2014-2015-ci tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na keçirilən müsabiqə başa çatıb.
ANS PRESS-in Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 571 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib. Bu tələbələr Harvard Universiteti, Oksford Universiteti, HEC Paris, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi ali təhsil müəssisələrindən məzun olmaqla, qısa bir müddətdə Azərbaycana dönərək müvafiq sahələrin davamlı inkişafına təminat verəcəklər.
Dövlət Proqramının əsas məqsədi qısa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan bu ilki seçimlərdə üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib. Belə ki, seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində istər yüksək TQDK göstəricilərinə malik, istər beynəlxalq olimpiada iştirakçıları, istərsə də müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayış etdirmiş 153 tələbə isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq imkanı əldə ediblər.
Sevindirici haldır ki, ilk dəfə olaraq 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb.
Ümumilikdə tələbələrin əsasən Türkiyə, Böyük Britaniya və digər ingilis dilli ölkələrdə təhsil almağa üstünlük verdiyi müşahidə olunub. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25 nəfər, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb.
Növbəti tədris ili üçün müsabiqə şərtlərinin müəyyən edilməsi istiqamətində hazırlıq işləri davam etməkdədir və işlərin yekunu barədə tələbələr yeni akademik il ərəfəsində məlumatlandırılacaqlar.