Qadin.NET / Azərbaycanda gec evlənən kamil olur?

Azərbaycanda gec evlənən kamil olur?

 

Professor Erdal Karaman: “İnsanın həyat təcrübəsi, yaşı artdıqca insana baxışı da dəyişir”. Sosioloq Cavid İmamoğlu: “Ümumi tendensiya evlənməyin xeyrinə olsa da, evlilik yaşının artması halları da müşahidə olunmaqdadır”. 

Azərbaycanda erkən nikah problemi kimi, gec ailə qurma problemi də var. Sadəcə, bu mövzu ümumi olaraq cəmiyyətimiz üçün təhlükə doğurmadığından çox da ciddi müzakirə edilmir. Gec evlənənlərin narahatlığını, daha dəqiq desək, dərdini onların yaxınları çəkirlər - xüsusən də valideynlər. Qeyd edək ki, 2013-cü ildə ölkəmizdə 35 və yuxarı yaşlarda rəsmi nikaha girən bəylərin sayı 12 min 186 nəfər, xanımların sayı isə 6311 nəfər olub. Bəs yuxarı yaşlarda ailə qurmaların səbəbi nə ola bilər? Bunun müsbət və mənfi yönləri nələrdir? 
Mövzu ilə bağlı qəzetimizin suallarını cavablandıran Qafqaz Universitetinin Pedaqoji fakültəsinin dekanı, professor Erdal Karaman bizimlə söhbətə şəxsi həyatından misal gətirməklə başladı. Müsahibimiz 29 yaşında evləndiyini vurğuladı: “Zənnimcə, gec evlənmələrdə maddi vəziyyətlər, karyera ilə bağlı planlar, yaşadığı cəmiyyətdə mövcud olan anlayış çox böyük rol oynayır. Bundan başqa, evlənəcək şəxslər ailələrini özləri dolandırmaq istəyirlər, ona görə də yubanmalar olur”.
Erdal Karaman Avropadakı həyat tərzini nümunə götürüb gec evlənən gənclərin də olduğunu vurğuladı. “Evlilik bir məsuliyyətdir, bəziləri bu məsuliyyətdən yayınırlar. Onların fikrincə, subaylıq, doğrudan da, sultanlıqdır”,- deyə qeyd edən professor E. Karaman gec evlənənlərin gənclərə nisbətən daha kamil davrandıqlarını söylədi: “İnsanın həyat təcrübəsi, yaşı artdıqca insana baxışı da dəyişir”. Qafqaz Universitetinin Pedaqoji fakültəsinin dekanı Azərbaycanda valideynlərin yenicə evlənən gəncləri tək buraxmamalarını müsbət hal kimi xüsusi vurğuladı: “Rayondan ərzaq bağlamalarına qədər göndərirlər. Zənnimcə, bu, çox müsbət addımdır və hər bir valideyn bu məsələdə diqqətli olmalıdır”. 
Sosioloq Cavid İmamoğlu isə “Zaman-Azərbaycan”a açıqlamasında bunları dedi: “Ümumi tendensiya evlənməyin xeyrinə olsa da, evlilik yaşının artması halları da müşahidə olunmaqdadır. Xüsusilə son 5 il ərzində nikahların sayında artım müşahidə edilir ki, bu da Azərbaycanda demoqrafik vəziyyətin stabil qalmasına səbəb olur. Statistikalara istinad etsək, o halda qadınlar arasında nikaha daxil olanların orta yaşı ən yüksək 1990-cı ildə, kişilər arasında isə 2002-2003-cü illərdə olmuşdur. Hazırda orta statistik azərbaycanlı kişinin nikah yaşı 29-30 yaş arasında dəyişir ki, bu da kifayət qədər böyük rəqəmdir. Qadınların da nikah yaşında artım müşahidə edilir. Belə ki, xüsusi hallar istisna olmaqla, orta statistik Azərbaycan qadınının nikah yaşı 24-25 yaşa təsadüf edir ki, bu əsasən ali təhsilin bitdiyi dövrü əhatə edir. Kişilərdə isə vəziyyət qadınlardan fərqlidir. Tipik Azərbaycan ailələrində ailə başçısı və iqtisadi gəlir gətirən şəxs kişi olduğu üçün kişilər təhsil aldıqdan sonra hərbi xidmətdə olmalı, daha sonra isə müvafiq iş tapıb bir neçə il işləməli və sonra evləməlidirlər ki, bu da normal halda 30 yaşa qədər uzanır. Bu hal isə demoqrafik stabilliyə mənfi təsir edə bilər. Bu gün Azərbaycan müsəlman cəmiyyəti olaraq ailə və uşaq məsələləri üzrə demoqrafik problem yaşamır. Halbuki Qərb cəmiyyətlərində, xüsusi ilə Şimali və Qərbi Avropa ölkələrində ailə qurulması və uşaq dünyaya gətirilməsi məsələsi problem olaraq qalır və hökumətlər bu problemlər qarşısında aciz haldadırlar. Odur ki, biz bugünkü situasiyanı qoruyub saxlamaq üçün gənclərin sosial, iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində işlər görməliyik ki, evlilik yaşı insanların reproduktiv aktiv dövrlərini əhatə etsin”. 
