Bu günlərdə Amerika Milli Aerokosmik Agentliyinin (NASA) “Hİ-SEAS” (“Hawaii Space Exploration Analog and Simulation”) proqramı çərçivəsində Marsa uçmaq üçün astronavtlar seçdiyini və onların planetlərarası kosmik gəmini imitasiya edən xüsusi kapsulda 6 ay ərzində qalacağını xəbər verilmişdi.
Xəbərin sensasion tərəfi o idi ki, bu missiyanın üzvlərindən biri azərbaycanlıdır. Allen (Ələkbər) Mirqədirov adlı həmin azərbaycanlı 10 il ABŞ Hərbi-Hava Qüvvələrində xidmət edib. Mirqədirov hazırda isə NASA-nın Virciniyadakı sınaq mərkəzində mühəndis kimi çalışır.
ANS PRESS-in məlumatına görə, virtualaz.org Allen Mirqədirovla əlaqə yarada və onunla söhbətləşə bilib.
A.Mirqədirov Marsa uçmaq üçün hazırlıq keçən ekipajın tərkibində Havay adalarındakı mərkəzdə xüsusi kapsula daxil olmazdan əvvəl (proqram bu gündən başlayıb) bu missiyada iştirakından və hələ uşaqlıqdan kosmonavt olmaq arzusundan danışıb.
-Allen, özünüz haqda məlumat verərdiniz. Harada anadan olmusunuz, böyümüşünüz, təhsil almışınız?
-Mən 1979-cu il, mayın 5-də Bakıda anadan olmuşam. Bizim ailəmiz “8-ci kilometr”də, Tofiq Abbasov küçəsi, ev 30-da yaşayırdı. 1-ci sinifdən 6-cı sinfə qədər 145 nömrəli məktəbdə oxumuşam. Bir bacım, üç qardaşım var. 1991-ci ilin yayında ailəmlə birlikdə Bakını tərk edib ABŞ-a köçmüşük. Burada bir neçə ştatda, o cümlədən Arizonada, Havayda, Koloradoda, Kaliforniyada və Merilenddə yaşamışam. Mənim Bakıda hələ də qohumlarım və dostlarım qalır. Çalışıram hər 1-2 ildən bir onlarla görüşmək üçün Bakıya gəlim.
Təhsilimə gəldikdə isə mən Amerika Hərbi-Hava Akademiyasında (USAFA) kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi almışam.
Təhsilimi başa vurandan sonra 10 il ərzində ABŞ Hərbi-Hava Qüvvələrində xidmət etmişəm. 2010-cu ildə isə NASA-nın orbital missiyalarında uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunmuşam. İndiyə qədər də orada işləyirəm.
-Niyə bu cür kifayət qədər qeyri-ordinar peşəni seçdiniz? Asan olmayan bu yolu seçərkən hansı motivasiyanız var idi?
-Mən bu peşəni ona görə seçdim ki, son məqsədim kosmonavt, yaxud Amerikada deyildiyi kimi, astronavt olmaq idi. Bu məqsədimə çata bilmək üçün illərlə işləmişəm. İndi mənim qarşımda dayanan missiya irəliyə böyük addım olacaq.
-Bu missiya haqda məlumat verə bilərsinizmi? Şəxsən bu qeyri-adi təcrübədə iştirak etməklə hansı nəticə çıxarmağa hazırlaşırsınız?
-“Hİ-SEAS 3” missiyası ilk növbədə Marsa 8 aylıq uçuş imitasiyası zamanı ekipajın hazırlığını, bir-birinə uyğunlaşmaq dərəcəsini müəyyən etmək üçün mümkün qədər çox informasiya toplamağa yönəlib.
Mənim bu missiya ərzində şəxsi araşdırma layihəm Marsa uçuş zamanı baş verə biləcək bir neçə astronomik hadisəni modelləşdirməkdən ibarət olacaq. Həmçinin mən Yer-Mars-Yer trayektoriyasının optimallaşdırılması üzərində çalışacağam. Bunun üçün xüsusi “Systems Tool Kit” proqramından istifadə olunacaq.
Məsələn, mənim qarşımda Günəş sistemində 2084-cü ildə - Veneranın Günəş diski qarşısından keçəcəyi ildə baş verəcək real astronomik hadisələri modelləşdirmək və bu hadisələri kompüter modelləşdirilməsinin köməyi ilə əks etdirmək vəzifəsi dayanır.
Bundan əlavə, mən bu missiya ərzində mümkün qədər çox texniki və psixoloji təcrübə qazanmağa çalışacağam. Ümid edirəm ki, bu təcrübə mənə nə vaxtsa Marsa real missiyada yer alarkən lazım olacaq.
-Bəs layihənin başa çatmasından sonrakı planlarınız nədir? Əgər Marsa real uçuş şansı əldə etsəniz, bundan istifadə edərdinizmi?
-Missiya başa çatandan sonra mən NASA-dakı işimə geri dönəcəyəm. Gələcək planlarım dəyişməz qalır. Mən əvvəlki kimi öz əsas məqsədimə çatmaq - astronavt olmaq üzərində işi davam etdirəcəm. Çünki kosmik araşdırmalara və kəşflərə öz töhfəmi vermək istəyirəm. Əgər doğrudan da Marsa uçmaq şansı əldə etsəm, bir an belə tərəddüd etmədən bu şansdan istifadə edəcəyəm.
-Bəs Marsa uçsanız özünüzlə hansı 5 kitabı götürərdiniz?
-Lev Tolstoyun “Dirilmə” kitabını, Azərbaycan mətbəxi haqda kitab (şübhəsiz ki, mən Marsda sevimli yeməyimi hazırlaya bilmərəm, ancaq bu, o demək deyil ki, mən bu yemək haqda xəyallar qura bilmərəm), Daniel Defonun “Robinzon Kruzo” əsərini, Puşkinin şerlərinin tam külliyyatını və Molla Nəsrəddinin lətifələrindən ibarət seçmələri. Təxminən bunlar.
-Sizin sevimli qəhrəmanınız varmı? Əgər varsa, bu qəhrəman sizin həyatınızda hansı rol oynadı?
-Mənim bir neçə sevimli qəhrəmanım var. Ancaq özümə baş qəhrəman olaraq Yuri Qaqarini qəbul etmişəm. Ona həmişə böyük həsədlə baxmışam, çünki o, insan təxəyyülünün sərhədlərini aşıb keçdi və sonda öz həyatını kosmik səyahətlər, araşdırmalar yolunda qurban verdi. Ümid edirəm ki, nə vaxtsa onun yolunu təkrar etmək şansım olacaq.
-Boş vaxtlarınızda nə işlə məşğul olursunuz, sevimli hobbiniz nədir?
-Boş vaxtlarımı ailəmlə keçirməyə çalışıram, idman edirəm, futbol oynayıram, üzgüçülüklə, basketbolla məşğul oluram. Səyahət etmək, dünyada olmadığım yerlərə getmək xoşuma gəlir. Bundan əlavə, Azərbaycan və rus mətbəxindən yeməklər hazırlamağa böyük həvəsim var. Ola bilsin ki, nə vaxtsa bu, başqa planetdə mənim köməyimə gələcək.
Mənbə: ANS PRESS