Qadin.NET / Ebola necə yayılır

Ebola necə yayılır

 

Ebola necə yayılır

Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. Ebola bir çox hallarda ölümlə nəticələnən ciddi infenksiya xəstəliyidir. Bu virusun 5 müxtəlif tipləri var və yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. 
Qərbi Afrikada yayılmaqda olan Ebola virusu az qala 4500 adamın ölümünə səbəb olub. Bu, 40 il əvvəl aşkar edilmiş virusun törətdiyi ən geniş epidemiya halıdır.
Ümümdünya Səhiyyə Təşkilatına əsasən virusa 9 mindən çox adam yoluxub.
Ebola virusunun ilk yayılma halı 1976-cı ildə Konqo Demokratik Respublikasının Ebola çayı ətrafında qeydə alınıb.
Virus xəstə adamın qan, qusuntu, ishal,bədəndaxili mayelər, dəri cildinin bütövlüyünün pozulması, ağız və burnu ilə təmas vaxtı ötürülür.
O həmçinin, sidik və spermada ola bilər.
Xəstənin paltarı, çamaşırı və toxunduğu səthlərdəki virus yalnız təmasda olan şəxsin dəri cildinin bütovlüyünün pozulduğu halda ötürülə bilər.
Xəstəlik qrip kimi hava vasitəsilə ötürülmür və yoluxma yalnız virus daşıyıcısı ilə bilavasitə yaxın təmasla baş verir.
Xəstəliyin ilk simptomları özünü göstərənə kimi 21 günədək vaxt keçə bilər.
Bu müddət ərzində virus yoluxucu deyil.
İnfeksiyaya yoluxmanın əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur. 
Virusun qarşısını almaq üçün heç bir əlac mövcud deyil.
Susuzlaşmanın qarşısını almaq üçün ağır xəstələrə təcili damardaxili maye inyeksiyaları verilməlidir.
Onlar başqa xəstələrdən təcrid olunmalı və intensiv baxım altına alınmalıdır.
Potensial vaksinlər sınaqdan keçir. Onlar uğurlu olduğu təqdirdə vaksinlər ilk növbədə tibb işçilərinə veriləcək.
ZMapp kimi eksperimental dərmanlardan istifadə edilib. Lakin onlar xəstələrin hamısını qurtara bilməyib.
Sağ qalan xəstələrin qanının köçürülməsi də potensial müalicə üsulu kimi istifadə olunub.
Ebola pasientlərilə yaxın təmasda olanların hamısı risklə üzləşir.
Xəstələri müalicə edən tibb işçiləri bütün bədəni örtən qoruyucu geyim və gözlükdən istifadə edirlər. Buna rəğmən yüzlərlə adam ölüb.
Xəstənin ailə üzvləri risk kateqoriyasına aid edilir. Qərbi Afrika ölkələrində mərhuma toxunmaq və sarılmaq adəti var və cəsəd dəfn olunmazdan öncə yuyulur.
Ölümdən sonra bədəndəki virus hələ də təhlükəli qalır. Hazırda əhalini çevik və təhlükəsiz dəfnlərə səsləyirlər.
2014-cü ilin mart ayından bəri yayılan virusa ən çox yoluxma halları Qvineya, Liberiya və Syerra-Leonedə qeydə alınıb.
Bunlar Qərbi Afrikada epidemiyanın ən geniş yayıldığı ölkələrdir.
Xəstəlik halları Nigeria və Senegalda da qeydə alınıb. Lakin, Ümümdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, Nigeriya Ebola virusundan azad zona elan edilib. Son 42 gündə ölkədə heç bir yeni yoluxma halı qeydə alınmayıb.
Təşkilat nümayəndəsi Rui Qama bazar ertəsi bu xəbərin “möhtəşəm bir uğur hekayəsi” olduğunu deyib.
Nigeriyada indiyədək 20 ebola halı qeydə alınıb və nəticədə 8 nəfər dünyasını dəyişib.
Liberiya prezidenti Ellen Conson Sörlif dünya ölkələrini 4500 nəfərin ölümü ilə nəticələnən bu epidemiyanın yayılmasının qarşısını almaq üçün lazımı səhiyyə infrastrukturuna investisiya qoymağa səsləyib.
Washington Post qəzetindəki məqalədə prezident Sörlif beynəlxalq reaksiyanın ləng olmasından gileylənib, və bunun Liberiyada ebolanın yayılması nəticəsində ölkənin səhiyyə sisteminin çökməsinə gətirib çıxardığını bildirib.
Xanım Şörlif bildirib ki, səhiyyə sistemi tərəfindən epidemiyanın ilkin mərhələlərində virusa qarşı sürətli və səmərəli şəkildə tədbirlər görülsəydi, indi Amerika əsgərlərinin Liberiyada müalicə mərkəzləri qurmasına ehtiyac olmazdı.
Prezident Uqandanı nümunə göstərərək bildirib ki, təlim və resursların köməkliyi ilə, həkimlər virusu diaqnozlaşdıra bilib, xəstələri karantinə salıb, özlərini də yoluxmadan qoruya biliblər
Xanım Şörlif onu da bildirib ki, ebola epidemiyasının təkrarlanmasının qarşını almağın yolların araşdırmaqla bu virus nəticəsində dünyasını dəyişən insanların xatirəsinə ehtiram göstərmiş olarıq.
Ümumilikdə 9100 ebola halının qeydə alındığı Liberiya, Qvineya və Sierra Leone ən çox ebola hücumuna məruz qalan ölkələrdir.Virus Qərbi Afrikadan kənar regionlara da yayılıb ki, bunların sırasına İspaniya da yer alıb. İspaniya rəsmiləri bildirir ki, eboladan əziyyət çekən iki keşişə qulluq edən zaman virusa yoluxan tibb bacısı artıq sağalıb. 

 

Mənbə: ANS PRESS

21 oktyabr 2014
GO BACK