Həftədə baş verənlər, bəlkə də, bu ilin anonsu oldu. Bir az əvvəldən başlayaq. Rusiyanın müdafiə naziri Şoyqu Azərbaycana gəldi. Bu sıradan bir protokol səfəri kimi də, sətiraltısı və ya səfəraltısı kifayət qədər olan bir hadisə kimi də qiymətləndirilə bilər. Bütün hallarda müdafiə nazirinin səfəri həmişə xüsusi diqqət tələb edir. İllah da indi. Rusiyanın apardığı yeni dostluq və yeni yoldaşlıq siyasəti fonunda. Niyə yeni? Ona görə ki, bu siyasətin kökündə məcbur etmə amili dayanır. Yəni sən mənimlə dost olmalısan, əks təqdirdə. Bax bütün dünyanı da narahat edən bu əks təqdirin nəyi və ya nələri nəzərdə tutmasıdır. Rusiya müdafiə nazirinin Azərbaycana səfəri ilə bağlı müxtəlif mülahizələr səslənib. Analitiklər bu səfərin demək olar ki, boş yerini saxlamayıblar. Amma biz axtardıq və tapdıq.Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşünün əhəmiyyətini şübhə altına almaq, təbii ki, düz olmazdı. Ona görə ki, hələ Azərbaycanın müdafiə naziri Zakir Həsənov nazir postunda ilk oturaq müsahibəsini ANS-ə verəndə eyham vurmuşdu ki, NATO ilə əməkdaşlıq etsək də bəzi obyektiv səbəblər Rusiyanın rolunu qaçılmaz edir. Məsələn, nazirin bu fikirlərini xatırlayaq.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun sözlərinə görə, əgər Rusiya Federasiyasından söhbət gedirsə, bizim yaxşı əlaqələrimiz var: “Həm hərbi təhsil, həm də hərbi texniki əməkdaşlığımız var. Təcrübə mübadiləsi var. İkinci tərəfdən ordunun inşikafında NATO-nun təcrübəsindən geniş istifadə edirik. Bu bizə müasir təcrübəni orduda tətbiq etməyə imkan yaradır. Sənədləşmə NATO standarları ilədir. Ancaq bir çətinliyimiz də var. Çətinlik ondan ibarətdir ki, NATO dövlətləri bizə silah satmırlar. Ona görə biz tam olaraq bu standartlara keçmək üçün, təbii ki, NATO standartı əldə etməliyik. Ancaq dünyada ikili standartların olması burada özünü biruzə verir. Ermənilər Azərbayacana təcavüz edib, torpaqlarımızın 20 faizini işğal edib, ancaq Azərbaycana NATO silahı satılmır”.Bu baxımdan nazirlərin qarşılıqlı səfərlərinin təbii bir hal olduğunu anlayırıq. Lakin bu səfərlə bağlı, ümumiyyətlə, toxunulmayan, səfəraltı - sətiraltı məqamlardan danışacağıq. Bir müddət əvvəl Həştərxanda Xəzəryanı dövlətlərin sammitində belə bir qərar da qəbul edildi ki, Xəzərdə regiona aid olmayanların hərbi mövcudluğuna yol verilməycək. Əslində, bu bəyanat birmənalı olaraq Rusiyanın əlehinə işləyirdi və bu sənədin ardınca Moskvanın Xəzər sularında və Xəzər sahili dövlətlərdə xüsusi fəallıq nümayiş etdirəcəyini gözləmək lazım idi. Bu da baş verdi. Həmin sammitə toxunduğumuz tərəfdən Birləşmiş Ştatların da rəyi yadınızdadır. O zaman Amerika Birləşmiş Ştatları açıq şəkildə bəyan etdi ki, bu qərar onun Azərbaycanla Xəzərdəki əməkdaşlığına təsir etməyəcək. Sergey Şoyqu Azərbaycana məhz bu həndəvərlərdə gəldi. Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanmasının gəmiləri də Bakı sahillərində bu həftə oldular. Hərbi gəmilərin dost niyyətli olduğu deyilir. İnanmaya bilmərik. Hətta burada azərbaycanlı həmkarları ilə bir futbol da oynayacaqlar. Bu, Rusiya hərbi gəmilərinin Xəzərin Bakı sahillərinə 2013-cü ildən bəri ikinci səfəridir və məncə, birinci dəfəki ajiotajın indi olmaması artıq qonaqlara bir az vərdiş etməkdən də irəli gəlir. Rusiyalı nazırin və hərbi gəmilərin səfəri bir səfərdən daha artıq mövzu verir. Məsələ burasındadır ki, oktyabrın 14-də Birləşmiş Ştatların 6-cı donanmasının flaqmanı olan “Mount Uitni” komanda-qərargah gəmisi Qara Dənizə-Batum limanına yan alıb. Qara dəniz akvatoriyasında vaxtilə Atlantik-Hind okeanında əməliyyatlarda iştirak edən döyüş gəmisinin mövcudluğunun Moskva üçün nə dərəcədə təhlükəli olduğunu elə rusların narahatlıq dolu etirazları göstərir. NATO-nun bu gəmisi artıq bir dəfə, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Poti limanında olmuşdu. Doğrudur, o zaman humanitar yüklə. Bu dəfə isə “Mount Uitni”nin heyəti Gürcüstan sahil mühafizəsi qüvvələri ilə birgə təlim məşqləri ilə yanaşı mədəni kütləvi tədbirlər də keçirəcək. Daha doğrusu, konsert verəcəklər. Məsələn, bizdə Rusiya Donanmasının Azərbaycan hərbi dənizçiləri ilə futbol oynaması kimi. Qara dənizdə Amerika konserti, Xəzər dənizində Rusiya futbolu. Qapı isə deyəsən birdir.
Mənbə: ANS PRESS