Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə Bakıda keçiriləcək sorğu bu ilin sonuna kimi baş tutacaq. Sorğu xüsusi metodologiyaya əsaslanan sistematik təsadüfi seçmə üsulla keçiriləcək və bunun nəticəsində bütün Bakı məktəbliləri haqqında fikir yürütmək mümkün olacaq.
Nazirlikdən bildirilib ki, 2013-cü ildə “Uşaqların icbari dispanserləşdirilməsi” haqqında qanun qəbul olunub. Həmin ildən başlayaraq poliklinikalar tərəfindən 18 yaşınadək olan uşaqların icbari dispanserləşdirilməsi həyata keçirilir. Sorğu zamanı uşaqların dispanserləşdirmədən keçməyə nə dərəcədə meyilli olduqları, kecdikləri zaman onların nəticələrinin necə olduğu, uşaqların sağlamlıq vəziyyətinin hansı istiqamət üzrə dəyişdiyi araşdırılacaq.
Sorğu zamanı şagirdlər arasında daha çox hansı xəstəliklərə rast gəlindiyi, onların fiziki aktivlik səviyyəsi, qidalanma vəziyyəti, nə dərəcədə sağlam həyat tərzi keçirdikləri öyrəniləcək. Həmçinin sorğu zamanı şagirdlərin fiziki aktivlik vəziyyətinin öyrənilməsinə xüsusi diqqət yetiriləcək. Çünki fiziki aktivliyin olmaması böyüdükcə piylənməyə, sonda isə şəkərli diabetin yaranmasına gətirib çıxarır.
Sorğu zamanı bütün bunlarla yanaşı, şagirdlərin reproduktiv sağlamlıq vəziyyəti də araşdırılacaq.