə satılmasına qadağa qoyulub. Məktəblərə və uşaq müəssisələrinə 150 metrdən yaxında yerləşən obyektlərdə də siqaretin satılması ilə bağlı qadağa olsa da, bu qadağaların heç biri, demək olar, tətbiq edilmir, faktiki işləmir.
M.Quliyev hesab edir ki, 2001-ci ildə qəbul olunmuş "Tütün və tütün məmulatı haqqında" qanun olsa da, siqaretin çəkilməsinin məhdudlaşdırılması haqqında ayrıca qanunun qəbul olunması lazımdır.
Qeyd edək ki, hazırda Azərbaycanda tütünçəkmə əsasən kişilər arasında böyük problem hesab edilir. Ölkədəki kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir. Bu qrupa daxil olan kişilərin 40 faizi gün ərzində ən azı 1-2 qutu siqaret çəkir.

Mənbə: Milli.Az

 

22 oktyabr 2014
GO BACK