Dövlət Statistika Komitəsindən aldığımız məlumatlar maraqlı faktlardan xəbər verir. Belə ki, illərə görə statistikaya nəzər saldıqda məlum olur ki, Azərbaycanda gec yaşda ailə quran bəy və xanımların sayında kəskin artım qeydə alınıb. Başlayaq bəylərdən, Statistika Komitəsinin xəbərinə görə, 1970-ci ildə ölkəmizdə 35 və yuxarı yaşda ailə quran kişilərin sayı 6902 nəfər olub. 1980-ci ildə isə bu göstərici 5556 nəfər təşkil edib. On il sonra isə ölkəmizdə 35 və yuxarı yaşda ailə quran bəylərin sayı 7241 nəfər olub. Statistikaya görə, bundan sonrakı illərdə, yəni 1991-ci ildən 2002-ci ilə qədər sözügedən yaşda ailə quran kişilərin sayında bir qədər azalma və stabilləşmə qeydə alınıb. Ancaq 2003-cü ildə ölkəmizdə 35 və yuxarı yaşlarda ailə quranların sayı yenidən artmağa başlayıb. 
2013-cü ildə rekord göstərici 
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə 35 və yuxarı yaşda ailə quran kişilərin sayı 2004-cü ildə 7909, 2005-ci ildə 9456, 2006-cı ildə 9979, 2007-ci ildə 10 min 611 nəfər olub. 2008-ci ildə ölkəmizdə 10 min 62 nəfər, 2009-cu ildə 9800 nəfər, 2010-cu ildə 9584 nəfər, 2011-ci ildə 11 min 808 nəfər, 2012-ci ildə 10 min 948 nəfər cəmiyyətimiz üçün yüksək hesab olunan yaşda ailə qurub. Bu statistikada ən rekord göstərici isə ötən il qeydə alınıb - 12 min 186 nəfər. 
35 və yuxarı yaşda evlənən xanımların sayına gəlincə, qeyd etdiyimiz kimi, burada da artım var, amma kişilərin sayı ilə müqayisədə xeyli azdır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 1970-ci ildə Azərbaycanda bu yaşda ailə quran xanımların sayı 4479 nəfər olub. 1990-cı ildə bu göstərici 5539 nəfər təşkil edib. Lakin 1991-ci ildən etibarən ölkəmizdə bu yaşda ərə gedən xanımların sayı azalmağa başlayıb. Belə ki, 2002-ci ilə qədər bu göstərici 2400-2700 arasında dəyişib. 2005-ci ildən 2010-cu ilə qədər isə sözgedən yaşlarda nikaha girən xanımların sayı 4400-4700 arasında dəyişib. Sonrakı illərdə isə bu göstərici müvafiq olaraq, 2011-ci ildə 5680, 2012-ci ildə 5545, 2013-cü ildə isə 6311 nəfər olub. 
Gec ailə qurmaların obyektiv və subyektiv səbəbləri 
Qeyd edək ki, Azərbaycanda kişilərin gec evlənməsinin bir çox obyektiv və subyektiv səbəbləri var. Bunlardan sosial problemləri, iş dalınca xaricə üz tutmaları xüsusi vurğulamaq olar. Məsələn, hazırda Rusiyada 2 milyondan çox soydaşımızın yaşadığı bildirilir. Ölkəmizdə kişilərin gec evlənmələrində bu amil də xüsusi rol oynayır. Belə ki, gənc yaşlarında bu ölkəyə yola düşən gənclər sonradan geri qayıtmadıqlarından və ya gec qayıtdıqlarından, başları eyş-işrətə qarışdığından evlənmirlər. Evlənənlər isə bir qədər gec ailə qururlar. Yuxarıda qeyd etdiyimiz rəqəmlər isə rəsmi qeydə alınan nikahlara aiddir, hələ qeydə alınmayanlar da az deyil. 
Yaş artdıqca evlənmə ehtimalı azalır
Psixoloqların qənaətinə görə, yaş artdıqca evlənmə ehtimalı da azalır. Xüsusən də kişilərdə kompleks artır, onlar seçim etməkdə çətinlik çəkirlər. Ailə qurmayan xanımlar isə depressiya halları yaşayır, psixoloji gərginlik keçirirlər. Bundan başqa, karyera qurmaq istəyi də gec evlənmələrə səbəb olan amillərdəndir. 
Gec evlənməyin müsbət cəhəti isə odur ki, insanlar gənc yaşlarına nisbətən daha kamil olurlar. Özlərini ailə qarşısında daha məsuliyyətli hiss edirlər. Ailələrinə, xanımlarına qarşı daha diqqətli olurlar. Yeri gəlmişkən, el arasında yarızarafat-yarıgerçək işlədilən bir fikir də var: cavana gedən yumruq görər, yaşlıya gedən quyruq. Amma bütün hallarda tibb də sübut edir ki, insanlar yaşlandıqca nəsilartırma qabiliyyətləri də zəifləyir. Bu baxımdan gec evlənənlərin övladlarının olmamaq riski də var...
Mənbə: Milli.Az

 

20 oktyabr 2014
GO BACK