Qadin.NET / İntihar barədə bilinməyən gerçəklər, detallarda gizlənən şeytanlar...

İntihar barədə bilinməyən gerçəklər, detallarda gizlənən şeytanlar...

 

2020-ci ilədək dünyanı bürüyəcək bəla

2014-cü ildə yayımlanan Ümumdünya Səhiyyə Təşkilatının İntiharın qarşısını alma sənədinə görə, dünyada hər il ən azı 800 min nəfər intihar edərək həyatına son verib. Varlı ölkələrdə kişilər qadınlarla müqayisədə 3 dəfə artıq intihar edir. Dünya miqyasında 15-29 yaş arasında ikinci ən ciddi ölüm səbəbi intihardır.
İntihar insanın düşünülmüş şəkildə özünün ölümünə yol açma aksiyası olaraq tanınır. İntihar haqqında ən geniş yayılmış fikir bundan ibarətdir ki, insanların öhdəsindən gələ bilmədikləri duyğuları düzənləmək üçün intiharı yeganə çıxış yolu olaraq görürlər. 
İntihar varsa, ciddi səbəblər də var...
İntiharın səbəbləri kimi daha çox cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir.
Son illərdə uşaqların ölümü ilə bağlı aparılmış tədqiqatlar uşaqların ölümün həqiqi mənasını qavraya bilməməsi də intihar cəhdi üçün risk faktoru ola biləcəyini irəli sürür.
Həmçinin depressiyanın da yetkin insanlarda olduğu kimi gənclərdə də vacib risk faktoru olduğu vurğulanır.
İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər.
Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir.
Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir.
Öz gücünə uyğun olmayan məqsədlər qoymaq, müvəffəqiyyət qazana bilmədiyində tənqidə məruz qalmağa tab gətirə bilməmək kimi səbəblər uşaq və gəncləri intihar cəhdlərinə yönəltməkdədir.
Ölkəmizdə də son dövrlərdə yaşanan intihar səbəblərindən biri kimi öz torpaqlarımızdan məcburi köçürülmə amilini də qeyd edə bilərik. Son dövrlərdə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər daha da dözülməz hala gəlmişdir. Öz dədə-baba yurdundan, böyüdüyü torpaqdan ayrı düşmək, gözü qarşısında uşaqların, qocaların, qadınların, kişilərin min cür işgəncə və əziyyətlə öldürülməsi qaçqın və məcburi köçkünləri bir çoxunu intihara vadar etmişdir.
Bütün bu deyilənləri ümumiləşdirərək intiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Psixiatrik xəstəliklər
2. Sosial səbəblər
3. Psixoloji səbəblər
4. Bioloji səbəblər
5. Genetik yaxınlıq
6. Fiziki xəstəliklər
1. Psixiatrik səbəblər
İntihara səbəb olan psixiatrik problemlər bunlardır:
1. Depressiya
2. Şizofreniya; intihar edənlərin 10%-də şizofreniya müşahidə olunur
3. Spirtli içkilərdən istifadə
4. Narkotik maddələrdən asılılıq
5. Şəxsiyyət pozuntusu
6. Yüksək həyəcanlılıq
2. Sosial səbəblər
Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən - ölkəyə fərqlilik göstərir. Ailə bağları zəif olan ölkələrdə intihar faizi daha çoxdur.
Suisidlərin ilk təsnifatlarından biri fransız psixoloqu Emil Dürkheymə məxsusdur. O, sosial faktorların rolunu əsas götürərək, intiharın aşağıdakı formalarını ayırd etmişdir:
- Eqoistik intihar - öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir.
- Anomik intihar - sosial və siyasi dəyişikliklər dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir. Sosial və iqtisadi böhranlarda cəmiyyət içində intihar faizi yüksəlir. Məsələn, hər iki dünya müharibəsində bütün Avropa ölkələrində intihar faizi digər dövrlərə görə çox artıb.
- Altruistik intihar - öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir.
Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan sadə intihar, özünə qəsd edərkən yaxınlarını da özü ilə aparmaq tendensiyalı şəxslərdə genişlənmiş intihar (məsələn, intihardan əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv intihar (belə hallar dini təriqət nümayəndələrində və psixiatriya xəstəxanalarının pasiyentlərində rast gəlinir) növləri ayırd edilir.
3. Psixoloji səbəblər
Şəxsi yaxınlıq da intihar ehtimalını artırır.
4. Bioloji yaxınlıq
Beyindəki serotonin maddəsindəki azalma intihar ehtimalını artırır.
5.Ailəvi yaxınlıq
Ailədə intihar edən qan bağı olan yaxının olması insanlarda intihar etmə ehtimalını artırır.
6. Fiziki xəstəliklər
Xərçəng, ürək xəstəliyi, QİÇS kimi xəstəliklərə tutulan insanlarda intihar ehtimalını normal insana nisbətən daha çoxdur.
İntihara hazırlaşan adam bunları edir 
Yaxşı, bəs bir insanın intihara hazırlaşdığı necə hiss edilir? Bunu ifadə etmənin hansı yolları var. İntiharların çoxunda bu aksiyadan öncə xəbərdarlıq xarakterli bəzi əlamətlər özünü göstərir. Bu əlamətlər aşağıdakılardır: 
- Adam fasiləsiz olaraq ölümdən bəhs edir, düşüncələri bununla məşğuldur;
- Adamda klinik səviyyədə depressiya mövcuddursa;
- Adam ölümlə sonuclanacağı hiss edilən riskli davranışlar sərgiləyirsə. Məsələn, həyati əhəmiyyətli dərmanları qəbul etməkdən imtina edirsə, sürətli maşın sürürsə, bir sözlə, həyatını riskə atırsa;
- Adam öncədən maraqlandığı aksiyalardan uzaqda dayanmağa başlayıbsa;
- Adam özünü çarəsiz, yalnız və günahkar hiss etdiyini ifadə edirsə; 
- Adam son dönəmlərdə olduqca kefsiz, istəksiz, qayğılı olduğu halda anidən sevincli və ya sakit bir xarakterə bürünürsə;
- Adam intihar etmək istədiyini açıq şəkildə bildirirsə;
- Adam vida etmək üzrə müəyyən ziyarətlər edirsə, cəhdləri təkrarlayırsa.
Ən çox intiharı 70 yaşdan yuxarı insanlar edirlər 
Son 10 ildə dünyanın dörd bir tərəfindəki intihar hadisələrini araşdıran DST-nın hazırladığı ilk qlobal intiharın qarşısını alma hesabatına görə, intiharlar təxminən aşağı səviyyədə gəliri olan ölkələrdə yaşandığı bildirilib. Ən çox intihar hadisələri 70 yaşdan yuxarı insanlar arasında qeydə alınıb. 15-29 arası yaş qruplarında isə ikinci ən əhəmiyyətli ölüm səbəbinə çevrilib. İntihar xüsusilə 50 yaşdan yuxarı kişilər arasında daha çox yayılıb. Gəlir səviyyəsi yüksək ölkələrdə kişilər arasındakı intiharlar, qadınlara nisbətən üç qat artıqdır. 
Zəhər içmək, odlu silahla özünə qəsd etmək və asmaq, ən geniş yayılan intihar üsullarıdır. Avstraliya, Yeni Zelandiya, Kanada, Yaponiya, Avropa Birliyinə üzv olan ölkələr və AB-da aparılan araşdırmalar odlu silahlar və zəhərli maddələrin çıxışının məhdudlaşması ilə intihar hadisələrinin qarşısının qismən azaldığını göstərib.
SST-nın müdürü Marqaret Çan: “İntihar çox uzun müddətdir tabu qəbul edilən bir səhhət problemidir. Bu problemin həlli üçün bütün ölkələrə aksiya keçirmələri çağırışını edirik”, - deyib. 2020-ci ilə qədər intihar hadisələrinin sayını azaltmağı qarşısına məqsəd qoyan DS hazırda sadəcə, 28 ölkənin milli intiharın qarşısının alınma strategiyasında olduğuna işarə edib.
DST ağıl xəstəlikləri üçün istifadə edilən kütləvi hərəkatların tibbi yardım almasına əngəl olduğuna və intihar hadisələrinin artırdığına diqqət çəkərək kütləvi maarifləndirmə kampaniyalarının əhəmiyyətini vurğulayıb.
2020-ci ilə qədər intiharlar artacaq, çünki... 
Respublikanın baş psixiatrı Gəray Gəraybəyli mətbuata açıqlamasında intiharların qarşısını almaq üçün profilaktik tədbirlərin yalnız 25 faizi psixoloq, psixiatrların üzərinə düşdüyünü deyib. İntiharların daha çox cavan və orta yaşlı insanlar arasında qeydə alındığını deyən ekspert özünə qəsd edənlərin təxminən 15 faizinin psixi xəstə, 65-70 faizinin isə psixi cəhətdən tam sağlam olduğunu söyləyib: “Heç bir intihar haqda qərar ani verilmir. İntihara uzun yol gətirir. Son illər insanların yaxınları, doğmaları ilə ünsiyyəti getdikcə məhdudlaşır, xüsusilə böyük şəhərlərdə. İnsanlar özünə qapanır, ailəsində, yaxınlarında gedən proseslərdən, problemlərdən xəbər tuta bilmir. Hansısa problem onu narahat edir, çıxış yolu tapa bilmir və intihar edir. Belə şəxslər psixoloji məsləhətxanalara, psixoloq, psixiatrlara müraciət etməlidir. Amma bizdə insanlar onlara müraciət etməyə maraqlı deyillər, ehtiyat edirlər”.
Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağını proqnozlaşdırıb.
Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlara görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. Nəticədə, hər il bir milyon insan həyatını itirir. Onlardan 63 faizi kişilər, 37 faizi isə qadınlardır. İntihar edənlərin bir faizi Azərbaycanın payına düşür. Litvada hər yüz min nəfərdən 42-si, Rusiyada 36-sı, Qazaxıstanda 30-u, Macarıstanda 26-sı, Latviya və Sloveniyada 26-ı, Ukraynada isə 25-i intihar edərək həyatlarına son verir.
İslam ölkələrində intihar azdır, amma... 
Din və intihar arasında asılılıq da var. Əksər islam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir. Əhalisi daha çox xristianlığa və ya induizmə tapınan ölkələrdə isə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür.
Buddist ölkələrdə bu göstərici daha yüksəkdir - 100 min adama 17,6 intihar halı qeydə alınır. 
Maraqlıdır ki, Çin kimi ateist dövlətlərdə bu göstərici 25,6-ya bərabərdir. Xristian və buddistlər arasında özünü öldürən kişilərin sayı özünü öldürən qadınlardan 3,5 dəfə çoxdur, müsəlman və induistlərdə isə bu fərq 3 dəfə aşağıdır. Ancaq dini inanclar heç də mütləq meyar deyil. Katolik İrlandiyada intihar halı katolik İtaliyaya baxanda üç dəfə çoxdur. Protestantların çox olduğu Böyük Britaniyada isə keçmiş müstəmləkəsi Avstraliyaya baxanda iki dəfə yüksəkdir. Bütün bu ölkələr həyat səviyyəsinə və başqa göstəricilərinə görə bərabərdirlər.

Mənbə: Milli.Az

 

20 oktyabr 2014
GO BACK